Qudurmuş kraliça

Qudurmuş kraliça

10-12-2018 00:30 / Bu xəbər 1241 dəfə oxundu

Alya Yaqublu

Diriykən ölüm saçan Madaqaskar Kaliqulası ölümüylə də insanlara ölüm gətirib 

"Zəif və savadsız qadındır, belə böyük imperiyanı necə idarə edə bilər deməyi ağlınıza belə gətirməyin. Mən allahlara yalvarmayacam, mənim allahlarım - mənim xələflərimdir. Mənim krallığımın sərhəddi okean başlayan yerdə bitır, onun bir qarışını da düşmənlərə güzəştə getmərəm!”

Madaqaskar kraliçası Ranavalona bunları 12 iyun 1829-cu ildəki tacqoyma mərasimində deyib. Tarixdə ən sərt diktatorlardan biri kimi tanınan, qəddarlığına görə sağlığında "qudurmuş kraliça”, öləndən sonra "ətəkli Kaliqula” ləqəblərini qazanmış bu qadın sözünü tutub – onun hakimiyyəti dönəmində heç bir dövlət Madaqaskarı müstəmləkəyə çevirə bilməyib.

Ranavalonanın tənqidçiləri əsasən xristian missionerlər, səyahətçilər və tacirlər – onun ölkədən qovduğu əcnəbilər (yəni ondan narazı olan insanlar) olub. Amma onların rəylərində subyektivlik izləri axtarmağa dəyməz. 33 illik hakimiyyəti ərzində yüzminlərlə insanın ölümünə fərman verməsi faktı kraliça Ranavanolanın öz ləqəblərinə layiq biri olduğuna inanmaq üçün kifayət qədər ciddi əsasdır.

****

Şahzadə Ramavo 1788-ci ildə, Madaqaskarın paytaxtı Antananarivudan 25 km aralıda yerləşən Ambatomanoindəki kral iqamətgahında - şahzadələr Andriantsalamanyak və Rabolonandriantomponun ailəsində anadan olub. Ramavo hələ balacaykən kral Andrianampoynimerinuya (1787-1810) qarşı sui-qəsd planından xəbər tutan atası bu haqda ona xəbər vermiş, kral da əzəzində Ramavonu oğlu və vəliəhdi Radamaya nişanlayıb bəyan etmişdi ki, sonrakı vəliəhd bu cütlüyün övladlarından biri olacaq. Amma bu nikah Ramavoya heç də xöşbəxtlik gətirməmiş, Radamanın 12 arvadından ən az seviləni o olmuşdu. Hətta heç sevilməyəni də demək olar, çünki şahzadənin ondan uşağı yox idi. Ona görə də Radamadan sonrakı vəliəhd məsələsinin kral ailəsi üçün ciddi problemlər doğuracağını hələ o zaman təxmin etmək olardı.

Hakimiyyətinin 18-ci ilində Radama vəfat edir - bəzi mənbələrə görə sifilis və ya qaraciyər sirrozundan, bəzi mənbələrə görəsə zəhərlənmədən. İkincilərin iddiasına görə, kimsə kralın çayına sianist-kalium damcılatmışdı və o çayı içəndən sonra Radamanın bədənində elə şiddətli ağrılar başlamışdı ki, tez ölsün deyə o, boğazındakı damarları kəsmişdi.

