Siqaretə qoyulan limit sərtləşə bilər

Siqaretə qoyulan limit sərtləşə bilər

19-01-2018 15:29 / Bu xəbər 2017 dəfə oxundu

Şəxsi istehlak məqsədi ilə ölkəyə gətirilən siqaretin sayına qoyulan limit sərtləşdirilə bilər.

Dövlət Gömrük Komitəsi (DGK) bununla bağlı təklif verməyə hazırlaşır.

APA-nın xəbərinə görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bu gün, yanvarın 19-da keçirdiyi mətbuat konfransında deyib.

A.Əliyevin bildirməsinə görə, DGK ölkəyə şəxsi istehlak məqsədi ilə gətirilən siqaretin 3 blokdan 1 bloka qədər endirilməsi ilə bağlı Milli Məclisə müraciət edəcək:

"Müşahidə edilib ki, sərhəd bölgələrə yaxınlaşdıqca, əhalinin kənd təsərrüfatı sektoruna marağı azalır. Bu gün şəxsi istifadə üçün vətəndaşlar 3 blok siqaret gətirə bilər. Ancaq bəzən insanlar bundan sui-istifadə edirlər. Bunları nəzərə alaraq, Milli Məclisə müraciət edəcəyik. İnanırıq ki, bizim bu təklifimiz qəbul ediləcək".

Azərbaycanda bəzi insanlar qonşu İran və Gürcüstana gedərkən özləri ilə şəxsi istifadə məqsədi ilə bir neçə blok siqaret gətirirlər. 

Həmin adamlardan bəziləri AzadlıqRadiosuna deyiblər ki, bir çox hallarda gömrükdə hətta qanunla icazə verilən həddə siqaretin keçirilməsinə imkan verilmir.

Ekspertlərin fikrincə, bəzi imkansız insanlar bundan biznes məqsədi ilə də istifadə edirlər. Ölkəyə 3 blokdan artıq siqaret gətirənlər isə buna görə rüsum ödəyirlər.

Bu ildən siqaret idxalına tətbiq edilən gömrük rüsumu da 2 dəfə artırılıb.