YAP seçki ilə bağlı ümumrespublika müşavirəsi keçirdi

YAP seçki ilə bağlı ümumrespublika müşavirəsi keçirdi

11-02-2018 00:26 / Bu xəbər 1847 dəfə oxundu

Fevralın 10-da Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. 

APA-nın YAP-ın saytına istinadən verdiyi xəbərə görə, baş nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov müşavirənin aprelin 11-də ölkədə keçiriləcək prezident seçkiləri ilə əlaqədar olduğunu bildirib. 

Prezident İlham Əliyevin bu barədə sərəncam imzaladığını xatırladan Əli Əhmədov artıq Yeni Azərbaycan Partiyasının seçkilərdə prezidentliyə namizədini irəli sürdüyünü diqqətə çatdırıb: "Hesab edirəm ki, partiyamızın Qurultayının qərarı Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin birmənalı şəkildə dəstəklədiyi qərardır. Çünki Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycan bütün sahələr üzrə böyük inkişaf mərhələsi keçib, hər bir vətəndaşın həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib, bütövlükdə ölkəmizin siması köklü surətdə dəyişib. Eləcə də, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi güclənib, nüfuzu daha da artıb. YAP bu reallıqlar fonunda seçkilərə gedir. Bütün bu gerçəkliklər Prezident İlham Əliyevin reytinqini əhəmiyyətli dərəcədə yüksəldib”. 

YAP Sədrinin müavini qeyd edib ki, prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi Azərbaycanın növbəti 7 il ərzində inkişafının dəstəklənməsi deməkdir. 

Müşavirədə aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar YAP-ın yerli strukturlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.