Radamanın ölümündən sonra taxtın qanuni varisi onun bacısı oğlu şahzadə Rakotobe sayılırdı. Amma yerli adətlərə görə Ramavonun hətta ərinin ölümündən sonra doğacağı uşaq da eks-kral Radamanın övladı və deməli, həm də taxtın varisi hesab edilirdi. Bu isə o deməkdi ki, Rakabote hakimiyyətə yiyələnən kimi keçmiş birinci ledini yox etmək fikrinə düşə bilər. Ramavo bu təhlükəni önləmək məqsədilə (ya da daha əvvəl qurduğu plan üzrə) dərhal hərəkətə keçdi. Ərinin Qərb yönümlü siyasətindən (xristian missionerlərə loyal münasibətindən, onlara krallıqda məktəb açmaq icazəsi verməsindən, iki oğlunu təhsil almaq üçün İngiltərəyə göndərməsindən) narazı olan din xadimləri və mühafizəkarlarla birləşib öz kəndçiləri olan hərbiçilərin köməyilə kral sarayını ələ keçirdi, bir vaxtlar ərinin etdiyi kimi, tacqoyma mərasiminə qədər bütün potensial rəqiblərini məhv etdi. Rakabote, onun anası və digər sülalə mənsubları ya boğularaq, ya da ac saxlanaraq öldürüldülər (Kral ailəsinə aid şəxsləri qan tökərək öldürmək qadağan idi).

****

Üzünə yenicə öldürülmüş öküzün qanı çəkilərək kraliça elan edilən Ramavo (Ranavalano – "kənarlaşdırılmış”) həmin mərasimə Fransa monarxlarının geydiyi libasda gəlmişdi. Həyatının son gününə qədər o, fransız qadınlar kimi geyinəcəkdi. İlk dövrlərdə Qərblə əməkdaşlıq siyasətini davam etdirmək xəttini seçən, sonradan hökumətdəki konservativ qanadın təsiri altına düşüb Qərb müdaxiləsinə qarşı mübarizə aparan Ranavalonanın Avropaya münasibəti ikiliydi – fransızların həyat tərzi onu valeh edirdi, o öz saray əyanlarını müxtəlif dövrlərə aid Fransa libasları geyinməyə məcbur edirdi, Fransadan gətizdirdiyi piano da onun vazkeçilməzlərindəniydi, ovqatının yaxşı vaxtında yanına gələnlər xaric, heç kim ona toxuna bilməzdi.

Ranavanolanın taxta çıxması merinlər üçün əlahiddə hadisə deyildi, merin mədəniyyətində güclü ana xətti elementi vardı. Qadın hökmdar olayı daha əvvəl Vazimba krallığında baş vermiş olsa da, Merina krallığının (1540-1897) ilk kraliçası məhz Ranavalona idi.

Haşiyə: Arxeoloji qazıntılar zamanı Madaqaskarda 10 min il əvvələ aid qida qalıqları aşkar edilib. B.e.ə. 4-cü və b.e. 6-cı əsrləri aralığında məskunlaşmış bu bölgəyə ilk olaraq Malay arxipelaqının Borneo (Kalimantan) adasının sakinləri gəliblər. Birinci minillikdə bura Şərqi Afrikdan bantular miqrasiya edib. Sonrakı əsrlərdə də davam edən köç prosesi nəticəsində adada 18-dən çox etnik qrup formalaşıb, Ranavalonanın aid olduğu merinlər bu qrupların ən böyüyüdür. Bu köçün hələ ilk əsrlərindən etibarən Madaqaskar Hind okeanındakı limanları birləşdirən vacib ticarət mərkəzi olub, yazı tarixi 10-cu əsrdən etibarən adanın şimal-qərb sahilində ticarət limanları tikən ərəblərdən başlayıb, Avropayla əlaqələr 1500-cü ildə yaranıb, 17-ci əsrin axırlarında adanın şərq sahilində fransızlar ticarət limanları tikiblər, 18-ci əsrin sonuna kimi Madaqaskarda müxtəlif sosial-siyasi ittifaqlara əsaslanan bir neçə krallıq mövcud olub. Ramadanın hakimiyyəti dönəmində -19-cu əsrin əvvəlində merinlər adanın böyük hissəsinə nəzarəti ələ keçirib Madaqaskar krallığı yaradıblar. 1897-ci ilə qədər davam edən monarxiya Fransa imperiyası tərəfindən devrilib, ölkəyə bir də 1960-cı ildə müstəqillik verilib. 1992-ci ildən etibarən Madaqaskarda rəsmən konstitusiyalı demokratiya idarəşiliyi elan edilib. Yarı-prezident üsul-idarəsi, iki palatalı parlamenti var.

