QİC-roman: "Mavi pərdəli qara "Volqa"dan xalqın təqdimatı"

QİC-roman:

22-11-2018 23:20 / Bu xəbər 2458 dəfə oxundu

Bütün möhtəşəm romanlar yadda məhz bir fikirlə qalıb, məsələn, "Anna Karenina": "Bütün xoşbəxt ailələr eyni cür xoşbəxtdir, bədbəxtlər hərəsi bir cür".

Dostlardan biri görüşlərimizin birində bir dəfə ötəri, bir dəfə də tam ciddi şəkildə məndən Məqsəd Nurun "Şəhər meri" romanını oxuyub-oxumadığımı soruşdu. Oxumadığımı dedim, hərçənd hətta Tiflisdə təqdimatından belə xəbərim vardı. Həm də MKM-in həmin müsabiqəsinin ədalətinə elə o vaxtlar bir quş qoyduğumdan oxumamışdım. Hətta "kakoy-nibud" bir xalla birinci yerdən məhrum olması da məni cəzb etməmişdi. 

Üstəlik də lap çox əvvəllər Məqsəd Nurun və mənim ümumi dostlarımız onun haqqında məndən soruşanda demişdim: "Məqsəd Sarıyev sarıya-sarıya gəlir, hələ ki, istedadından özünün MƏQSƏDinin bu jurnalistikaya və ədəbiyyata bir parça NUR payını ərməğan etməsi niyyəti heç üfüqdə də görünmür" - o dostlar qıcıq olub biriləri kimi deməmişdilər, etiraz etməmişdilər ki, sən nə bilirsən ədəbiyyat nədir, eynullasayaq "sənin ciddi və məsuliyyətli jurnalistikaya dəxlin yoxdu" hökmünü verməmişdilər. Var axı bizdə münsiflik, qoruqçuluq, anında adamın üstündən xətt çəkmə - əgər eşitmək iştədiklərini eşitmirlərsə! 

Məqsəd Nuru lap çox istəsələr də, yazılarında işıq görsələr də, deməmişdilər və bilirdilər ki, başlayacam, nə başlayacam! Həm də onu da bilirdilər ki, mənim bu fikrim məni Məqsəd Nurun Azərbaycan ədəbiyyatına və jurnalistikasına nə vaxtsa faydalı olacağına ümidlərdən məhrum etmir. Dostlar kimi, mən də etiraf edirdim: Məqsəd içində Nur olan, Nur daşıyan imzadı! 

Başlayacam deyəndə, izah edəcəkdim ki, dədə, jurnalistika ortaya qoyulan "Press Fakt" qəzeti və onun klassik jurnalistikaya gətirdiyi əndrabadi dil və üslub deyil, üstəlik də "əndrabadi" müəlliflər!

Zaman jurnalistikanın da, ədəbiyyatın da Azərbaycanda xaric vurduğunu ortaya qoydu və "yıxıl, adın çıxsın" ənənəsi tamam yanlış prioritetdi!

Əgər jurnalistika yalnız və yalnız əlahəzrət faktın təqdimidirsə, faktın konstatasiyası yolverilməzdirsə, ədəbiyyatın da borcu, missiyası cəmiyyəti irəli aparmaq, bataqlıqdakıya çıxış yolu göstərmək, ona necə və nə cür yaşamağın mümkünlüyün çatdırmaqdır. Ya həyatın obrazını verirsən, ya da həyata obraz verirsən - mütləq də qəhrəman görüntüsündə. Çünki bu həyat da elə kreditə alıb, amma işlətməyə imkan tapmadığın telefon, maşın (və s.), lap elə arvad (ər) kimidi - qəzaya uğrayıb əldən verirsən və sonra bədəlini ödəyirsən! Çünki adamlar da vergül kimidi, təyinatı, işlənmə yeri, funksiyası bəlli, amma görürsən ki, biriləri çıxıb istədiyi yerdə istifadə edir, istədiyi yerə qoyur, hətta izah da tapır, amma nöqtə elə deyil - nə yerini, nə funksiyasını kimsə dəyişəmməz! Vergül adamları nə qədər burursan bur, nöqtəyə çevrilmir. Düzəldib nida etmək də mümkün olmur! Başından-ayağından kəsəndə də defis olur, tire olur - özü olmur! İki nöqtə heç çıxmır!

Məqsəd Nur nöqtə adamlardandır!

