REAL: "Bu, cümhuriyyətçilərə siyası təzyiqdir"

REAL:

08-06-2018 19:06 / Bu xəbər 993 dəfə oxundu

ReAl Partiyası iyunun 8-də inzaibati qaydada həbs olunan realçı Anar Məmmədovla bağlı bəyanat yayıb. 

Bəyanatda deyilir: 

"ReAl Partiya Məclis üzvü Anar Məmmədovun 10 gün müddətinə inzibati qaydada həbs edilməsini, o cümlədən digər üzvlərə qarşı atılan qanunsuz addımları cümhuriyyətçilərə qarşı davam edən siyasi təzyiq cəhdi kimi qiymətləndirir və bu addımların heç birinin hakimiyyətin istədiyi nəticələrə gətirib çıxarmadığını bəyan edir. 

Belə ki, 28 may tarixində bir qrup vətəndaş cəmiyyəti nümayəndəsi ilə təşkil edilən Cümhuriyyətin 100 illiyi ilə bağlı tədbir və bu tədbirə görə hakimiyyət tərəfindən həyata keçirilən həbslər və digər qanunsuz addımlar fonunda partiya pozitiv rəylər və nəticələr almaqdadır".

"ReAl baş verənlərin siyasi opponentə qarşı yolverilməz hal olduğunu siyasi hakimiyyətin diqqətinə çatdırır və hüquq-mühafizə orqanlarının siyasi mübarizədə sui-istifadəni dərhal dayandırmağı tələb edir. ReAl Azərbaycan insanını ictimai və siyasi fəaliyyətə daha fəal qoşulmağa və Cümhuriyyət amallarının qalib gəlməsinə dəstək göstərməyə dəvət edir!", - bəyanatda deyilir. 

ReAL partiyasının üzvü Anar Məmmədov iyulun 7-də saxlanılıb.

O, Yasamal Rayon məhkəməsinin hakimi Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə 10 sutka inzibati cəza alıb.

Məlumatı Meydan TV-yə Anar Məmmədovun atası Azad Məmmədov verib.

Azad Məmmədov bildirib ki, oğlunu dünən evdən həyətə çağırıblar, guya, maşını sürərkən qonşunun maşınına sürtüb:

"Halbuki, elə şey olmayıb. Sonra dedilər ki, həyətdə söyüş söyürmüş. Əlbəttə, bunlar yalandır, Anarı 28 May yürüşünə görə tutublar. Məhkəmədə də ona İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi oxundu. Biz apelyasiya şikayəti verəcəyik”.

28 May Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 100-cü ildönümündə keçirilmiş bayram yürüşündən sonra ReAL Partiyasının dörd üzvü 30 sutka inzibati həbsə məruz qalıblar.