2009-cu ildə baş vermiş üsyan hərbi çevrilişlə nəticələnib, konstitusiyalı idarəetmə 4 il sonra bərpa edilib, 2013-cü ildə keçirilmiş prezident seçkiləri beynəlxalq birlik tərəfindən şəffaf və ədalətli seçki qimi qiymətləndirilib. Madaqaskar BMT-nin, Afrika İttifaqının, Cənubi Afrika İnkişaf Birliyinin və Beynəlxalq Frankfoniya Təşkilatının (fransız dilli ölkələrin əməkdaşlıq təşkilatı) üzvüdür. Dövlət dili malaqas və fransız dilləridir. Ənənəvi dinlər (bütpərəstlik), xristianlıq, o cümlədən qarışıq dinlər mövcuddur. Az inkişaf etmiş ölkələr sırasındadır, ÜDM-i 40 mld dollar, adambaşına düşən gəliri 1563 dollardır (2017), ümumi sayı təqribən 25 milyon nəfər olan əhalisinin böyük qismi aşağı səviyyəli həyat şərtlərində yaşayır.

Hərçənd taxtda olduğu 33 il ərzində o, qəddarlıqda kişilərdən geri qalmamış, işğal etdiyi ərazilərdəki narazılıqlara və ingilislərlə fransızların adada dominant olmaq cəhdlərinə savaşlarla cavab vermişdi (Madaqaskar ətrafındakı bir neçə kiçik adanı tutmuş fransızlar bu böyük adaya da nəzarət etmək istəyir, Hindistana təhlükəsiz keçid əldə etməyə çalışan ingilislərsə onlara mane olurdular).

Xaricdən yeni biliklər və texnologiya idxal etməklə ölkəsində inkişaf etmiş sənaye bazalı iqtisadiyyat formalaşdırmağa çalışan, əcnəbilərlə yaxın şəxsi münasibətlər qurub onların təcrübəsindən yararlanan kraliça bu dostlarının Madaqaskardakı mövcud siyasət və mədəniyyət sistemlərinə təsirini əngəlləyir, onların adadakı fəaliyyət imkanlarını maksimum məhdudlaşdırırdı.

Müstəqil siyasət yürütmək, krallığın Fransa və Böyük Britaniyadan asılılığını aradan qaldırmaq üçün Ranavalona özünəyetmə siyasəti yürütməyə başlamış, ilk növbədə Britaniya-Merina müqaviləsini pozub Merinanın və adadakı digər krallıqların – Betsimisaraki, Sakalava və digərlərinin əsas gəlir mənbələrini qapadan bir sıra öhdəliklərdən, o cümlədən beynəlxalq qul ticarətində iştirak etməmə öhdəliyindən imtina etmişdi. Buna cavab olaraq Britaniya Merinanı silah təminatından məhrum etmiş, kraliçanın yerli və xarici təhlükələrə qarşı mübarizə imkanlarını xeyli zəiflətmişdi.

Fransızlar liman şəhəri İvondroya məhz o dönəmdə (1829) hücum etmiş, amma kraliçanın əsgərləri və ağcaqanadlar onları məğlubiyyətə uğratmışdılar – Ranavanolayla uzun danışıqlar zamanı Fransanın əsgərləri malyariyaya yoluxmuş və getdikcə çoxalan ölüm halları fransızları geri çəkilməyə məcbur etmişdi.