Məqsəd Nur Azərbaycan ədəbiyyatında və jurnalistikasında naturaca jurnalistliyi doğal ədibliyiylə tamamlayan çox az mükəmməl imzalardandır! Hətta qazanmaq istədiyi və qazana bilmədiyi uğurlarıyla birgə - əndrabadiliyi ilə belə!

Və mən o qədər də zəngin olmayan kitab rəfimə baxanda fikirləşdim: dünyanın ən gözəl, incəbel, qaymaqdodaq, qıvrımsaçlı, alovgözlü, "sinə meydan, zülf pərişan" "gözəllərim", gəlin görüm bu gecə kim ömrümdə qalacaq, kim sədaqəti, ləyaqəti, mərifəti, fəziləti, bəkarəti ilə könlümü oxşayacaq, "kim" söyülüb s...eviləsi siyahıya düşəcək!

"Şəhər meri"ndə Şəhər meri, - Məqsəd Nurun obrazını təsvir etdiyi, - hamının və hər şeyin qabağını Günəşin özüylə birgə kəsirdisə, kitab olaraq da, "Şəhər meri" rəfdəki kitabları görünməz edirdi!

Niyə?

Biz öyrəşmişik "kabab qanlı, igid canlı" deməyə. Odu elə ordan kəsib, ordan da yeyirik deyə, kəsilmiş əti doğrayıb, duzlayıb, istiotlayıb, ədviyyatını qatıb soyuducuda qoymuruq bir sutka və səhərisi onu əməlli-başlı alova bürünən, içinin hərarətiylə üzü allanan kömürdə şişə çəkmirik də ki, bilək kababın dadı nə?

Ədəbi əsərləri oxumaqda da beləyik - sanki bir görməmişlik azarı, sanki zamanla ayaqlaşmaq ədası, sanki ədəbi aləmə operativlik və sayğı minnəti... - "Şəhər meri"ndə "sanki" həddən artıq çox işlənsə də, bir elə də qüsur saymadım.

"Şəhər meri"nə həm dünyanın ən gözəl xanımını fəth etməyə girişirmiş kimi, həm yüzillik fransız konyakı içirmiş kimi, həm də ən gözəl ətdən ən dadlı kababı dişimə çəkirmiş kimi girişdim.

Bəri başdan deyirəm, yadınızda saxlayın: rahat fəth olunan qadın kimidi kodu, mesajı olmayan əsər. Mən tələbkar bir oxucu kimi, "asta bir meh təzə açılmış küknar yarpaqlarını səhər şəfəqləri altında tərpədirdi..." fikrini (səh.8) oxuyandan sonra, əlbəttə ki, kitabı tullamalıydım küçəyə olmasa da, ən azından, kirayə evimin heç vaxt nəzərim yetməyən bir küncünə: küknar həmişəyaşıl ağacdı! Amma mən bunu etmədim: çünki bilirəm ki, Məqsəd Nur belə cəhdlərdə əvvəllər də bulunub: onun  yazıçı və jurnalist qüdrətinə bu "ilahi qüdrətini" - aprel ayında küknara yarpaqlarını açdırmaq səadətini də "bağışlamaq" olar! Bəlkə də küknar yarpaqları açılır, bəlkə də mən səhv yadımda saxlamışam ki, küknar həmişəyaşıl ağacdır!

Və əslində də mən Məqsəd Nuru tanıyan, birgə işlədiyimiz redaksiyada dərc olunan ilk yazısından sonra bizi tərk edən bu imzanın heç vaxt həzm etmədiyim dilini, üslubunu bilən oxucu-həmkar olaraq, ona təşəkkür edirdim: romana (əsərin janrı haqqında bir az sonra!) o qədər yumşaq, o qədər rəvan, o qədər aydın təsvirlə və elə gözəl girişlə başlayıb ki, əsərin sonunacan aparıcı olaraq həm də həyatda diri, eyni zamanda təfəkkürdə yaşam haqqı verilməyərək fikrən qətlə yetirilən üç qəhrəmanın üçünü də tanıyırsan. Day orasın deməyəcəm ki, Şəhər meri, Gözətçi və baş qəhrəmanın adı sona yaxın hardasa açıqlansa da, əvvəldən ta o yerəcən ümumi isimlə adların ifadəsi gözəldi. Əsərin gözəlliyi bu deyil!

