Şəffaflığın tələb edilməsi niyə qəzəb yaradır?

Şəffaflığın tələb edilməsi niyə qəzəb yaradır?

20-02-2019 16:13 / Bu xəbər 1267 dəfə oxundu

Ələsgər Məmmədli
Media hüququ eksperti

Cəmiyyətdə hüquqşünas, vəkil adı çəkiləndə hörmətlə anılan, ilk adı çəkilən şəxslərin sayı iki əlin 10 barmağını keçməyəcək qədər azdır. 

Bu azlıqda olanlardan biri də vəkil Adil İsmayilovdur. Adil müəllim yumşaq təbiəti, peşəkar fəaliyyəti ilə sifarişsiz hörmət görən şəxslərdəndir.

Dünən Adil müəllim bir status yazaraq, vəkilliklə bağlı onsuz da cəmiyyətdə mövcud olan problemlər və gözləntilərə yeni bir ilmə əlavə edib. 

Vəkillər Kollegiyasının fəaliyyətinin şəffaflığının təmin edilməsi və vəkilliyin imici baxımından faydalı olacaq müəyyən sualların aydınlaşdırılmasını gözlənti olaraq ifadə edib və Kollegiyanın rəhbərliyinə ünvanlayıb.

Statusun altında həmkarlarının yanaşması ciddi sosioloji təhlilə ehtiyac olduğunu düşündürür. (!)

Qoyulan suallara və "şaiyələrə" veriləcək cavab yalnız faktlarla, sübutla, sənədlə olanda iknaedici olur. Təhqirlə, aşağılamaqla, şəxsə hücumla suallar cavablanmaz, şübhələr dərinləşər... 

Adil müəllim əsslində çox aydın bir tələb qoyub, şəffaflıq. Şəffaflıq tələb olunması nədən vəkilləri qəzəbləndirib, aydın deyil. Bəzi vəkillər şəffaflıq məsələsini vəkillərin daxili mətbəxinin problemi kimi görüb, müzakirəyə çıxarmanı qınayır. Çox təəccüblüdür. Məgər şəffaflığın tələb edilməsi qəzəb yaratmalıdır? 

O zaman Azərbaycan Respublikası Prezidentinin 22 Fevral 2018-ci il tarixli Sərəncamı da vəkilləri qəzəbləndirməlidir. Prezident, icra qurumu olmayan Vəkillər Kollegiyasına öz tövsiyələrini verir və " 2.6. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fəaliyyətində şəffaflığın artırılması və ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi ilə bağlı tədbirlər görsün", - deyir. 

Yəni Adil müəllimin qaldırdığı məsələlərin-şəffaflığın təmin edilməli olduğunu deyir. 

Qaldırılan suallar, məsələlər ciddi ictimai əhəmiyyətlidir:

1. Çünki tam bir il öncə Prezident məhz vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb, həmin Sərəncamda Nazirlər Kabinetinə cəmi 2 ay vaxt verib ki, "Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin və Kollegiyanın digər strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onun Bakı şəhərində müvafiq bina ilə təmin olunması üçün tədbirlər görsün". 

İndi məlum olur ki, Prezidentin Sərəncamından 12 ay keçib, NK Sərəncamı icra etməyib, Vəkillər Kollegiyası 8000 manat vəsaiti mülkiyyətçisinin "açıqlanmadığı" bir şəxsə (?) ayda icarə pulu olaraq ödəyir. Bu ciddi ictimai əhəmiyyət daşıyan və müzakirəyə ehtiyac yaradan məsələdir, cənablar! 

2. Prezidentin həmin Sərəncamında NK-ə 2 ay ərzində "Azərbaycan Respublikasının regionlarında apellyasiya məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin və inzibati-iqtisadi məhkəmələrin yerləşdikləri Gəncə, Lənkəran, Sumqayıt, Şəki və Şirvan şəhərlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkil qurumlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onların müvafiq binalarla (yerlərlə) təmin olunması üçün tədbirlər görsün" deyib. 

10 ay keçib, sadəcə NK 30 noyabr 2018-ci ildə Şirvan Şəhərində Vəkillər Kollegiyasına Şirvan şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, 12 ünvanında yerləşən dördmərtəbəli inzibati binanın birinci mərtəbəsindəki 188.7 kv.m qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının əvəzsiz istifadəsinə verilməsinə dair qərar verib. Digər 4 şəhərdə yer ayrılmayıb və Sərəncam icra edilməyib. 

3. Yenə həmin Sərəncamda Prezident Nazirlər Kabinetinə 2 ay vaxt verib və "Azərbaycan Respublikası Vəkillər Kollegiyasının maddi-texniki təminatı ilə bağlı məsələlərin həlli üçün tədbirlər görsün, o cümlədən Kollegiyanın istifadəsində olan binaların təmiri, zəruri kompüter avadanlığının və digər avadanlığın, habelə nəqliyyat vasitələrinin alınması məqsədilə vəsait ayırsın."- deyib. 

Nazirlər Kabinetinin saytında, e-qanun.az saytında axtarırsan, NK-nin belə bir qərarı yoxdur. Kollegiyanın internet saytında da bu barədə məlumat yoxdur. Yəni binaların təmiri, avadanlığın, maşının və s. alınması baş verməyib. Lakin Adil müəllimin sttausundan sonrakı müzakirədə məlum olur ki, "yaxşı oğlanlar" öz mənbələri hesabına NK-ə tapşırılan işləri bala-bala görürlər. Deməli, Adil müəllimin qaldırdığı məsələ əslində çox ciddi ictimai müzakirə olunmalı məsələ imiş. 

Barmaqlarına güc verib, Adil müəllimə cavab yazan vəkil dostlarımız, əslində üzvü olduğu Kollegiyanın toplanaraq nədən Prezidentin Sərəncamından 1 il keçməsinə və verilən vaxtdan 10 ay keçməsinə baxmayaraq, Sərəncamın cüzi icra edilən bəndləri istisna olmaqla, əsasən icrasız qalmasını qaldırmayıb, ictimailəşdirməyib? 

Mən şəxsən bu statusdan sonra xırda araşdırma ilə bu qədər problemləri ortaya çıxardım. 

Bəli, obyektiv olmaq, dürüst olmaq önəmlidir, amma gərək öncə hər kəs öz davranışında, əməlində bunu tətbiq etsin, dürüst olsun!

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.