7 il sonra ingilislər və fransızlar birləşib Tamataya şəhərinə hücum etmişdilər. Sahildəki qalanın yalançı olduğunu, onun arxasında döyüş qurğusu gizlədildiyini dərhal anlamayan avropalılar qalanın başındakı Madaqaskar bayrağı uğrunda bir-birilə mübarizə aparmaqdaykən Ranavanolanın döyüşçüləri əks-hücuma keçib onları geri çəkilməyə məcbur etmişdilər. Bəzi mənbələrə görə, həmin gün kraliça öldürülmüş düşmənlərin başlarını kəsib payalara keçirməyi, sonra da payaları sahil boyu quma basdırmağı əmr edibmiş. Bu məlumat doğrudursa, avropalıların oralara niyə bir də ancaq Ranavanola öləndən sonra ayaq basdığını başa düşmək olar.

****

1932-ci ildə Madaqaskar sahillərində baş vermiş bir gəmi qəzası Merina krallığının taleyində ciddi rol oynayır. Həmin gəmidə olan Cin Labord adlı Fransa vətəndaşı qəzadan sonra paytaxt Antananarivuya gəlib çıxır. Onunla kraliça arasında romantik münasibət yaranır, amma Ranavalonaya və Madaqaskara Labord daha çox praktik bilikləriylə fayda verir. Metallurgiya, döyüş sursatı və döyüş texnikası sahələrində xeyli məlumatlı olan fransızın rəhbərliyi altında paytaxta yaxın bir ərazidə tezliklə Mantaso adlı sənaye şəhəri salınır. Orada silah, barıt yox, sabun, ipək, keramika, farfor və Merina üçün vacib olan digər məhsullar istehsal edilir. Kraliça üçün mürəkkəb kompozisiyalı yeni sarayın tikilməsinə də Labord rəhbərlik edir (1995-ci ildə yanğın nəticəsində məhv olub).

Bir müddət sonra silah təminatı məsələsində Madaqaskarın Avropa dövlətlərindən asılılığı aradan qalxır. Üstəlik, o illərdə Fransada baş verən hadisələr (1830-cu il inqilabı və ondan sonrakı proseslər) fransızların bu ölkədə möhkəmlənmək planlarını pozur və yerli əhali bütün bunları allahların kraliçaya dəstəyi kimi qiymətləndirir.

O vaxta qədər Ranavalona Madaqaskardakı Britaniya missionerlərinə toxunmamışdı. İlk dövrlərdə onlarla açıq konfrantasiyaya girməkdən ehtiyat etmişdi – həm Avropa dövlətləriylə toqquşmağa hazır olmadığına, həm də onlardan iqtisadi asılılığına görə (bu dövlətlərin Madaqaskardakı manufakturalarından gələn gəlirə ehtiyacı olduğu üçün). Digər tərəfdən, ölkə əhalisinin az qala yarısı xristianlığı qəbul etmişdi və bu say artmaqda davam edirdi.

1818-ci ildən fəaliyyət göstərən London Missioner Cəmiyyətinin üzvləri dövlət məktəblərində çalışıb savadsızlığın miqyasını azaldır, Avropanın mədəniyyətini və texniki biliklərini tədris edirdilər. Onlar bir neçə il ərzində adanın böyük qismini ibtiadi təhsil sistemilə təmin etmişdilər, malaqas dilinin fonetik quruluşuna uyğun gəlməyən ərəb qrafikasını latın qrafikasıyla əvəzləmişdilər, dini ədəbiyyatdan başqa, əlifba kitabları, dərsliklər, lüğətlər, nağıl və ata sözləri külliyyatları dərc etmişdilər.

Artıq həm daxili, həm də xarici düşmənlərinə qarşı güc nümyiş etdirmək iqtidarında olan Ranavalona missionerlərə də təzyiq etməyə başlayır. Əvvəlcə məktəblərdə xristianlığın tədrisi azaldılır, sonra tam qadağan edilir, missionerlər gizli fəaliyyətə keçmək məcburiyyətində qalırlar, bir çoxu ölkəni tərk etməli olur. 1836-cı ildə xristianlıqdan imtina etmək istəməyən 15 nəfər üzərində məhkəmə qurulur və onlar haqqında asılmaqla öldürülmək qərarı çıxarılır.

