"Tofiq Yaqublu o zaman da Milli Şuranın üzvü idi" - Arif Hacılı

15-02-2018 23:40 / Bu xəbər 2153 dəfə oxundu

Müsavat Partiyası başqanı Arif Hacılı Tofiq Yaqublunun müavinlikdən azad etməsi ilə bağlı məsələyə münasibət bildirib. 

O bildirib ki, Tofiq Yaqublunun vəzifəsindən azad edilməsinin Milli Şuranın üzvü olması ilə əlaqəsi yoxdur: "Müavin və digər icra strukturlarına partiya üzvünün təyin olunması və ya xaric edilməsi partiya başqanının hüququdur. Tofiq Yaqublunu bu vəzifəyə mən təyin etmişdim, Tofiq Yaqublu o zaman da Milli Şuranın üzvü idi. Müsavat Partiyası isə artıq bu qurumdan çıxmışdı. Ona görə də bu qərarın Milli Şura ilə əlaqələndirilməsi əsassız və yersizdir". 

A.Hacılı qeyd edib ki, Müsavat Partiyası demokratik qüvvələrin bir araya gəlməsində maraqlıdır: "Demokratik qüvvələrin birlik məsələsinə gəldikdə isə bu barədə mənim müraciətim mətbuatda dərc olunub, videomüraciətim yayılıb. Müsavat Məclisinin bu barədə yekdilliklə qəbul edilmiş qərarı var. Ona görə də mənim bu qərarımın partiyalararası münasibətlərə xələl gətirməsi haqqında deyilənlər absurddur".

Arif Hacılı bu məsələnin belə geniş müzakirəsini təbii qəbul etdiyini bildirib: "Başqa təkəbbürlü təşkilatlarda kimin müavin və ya başqa vəzifəyə gəlməsi, vəzifədən ayrılmasından heç kəs xəbər tutmur. Hətta nazirlərin vəzifəyə təyin edilməsi, vəzifədən çıxarılması belə müzakirəyə səbəb olmur. İndi bu məsələ ətrafında gedən müzakirələr Müsavat Partiyasının əhəmiyyətinin, gücünün göstəricisidir".

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu fevralın 15-də vəzifəsindən azad olunub. Bununla bağlı partiya başqanı Arif Hacılı sərəncam imzalayıb. 

"Report.az"ın yaydığı məlumata görə, buna səbəb T.Yaqublunun paralel olaraq Milli Şuranın üzvü olması göstərilib. 

Müsavat Partiyası həmin təşkilatdan 2013-cü ildə çıxıb.

T.Yaqublu "Report”a açıqlamasında məlumatı təsdiqləyib. Lakin o, vəzifəsindən azad olunmasının səbəbləri barədə danışmaq istəmədiyini bildirib.///toplum.tv