"SSRİ niyə çökdü" sualına qısa cavab - Yadigar Sadıqov yazır

21-01-2018 00:54 / Bu xəbər 2678 dəfə oxundu

Yadigar Sadıqov

1973-cü ildə Ərəb-İsrail müharibəsindən sonra neftçıxaran ölkələrin OPEK təşkilatı İsraili dəstəkləyən ölkələrə neft satışını dayandırdı. 

Nəticədə həm tələbatın təklifi üstələməsi üzündən neftin qiyməti qalxdı, həm də yeni satış bazarı açıldı. 

Bundan da ən çox yararlanan ölkələrdən biri, bəlkə də, birincisi SSRİ oldu. Qısa müddət ərzində sovet eksportunda neft və qazın xüsusi payı öncə 2 dəfə, bir qədər sonra isə 3 dəfə artdı. 1980-ci ilıdə neftin qiyməti 35 dollara qədər qalxdı. 

Bu indiki kursa çevirəndə 90 dollara yaxın edirdi. Sovet vətəndaşlarının da az-çox normal yaşadıqları dövr də təxminən 1973-1983-cü illəri əhatə edən onillik oldu. 1981-ci ildən etibarən isə neft qiyməti enməyə başladı. 

1986-cı ildə barrelin qiyməti 10 dollardan aşağı düşdü. Yenicə hakimiyyətə gəlmiş Qorbaçova əsas ixrac məhsulu dəyərdən düşmüş, ağır xərclər tələb edən Əfqanıstan müharibəsi, heç cür müstəqil surətdə ayaqda dura bilməyən və dotasiya tələb edən kənd təsərrüfatı, əhalinin tələbatını təmin etməyən sənaye miras qalmışdı. 

Əsas səbəblərdən biri də ideoloji idi. Savadı, səviyyəsi və dünyagörüşü inkişaf edən sovet adamları 20-30-cu illərdə olduğu kimi kommunizm haqqında nağıllara inanmırdılar. Onları daha staxanovçuluq kimi əmək fədakarlığına cəlb etmək mümkün deyildi. 

Onlar "çürüməkdə olan", lakin heç cür çürüyüb qurtarmayan imperializmlə mübarizə naminə rəsmi mətbuatın "müvəqqəti çətinliklər" adlandırdığı, amma daimi olan məhdudiyyətlərə, əmtəə defisitinə dözmək istəmirdilər. 

Qorbaçovun SSRİ-ni xilas etmək cəhdləri uğursuz oldu. Əksinə alkoqol əleyhinə kampaniya kimi tədbirlər büdcə gəlirlərini azaltmaqla böhranı daha da dərinləşdirdi. 

SSRİ 70 il zorladığı iqtisadiyyatın qurbanı oldu. Bu qısır iqtisadi sistem yalnız 20-30-cu illərdə bir tərəfdən işıqlı gələcəyə inamdan doğan kütləvi entuziazm və fədakarlıq, digər tərəfdən də milyonlarla dustaq kimi ucuz işçi qüvvəsinin mövcudluğu sayəsində normal nəticələrə nail ola bilərdi. 

Hər iki amil ortadan qalxdıqdan sonra kollaps qaçılmaz oldu. O səbəbdən də SSRİ-nin çöküşünü xarici amillərlə, Qərbin istəyi ilə əlaqələndirmək tamamilə səthi yanaşmadır.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.