1840, 1849 və 1857-ci illərdə də xristianlara kütləvi basqılar təşkil edilir. Təkcə 1849-da 18-i öldürülməklə 1900 nəfərə müxtəlif cəzalar verilir. Bəzi mənbələrə görə, bu cəzalar arasında işgəncə vermə, hündür qayalıqdan dənizə atma, ocaq üstündəki qaynar qazana atma, diri-diri yandırma kimi dəhşətli üsullar varmış.

Haşiyə: "Xristianlıq Ramavodan əvvəlki monarxlar tərəfindən müəyyən edilmiş ənənələrdən imtina demək idi.

Kraliçanın legitimliyi isə onun öz xələflərinə münasibətindən asılıydı. O, mistik mənada bütün Merinanın bağlı olduğu krallar nəslinə mənsubuydu. Ramavonun mistik gücünü inkar etmək təkcə onun özünü yox, onun xələflərini, onların xeyir-dualarını rədd etmək demək idi. O, müqəddəs inamın qoruyucusuydu. Xristianlığı da buna görə xəyanət hesab edirdi, öz xələflərinə olan sayğını ağların xələfinə olan sayğıyla əvəz etdiyinə görə. Ramavona yeni dini siyasi akt olaraq görürdü və şübhəsiz ki, haqlıydı”.
Moris Blox, "Xeyir-duadan zorakılığa” (1986)

Əslində, Ranavalona xristian olmayanlara qarşı da amansız olub. Onun başlatdığı işğal müharibələrində 60 minə yaxın insan öldürülüb, müharibədən sağ çıxanların xeyli hissəsi aclıqdan ölüb. Bundan başqa, kraliçanın əsgərləri işğal olunmuş ərazilərə hər il yenidən basqın etmək, insanları talamaq və öldürmək hüququna da sahib olublar.
Amma savaşlar Merina krallığının özünə də baha başa gəlib: 1820-1850-ci illər aralığındakı müharibələrdə 160 min döyüşçüsü həlak olub, işğal zonalarında dislokasiya edilən hərbi hissələr hər il malyariyadan 25-50%-lik itki veriblər. Nəqd və ya əmtəə şəkilli vergi ödəmələrini məcburi əməklə (qədim fanompoan üsulu) əvəzlənməsi sayəsində onminlərlə insanın böyük tikintilərə cəlb edilməsi qeyri-müharibə şəraitində də ciddi itkilərə yol açıb. Həm bu praktika zamanı, həm də sərt cəza və amputasiya işgəncələri nəticəsində çox sayda insan həyatını itirib, 1933-1939-cu illər ərzində bütün Madaqaskar əhalisinin sayı 5 milyondan 2,5 milyona, Merina əhalisinin sayı isə 750 mindən 130 minə düşüb.

Ranavalonanın dövründə tətbiq edilən tangena (zəhərli qoz ağacı) cəzası xüsusi amansızılığıyla seçilib. İlk dəfə 16-cı əsrdə "icad” olunmuş, 3 əsr sonra dövlət səviyyəsində cəza növünə çevrilmiş bu üsuldan insaların günahkar olub-olmadığını müəyyənləşdirmək üçün istifadə edilib. Zəhərə bulaşdırılmış 3 parça toyuq dərisini udan şəxs tez bir zamanda onların üçünü də qusa bilirmişsə və sonra ölmürmüşsə, təmizə çıxmış hesab olunurmuş. Sağ qalanların günahsız olması inancı o qədər güclüymüş ki, insanlar şübhələrdən qurtulmaq üçün könüllü şəkildə, bəzən hətta həvəslə bu sınaqdan keçməyə razılıq verirmişlər. Tangena sınağı kraliçaya qarşı loyallığı şübhə doğuran hər kəsə tətbiq edilir və hər il ölkə əhalisinin 2 faizinin ölümünə səbəb olurdu (Ranavanolanın ölümündən iki il sonra rəsmən qadağan edilsə də, vəziyyət tezliklə dəyişməmiş, hələ bir neçə onillik də madaqaskarlılar zəhərin "vəfasına” inanmaqda davam etmişdilər). Deyilənlərə görə, Ranavalona özünün ilk baş naziri (Ramadadan sonra ilk əri və oğlunun atası) Andriamihacanı da tangena sınağına çəkmək istəmişdi - onun başqa bir qadınla eşq yaşaması xəbəri kraliçanı özündən çıxarmış, xəyanətə görə ərinə ölüm hökmü kəsmişdi. Amma baş nazir zəhərli sınaqdan imtina etmiş, nizəylə öldürülməyi seçmişdi.