Artıq 14-cü səhifədə ilk cümləni oxuyanda yenə "Şəhər meri"ni yenə də balkondan həyətə tullamasam da, ən azından kirayə evimin bu dəfə hətta buranı tərk eləsəm də, məndən sonrakılar köçüb yır-yığış edəndə belə, gözlərinə dəyməyəsi bir yerə atmalıydım - tələbkar və diqqətli oxucu olaraq: "Anam rayondan hələ mən körpəkən gəlmişdi rayona".
Adam yazıçı ilə, jurnalistlə dost da olar, iş yoldaşı da, lap belə bir evli kimi də! Adam lap çox yaxşı tənqidçi də ola bilər, elmlər doktoru da, adamın əsərləri Avropada, Asiyada, lap Amerikada da çap oluna bilər. Amma adam bütün bunlara baxmayaraq, müəllifin rəyə göndərdiyi, ön söz yazmağı xahiş etdiyi müəllifə çox incə və zərif şəkildə deməlidir, bu, onun dostluqdan, tituldan, vəzifədən çox öncə gələn və üstün olan... dil qarşısında borcudur!

"Körpəkən" nə demək? Omonim kimi də soxuşdurmağa yer yoxdu, sinonim kimi də, dialekt və şivə variantı da yoxdur!

Bəli, möhtəşəmliyini axırda deyəcəyim bu əsər doğrudan da möhtəşəmdir, axı bir onu da deyin bilə ki, belə möhtəşəm əsərə görə Azərbaycan dilinə təcavüzə haqq varmı? Bu sənin işçin deyil, qulun deyil, kənddə eşşək sevməyə getdiyin uşaqlıq dostun deyil, şəhərdə cükküldəşməyə axtardığın dünyadan bixəbər romantik kənd qızı deyil, hətta əsər sənin olsa belə, söz sənin deyil!

Bunu dostcasına deməyə nə vardı ki? Bu roman haqqında rəyini oxuduğum hər üç imza hörmət bəslədiyim, hörmət bəslənməyi haqq edən imzalardır! Və təkcə bu olsaydı, üstündən keçmək olardı - eyni "ədabazlıq" cəmi bir neçə səhifə sonra o biri səhifədə, lap dəqiqi, 19-cu səhifədə 5 və 6-cı sətirlərdə ayrı sözlərdə var! 

Tam səmimi deyirəm, nə yaxşı ki, mən "Şəhər meri"ni oxuyanda nə internetə çıxışım vardı, nə telefonum vardı - ikisi də qırılmışdı və mən Cavanşir Yusiflyə zəng edib narahat etməyə ərkim çatmasa da, fb-də status yazardım, gecənin o qərib vaxtı mütləq və mütləq Səlim Babullaoğluna zəng edərdim, başlayardım ona danışmağa (fərq etməzdi Səlim Babullaoğlu məni ürəyində söyəcəkdi və yaxud da elə üzümə söyüb telefonu qapadacaqdı):
- 2002-ci ildə Moskvada "Üçüncü Azərbaycan" qəzetini buraxırdım. Qəzet çıxandan sonra mənə zəng gəldi: "Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi Möhtərəm Əliyevdir. Nə vaxt gələ bilirsən metronun "Borovitskya" stansiyasına? Gələndə qəzetin son sayını da gətir!"

Amiranə, ərklə, həm də çox böyük yanğıyla deyilən bu təklif məni dəhşətli dərəcədə üşəndirdi.
Əvvəla, gör kim mənim-bizim qəzeti oxuyur!
İkincisi, necə yazılar var ki, bu səviyədə rəy, irad, təklif var!
Üçüncüsü... nə bilim, vallah!

Gəldim, Möhtərəm müəllim çox alicənab, həlimxasiyyətli, səmimi danışan, səsi güclə eşidiləcək bir ziyalıydı. Amma mənimlə danışanda onun yaşantılarını, təlatümlərini, narahatlıqlarını görəydiniz. Adam 16 səhifəlik qəzetdə cəmi-cümlətanı 3... korrektura səhvi tapmışdı! Əlbəttə ki, mən - jurnalistikaya oxuculuqdan, korrektorluqdan gəlmiş biri kimi, bunun nə boyda yanlış olduğunu anlayırdım, amma və lakin... sən demə, həm də cinayət imiş! Bəli, cinayət! 

