"Seçkilərdən sonra iqtidar-müxalifət toqquşması baş verəcək"

08-02-2017 23:37 / Bu xəbər 2039 dəfə oxundu

Ermənistanda parlament seçkiləri ərəfəsində yaradılan siyasi bloklardan birinə başçılıq edən Ermənistan sabiq prezidenti Levon Ter-Petrosyan yerli mediada daha çox Qarabağla bağlı sülh istəyən tərəf kimi təqdim olunur. Maraqlıdır, Petrosyanın təmsil olunduğu "Erməni Milli Konqresi” və "Xalq partiyası" bloku seçkidə qalib gələrsə, Qarabağ münaqişəsi ilə bağlı hansı yeniliklər ola bilər? 

Aydın Mirzəzadə: "Onların siyasəti 90-cı illərin siyasətidir"

Deputat Aydın Mirzəzadə Toplum.Tv-yə bildirib ki, onlar sülh dedikdə, Azərbaycana qarşı hərbi və siyasi təzyiqlərin gücləndirilməsini nəzərdə tuturlar. 
Картинки по запросу aydın mirzəzadə
Onun sözlərinə görə, Ermənistanda mövcud olan siyasi qüvvələr Azərbaycanın ərazi bütövlüyünü tanımır: "Bu gün Ermənistanda mövcud olan siyasi qüvvələrin heç biri reallığı qəbul etmir və Azərbaycanın ərazi bütövlüyünü tanımır. Levon Ter-Petrosyanın dövründə Azərbaycana qarşı elan olunmuş müharibə aparıldı və torpaqlarımızın 20 %-i işğal olundu. Həmin Petrosyandır ki, onun komanda üzvləri Azərbaycana qarşı həmin siyasəti davam etdirirlər. Onlar sülh dedikdə ilk növbədə, Azərbaycana qarşı hərbi və siyasi təzyiqlərin gücləndirilməsini nəzərdə tuturlar. Lakin onlar unudurlar ki, onların siyasəti 90-cı illərin siyasətidir. Azərbaycan 90-cı illərin Azərbaycanı deyil, indi daha qüdrətli, peşəkar və dünya standartlarına cavab verən dövlətdir. Keçən ilin aprel hadisələri göstərdi ki, Azərbaycan problemi həll etmək üçün bütün variantlardan istifadə edə bilir".

Elxan Şahinoğlu: "Seçkilərin şəffaf və demokratik olacağını gözləmirəm"

Politoloq Elxan Şahinoğlu Petrosyanın rəhbərlik etdiyi blokun qalib gələ bilməyəcəyini deyib: "Aprel ayında keçirilməsi planlaşdırılan parlament seçkilərinin Ermənistanda şəffaf və demokratik olacağını gözləmirəm. Konstitusiya dəyişikliklərinə görə əsas səlahiyyət  sahibi prezident yox, parlament və baş nazir olacaq. Ona görə də Serj Sarkisyan və onun partiyası əlindən gələn hər şeyi edəcək ki, parlamentdə çoxluğu əldə etsin. Petrosyan haqlı olaraq deyir ki, indiki vəziyyətdə Ermənistanı yaxşı gələcək gözləmir".
Картинки по запросу Elxan şahinoğlu
Siyasi şərhçi qeyd edib ki, blok yaradılsa da, ciddi bir hadisə baş verməsə, hakimiyyət müxtəlif yollarla yenə də parlamentdə səs çoxluğunu özündə saxlamağa çalışacaq və seçkilərdən sonra yenidən iqtidar-müxalifət toqquşması baş verəcək. 

Zərdüşt Əlizadə: "Qarabağın Azərbaycana qaytarılması  xam xəyaldır"

Politoloq Zərdüşt Əlizadə də açıqlamasında seçkilərdə Levon Ter-Petrosyanın başçılıq etdiyi blokun qələbə ehtimalının aşağı olduğunu bildirib: "Ermənistan seçkilərində demokratiyadan heç bir əsər-əlamət yoxdur. Petrosyanın başçılıq etdiyi blokun qələbə ehtimalı çox aşağıdır. Amma ola bilsin ki, parlamentdə daxil olub müəyyən azlığı təşkil edə bilər. Azərbaycan anlayır ki, bu bəladan birdəfəlik can qurtarmaq mümkün deyil. Addım-addım etimadı bərpa etmək və yavaş-yavaş bu məsələni həll etmək olar. Ona görə də, Levon Ter-Petrosyanın rəhbərlik etdiyi bu partiyanın və blokun parlamentdə müəyyən səs qazanması Azərbaycana xeyirdir".
O həmçinin bildirib ki, Dağlıq Qarabağın Azərbaycana qaytarılması  xam xəyaldır və  indiki siyasətlə bu, mümkün deyil, amma sülh istiqamətində hər hansı bir irəliləyiş ağlabatandır.

Ermənistanda növbəti parlament seçkiləri 2017-ci il aprelin 2-də keçiriləcək. Bu, Ermənistanda parlamentə 6-cı çağırış Parlament seçkiləridir. 

Alya A.