****

İllər keçdikcə, Ranavalonanın öz ilahi gücünə inamı artır və bu, onu daha da qəddarlaşdırır. 1845-ci ildə kraliça bütün əyanlarına vəhşi öküz ovunda iştirak etməyi əmr edir. Onlar bütün qulluqçularını və qullarını da özləriylə ova aparmalıydılar. Ona görə ekspedisiya iştirakçılarının sayı 50 minə çatır. Kraliça bütün marşrut boyu yol çəkilməsini də əmr edir və bu, prosesi lap dözülməz hala salır – işçilərə ərzaq çatmır, hətta zadəganlar da düyünü çox baha qiymətə almalı olurlar. Yolsalanlar xəstələnib öləndə onları yeniləriylə əvəz edibər. Yol insan cəsədləriylə dolur, ölənlərin çoxunu heç basdırmırlar da, eləcə bir kənara – ya hansısa çuxura, ya da yaxınlıdakı kolun dibinə atırlar. Ranavanolanın bu 16 həftəlik ov avantürsı zamanı 10 minə yaxın insan həlak olur, amma bircə öküz belə vurulmur.

Onun "dəlilikləri” artıq ən yaxın ətrafını belə təngə gətirir. Bəzi mənbələrə görə, hətta oğlu Rakoto və sevgilisi Labord da Ranalavonaya qarşı çıxıb onu hakimiyyətdən uzaqlaşdırmaq üçün plan cızırlar. Amma həmin çevriliş cəhdiylə bağlı britaniyalıların hesabatında qeyd edilir ki, Rakoto bilməyərəkdən oyuna çəkildiyini əvvəldən anasına xəbər veribmiş və prosesdə iştirakını məhz onun göstərişiylə davam etdirib – kraliça hökumət üzvlərindən kimin ona xəyanət edəcəyini öyrənmək istəyirmş. Satqınların kimliyini biləndən sonra Ranavalona onları yolunun üstündə bataqlıq olan məcburi marşa göndərir və gözlənildiyi kimi, çoxu malyariyaya yoluxub ölür. Labord bu qəzadan da salamat qurtulur və Madaqaskara bir də kraliça öləndən sonra kral Rakotonun (II Radamanın) məsləhətçisi kimi qayıdır. Amma Ranavalonanın oğlu cəmi iki il taxtda otura bilir, anasının ölümündən sonra artmış intriqalar nəticəsində öldürülür. Sonrakı krallar bir-birindən zəif olur və bu, 1897-ci ildə Madaqaskarın Fransa müstəmləkəsinə çevrilməsiylə nəticələnir.

****

1861-ci ildə öz rahat yatağında və yuxudaykən vəfat edən Ranavalonanın dəfni zamanı təsadüfi bir qığılcım mərasim üçün istifadə ediləcək barıt çəlləyinə düşür, ardınca baş verən partlayış və yanğın nəticəsində bir neçə nəfər həlak olur, üç tarixi kral iqamətgahı dağılır - diriykən ölüm saçan Madaqaskar Kaliqulası ölümüylə də insanlara ölüm gətirir.

Meydan.tv