Zahid Oruc əməkdaşlıq üçün iqtisadçılara müraciət edib

Zahid Oruc əməkdaşlıq üçün iqtisadçılara müraciət edib

15-02-2019 12:46 / Bu xəbər 1155 dəfə oxundu

"Fərqli dünyagörüşü daşıyan istənilən fikir adamı ilə işgüzar münasibətlərə hazırıq''

Sosial Tədqiqatlar Mərkəzinin (STM) bir nömrəli vəzifəsi istər beynəlxalq təşkilatlar, istərsə də yerli institutlar, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə çiyin-çiyinə çalışmaqdır.

Bu barədə STM-nin sədri, deputat Zahid Oruc müraciətində deyilir.

Onun sözlərinə görə, Sosial Tədqiqatlar Mərkəzinin yaradılması dövlət və vətəndaş arasında sağlam, etibarlı və dürüst əlaqələrin formalaşması məramından irəli gəlib.

"Hər kəs əmin olsun ki, təkcə mövqeyi dövlətin iqtisadi-siyasi xətti yaxın olan iqtisadçılarımızla deyil, eləcə də fərqli dünyagörüşü daşıyan istənilən fikir adamı ilə ünsiyyətə, əməkdaşlığa və işgüzar münasibətlərə hazırıq. Hörmətli iqtisadçılar Vüsal Qasımlı, Rövşən Ağayev, Samir Əliyev və onlarla tanınan, yaxud tanınmayan insanlar bizə öz köməyini göstərəcəksə, onlardan qətiyyən imtina etmək fikrində deyilik”.

İqtisadçı Samir Əliyev Meydan TV-yə STM sədrinin müraciətini müsbət dəyərləndirdiyini söyləyib və bildirib ki, Zahid Orucla əvvəllər tədbirlərdə görüşüb, müxtəliv mövzularda söhbətləri olub.

"Əməkdaşlığa gəlincə, biz dövlət qurumları ilə həmişə əməkdaşlıq etmişik. Son vaxtlar Vergilər Nazirliyi ilə müvafiq məcəllə ətrafında müzakirələrimiz olub, Mərkəzi Bankla əməkdaşlıq olub. Başqa dövlət orqanlarına rəy və təkliflərimizi təqdim etmişik. Hökumət də dövri olaraq onların bir hissəsini qəbul edib. Hər bir halda Zahid Orucun da rəhbərlik etdiyi mərkəzlə də əməkdaşlığa hazırıq, hətta təklif olmasaydı da rəy və təkliflərimizi göndərərdik. Əgər tədbirlər keçirəcəklərsə, dəvət olunacayıqsa, məmnuniyyətlə qatılacağıq”.

Samir Əliyev

O deyib ki, onlar müəyyən sorğular keçirirlər və nəticələrini təqdim edəcəklər: "Məsələlərə obyektiv yanaşır, hansısa qrupu, mənafeyi təmsil etmirik. Biz öz tərəfimizdən olan işləri görəcəyik, qalan işlər mərkəzlikdir”.

Onun həmkarı Rövşən Ağayev bildirib ki, onların fəaliyyəti indiyə qədər hökumət siyasətinə yaxşı mənada təsir göstərmək, cəmiyyətin inkişafına töfhə vermək olub. Onun sözlərinə görə, 2003-cü ildən sonra ictimai büdcə, aqrar sektorun inkişafı, iqtisadiyyatın diverfikasiyası, neft gəlirlərinin mənfi təsirlərinin azalması ilə bağlı bir neçə müxtəlif araşdırmaların ya müəllifi, ya da həmmüəllifi olub:

Rövşən Ağayev

"Büdcə sistemi ilə bağlı 2008-ci ildə Azər Mehtiyevlə böyük təhqiqat aparmışıq, 2014 və 2016-cı illərdə təhqiqat yenilənib. Yaxud 2011-ci ildə kənd təsərrüfatı kooperativləri barədə kitab nəşr etmişik, 2016-cı ildə hökumət "Yol xəritəsi”ni qəbul edəndə bu məsələni sənədə daxil edib və bunun əsasında qanun qəbul olunub. 2017-ci ilin sonunda isə prezident fəaliyyət planını təsdiqləyib. Yəni biz vətəndaş cəmiyyəti olaraq sözümüzü gücümüz və biliyimiz çərçivəsində demişik, bundan sonra da deyəcəyik. Bu, bizim missiyamızdır. Yenə təklif olacaqsa, işləməyə hazırıq”.

Prezident İlham Əliyev fevralın 8-də Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında fərman imzalayıb. Deputat Zahid Oruc fevralın 11-də mərkəzin İdarə Heyətinin sədri təyin olunub. 

Əslən Gədəbəy rayonundan olan Zahid Oruc 2001-ci ildən bəri deputat mandatı daşıyır. Bundan əvvəl o, Ana Vətən Partiyasının üzvü, həmin partiyaya məxsus "Ana vətən” qəzetinin baş redaktoru olub. 2013-cü ildə prezidentliyə namizədliyini verib və partiyanı tərk edib.