Vergi müfəttişləri həbs edilib

Vergi müfəttişləri həbs edilib

18-01-2019 16:56 / Bu xəbər 1345 dəfə oxundu

Azərbaycanda vergi müfəttişləri həbs edilib.

Bu barədə bu gün, yanvarın 18-də Vergilər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilir.

Açıqlamada qeyd edilir ki, Vergilər Nazirliyinə daxil olmuş məlumat əsasında araşdırma aparılıb. 

Nəticədə Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin dövlət vergi müfəttişləri Elçin Qaybalıyev və Ziyad Lətifovun xidməti vəzifələrinin icrası zamanı hüquqazidd əməllərə yol verdiyinin aşkar edildiyi iddia olunur.

İddiaya görə, onlar Bakıdakı «24 saat» adlı marketin satıcısından 1000 manat məbləğində pulu rüşvət qismində alaraq öz aralarında bölüşdürüblər.

«Toplanmış materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib və faktla bağlı Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb», - açıqlamada yazılıb.

Bundan əlavə, Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin müfəttişi vəzifəsində işləmiş Ağa Məmmədov da qanunsuz əməllərdə ittiham edilir. Onunla da bağlı toplanmış materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.

Mətbuat xidmətləri bildirir ki, hər iki cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında E.Qaybalıyev və Z.Lətifova Cinayət Məcəlləsinin 311.3.1 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. A.Məmmədova isə 178.2.2 (dələduzluq-təkrar törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunub.

Onlar barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Hələlik, həbs edilən bu şəxslərdən və ya onların vəkillərindən ittihamlara münasibət öyrənmək mümkün olmayıb.