Dinləyək Möhtərəm müəllimi:
- Oğul, mən bu qəzeti MQİMO-nun tələbələrinə, gələcək diplomatlara oxumağa verirəm. İngilis, fransız, çex slovak, çinli, yapon, monqol bu qəzeti oxuyur və onun yaddaşında bu üç söz belə qalır. Sən kimsən axı, mənim dilimi şikəst edirsən? Sən kimsən axı, əcnəbiyə mənim gözəl dilimin gözəl sözlərini şikəst tanıdırsan! Sən kimsən?

Əlbəttə, mən ona digər qəzetlərimizdə minlərlə səhvin olduğunu, bunu da təkbaşına buraxdığımı, hər şeyin boynumda olduğunu demədim. Mən nüfuzuna zərər vurduğum, imicini aşağıladığım gözəl dilimizin gözəl sözlərini şikəst etdiyimə görə o sözlərdən də, Möhtərəm müəllimdən də üzrxahlıq edirdim.

Möhtərəm müəllim sonda çox böyük təəssüflə "illərdi belə gözəl qəzet axtarırdım ki, tələbələrimə göstərim. Onlara Azərbaycan dilinin gözəllikləri ifadə olunmuş yazıları oxutmaq arzuma çatdım deyə düşünərkən, birdən-birə üç səhv!" söylədi. Sonra fikrini tamamladı:
- Oğul, sənin tək və ya cüt qəzet buraxmağın önəm daşımır. Sənin vətənpərvərliyin, fədakarlığın önəm daşımır! Önəmli olan dilimizin toxunulmazlığıdır.
Həə, bunu deyəcəkdim.
Səhər də indi yazacaqlarımı yazacaqdım.

...Mən türmədə olanda, fikirləşirdim ki, Azərbaycan xalqının xilası bütünlükdə və bütövlükdə bu xalqı türmədən keçirmək lazımdı - qoy tanısınlar bir-birlərini.
Hərçənd bu mümkün deyil!
Amma Məqsəd Nurun "Şəhər meri"ni oxuyub bitirəndə fikirləşirdim:
- Azərbaycan xalqına bütünlükdə və bütövlükdə "Şəhər meri"ni oxutdurmaq lazımdır!

Hərçənd bu da mümkün deyil!
Bütün xalqı türmədən keçirtsən, ölkənin imici pozular! Amma yolun biri budu xalqın bir-birini və özünü tanıması üçün.
Məqsəd Nur bir az humanist yanaşıb və daha uğurlu haqq tapıb: bu xalqın hamısını mavi pərdə çəkilmiş qara "Volqa"larda bir gün şəhərdə gəzdirmək lazımdı! Və üstəlik də özün özünə o mavi pərdəli qara "Volqa"lardan baxmağı bacarmaq. Güzgüyə baxmaq bəs eləmir day bu xalqa!
Hərçənd bu da mümkün deyil!
Amma istənilən halda yol ikidi: biri mən deyəndi, biri Məqsəd Nur deyən. Elə ikimiz də təxminən eyni dönəmdə  demişik.
İkisindən birinə əməl olunmaması mümkün deyil: Məqsəd Nur humanistcəsinə deyib, lazımdı ki, xalq könüllü o yolu seçsin, mən inzibatisini demişəm - onsuz da üzümüzü o yola tutmuşuq!

Məqsəd Nurun "Şəhər meri" əslində 1200 səhifəlik bir romandı. Məqsəd Nura buna görə də təşəkkür etmək lazımdı ki, 1200 səhifəlik romanı120 səhifəyə sığdırıb. Anlaşıqlı və səlis dillə. Fəlsəfi yük qatmaqla.  Qəzetçilikdə belə varianta "kob - korotkiy obzor" deyirdilər, yəni "qısa icmal" - QİC.

Janr baxımından həcminə və süjet xəttinə görə roman deməyə də bilərik, amma sanbalına görə nəinki roman, hətta roman janrının postmodern növüdü: tarixi, sənədli və s kimi.
Adətən, irihəcmli, saysız-hesabsız səhifələri oxunmaqla bitməyən romanları tezbazar oxuyub qənaətlərimi bölüşməyə tələsmişəm. Amma İlqar Rəsulun "Getmə"sindən sonra ilk dəfədir ki, cəmi 120 səhifəlik bu postmodern roman haqqında yazdıqca yazmaq istəyirəm.

