"REAL-ın təklifini "neytrallaşdırmaq" üçün verilən sərəncamdır" - İlqar Məmmədov

15-02-2019 10:17 / Bu xəbər 1788 dəfə oxundu

"Prezidentin sərəncamı tələbələri və onların valideyinlərini qane edə bilməz".

Bunu Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov deyib.

O bildirib ki, təhsil sahəsində köklü islahatlara ehtiyac var: "REAL üç ay əvvəl isbat elədi ki, ali təhsilin əlçatımlılığı bərbaddır: İlham Əliyevin hakimiyyəti illərində pulsuz təhsil almaq imkanları dəfələrlə azaldı. Kasıb ailələrdən olan uşaqların təhsil həvəsinə qoyulan bu vergi ləğv edilməlidir. REAL üç aydır imza toplayır. Yaxın həftələrdə onları 40 min sayında Milli Məclisə göndərib ali təhsilin cari dərs ilindən başlayaraq tamamilə pulsuz edilməsi haqqında qanunvericilik təşəbbüsümüzü rəsmən təqdim edəcəyik. Əlbəttə, köklü islahat aparılandan sonra pullu bölmələr də ola bilər, amma hazırki durumda bu heç bir məntiqə sığmır. Cavab olaraq, bu gün İlham Əliyev sərəncamı ilə bəyan etdi ki, gələn tədris ilindən təqaüd alan tələbələrin sayı indiki 31 faizdən 45 faizə artırılsın".

"Bu, REAL-ın təklifini "neytrallaşdırmaq" üçün verilən sərəncamdır. Tələbələr və onların valideyinləri bundan hələ xeyir görüb-görməyəcəyi böyük sual altındadır. Məsələn, təqaüdün məbləğinin gələcəkdə necə dəyişəcəyi göstərilmir, deməli, bu sərəncamın pulunu hazırda təqaüd alan tələbələr ödəmiş ola bilərlər, birbaşa ya da dolayısı ilə. Biz təkid edirik ki, köklü islahat aparılmayınca, pullu ali təhsildən söz gedə bilməz", - İlqar Məmmədov.

Xatırlatma

Prezident İlham Əliyev fevralın 15-də doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlər aşağıdakı məbləğlərdə müəyyən edilir: 

- Doktorantura pilləsi üzrə:
elmlər doktoru hazırlığı üzrə doktorantlara - 300 manat
fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 180 manat 

- ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:
adlı təqaüd alan tələbələrə – 170 manat 

- magistratura səviyyəsi üzrə: 
akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 145 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 120 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 80 manat

- bakalavriat səviyyəsi üzrə: 
akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 130 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 110 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 75 manat 

- orta ixtisas təhsili müəssisələrində: 
akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 75 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 60 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 50 manat 

- Peşə təhsili müəssisələrinin tələbələrinə – 50 manat.

Sərəncam 2019-cu il martın 1-dən qüvvəyə minəcək.