Tələbələr Sərkisyanı istefaya çağırır

Tələbələr Sərkisyanı istefaya çağırır

23-04-2018 15:03 / Bu xəbər 3276 dəfə oxundu

Yerevan Dövlət Universitetinin və başqa ali təhsil ocaqlarının tələbələri aprelin 23-də Ermənistan paytaxtının küçələrinə axışıb. Şəhərin mərkəzində yürüş keçirən tələbələr tutulan aksiyaçıların dərhal azadlığa buraxılmasını, Serj Sərkisyanın baş nazir postundan istefa verməsini, növbədənkənar parlament seçkisi təyin olunmasını tələb edirlər.

Aksiyaya Yerevan Dövlət Universitetinin tələbələri ilə yanaşı Amerika Universitetinin, Rusiya-Ermənistan Universitetinin, Fransız Universitetinin, Pedaqoji Universitetin, Tibb Universitetinin tələbələri qatılıb.

Aprelin 13-dən başlayan davamlı aksiyalarda Serj Sərkisyanın hakimiyyətinin uzanmasına etiraz bildirilir. Aksiyalara parlamentdə 9 deputatla təmsil olunan müxalif "Çıxış” blokunun lideri, Vətəndaş Sazişi Partiyasının sədri Nikol Paşinyan başçılıq edib. Aprelin 22-də Nikol Paşinyan, "Çıxış” blokundan deputatlar Ararat Mirzoyan, Sasun Mikaelyan tutulub. Ancaq yürüş-mitinqlərin qarşısını almaq mümkün olmayıb.

Serj Sərkisyan 2008-ci ildən bu il aprelin 9-dək prezident postunu tutub, aprelin 17-si parlamentdə baş nazir seçilib və prezident sərəncamı ilə bu posta təsdiqlənib. 

Ölkə parlament idarə üsuluna keçdiyi üçün icra hakimiyyətinə rəhbərlik baş nazirə ötürülüb. Nikol Paşinyan və tərəfdarları Serj Sərkisyanın hakimiyyətdən getməsini tələb edirlər.///azadliq.info