Məqsəd Nur doğrudan düşündürə bilib!
Cavanşir Yusifli haqlıdır: "mətnin özünün... dərinliyi orada batmağa kömək edir"
Səlim Babullaoğlu haqlıdır: "... sakit üslubla belə, sonadək sadiqliklə yazılan romanlar demək olar ki, yoxdur!"

Tehran Əlişanoğlu da doğru yazır: "Məqsəd Nur... bizi yazır".

Mən dediyimi demişəm yuxarıda! Bu kitabı Azərbaycan xalqının xalq olaraq da, fərd olaraq da özünü və bir-birini tanıması üçün hələlik ilk əsərdir və mütləq bunu bütün Azərbaycana oxutdurmaq lazımdır.

Bax, əlavə etdiyim də budur: hardasınız, ay kitabşüvənlər, ay "xalq üçün kitab buraxırıq" deyənlər, buyurun,  çap edin - qazanc ummadan, maya dəyərinə, təmənnanız da qoy xalqın özünü tanıması olsun.
Əlbəttə, bunu deməsəm, heç olmaz: kitabda nəşriyyat redaktorunun da adı yoxdu, korrektorun da.
Əəgər olubsa:
- korrektor işdən azad edilsin!
- nəşriyyat redaktoruna gələcəkdə ciddi əsərlər etibar olunmamaqla, ikiaylıq maaşı kəsilsin!
Cəmi120 səhifəlik romanda elə ilk səhifələrdəcə gözə girən uyğunsuzluğu tutmayan beyni nə qədər oxuyandan sonra yorulubmuş ki?
16-cı səhifədə "Mən azca böyüyəndən sonra başa düşdüm ki, anam ildə bir dəfə - Novruz bayramından qabaq, qatara minib hansısa rayona gedər, ən uzağı iki gündən sonra getdiyi kimi "əliboş-ayağıboş" - qolunda çantası və çantasının qırağına sancdığı çətirlə birgə geri dönərdi" cümləsində üslub və məna səhvlərini bir kənara qoyaraq, 17-ci səhifədəki bu fakt-məntiq xətasını sormaq lazımdı: "Anamın ildə iki dəfə, eyni vaxta təsadüf edən səfərini başqa heç yerə yoza bilmir və bütün suallarıma cavab tapsam da, anamın bu qəbirləri quru bir səfərlə ziyarət etməsi barədə sualıma cavab verə bilmirdim".

LAP SONDA... Məqsəd Nura həm də təşəkkür ona görə düşür ki, oxucu kimi ciddi iradlarımızı bildirməyə yer saxlamayıb - texniki qüsurlar və elementar zehni yorğunluğun fəsadları bu romanda səslənən heç bir ali fikrə kölgə salmır. Bizim sevincimiz odur ki, ortada ciddi yazıçının çox ciddi nəsri var. Hansısa həpəndin roman adıyla bizə bəy tərifiylə soxuşdurduğu bayağılıqdan çox uzaq, amma milli mentallığa çox yaxın bir faciənin gözəl təsviri xilasa səsləmək, xilasa can atdırmaq gücündədi!

Lirik-bədii ricətlər, ədəbi ifadə vasitələrindən məharətlə istifadə, sürrealist təqdimatlar, fəlsəfi yük mümkün qədər publisistlikdən qaçmağa çalışan Məqsəd Nurda bədiiliyi təmin edib - yüzdəyüz olmasa da!

İstənilən bölümdə ən azından onilləri qabaqlayan deyimlər var!

İstənilən bölümdə kimliyimiz və təfəkkürümüz var - boz həyatımıza rəng qata bilib Məqsəd Nur.  Baxmayaraq ki, bizi bir günün təhkiyəsi ilə "aldadır", həqiqətdə bütün xalqın əzəldən əbədiyə ömrünü verib! Bacarıb! Məharətlə!

Və siz də özünüzü tanımaqdan çəkinməyin, istənilən halda... arada mavi pərdəli qara "Volqa"ya oturun!

Həyat ordan daha marasqlı... görünür! Adamlar da! Lap elə ölkə də!

YADIMDAN ÇIXMIŞDI: Adətən, Məqsəd Nur kimi adamlar heç vaxt olduğu yerə olmurlar. Məqsəd Nur o tip yazarlardandır ki, onu məhəlliliyə çəkmək olmur. Məsələn, Həzi Aslanov deyəndə Lənkəran nə qədər əzəmətli görünürsə, dünya boyda böyüyürsə, "Şəhər meri"nin müəllifi Məqsəd Nur da Kəlbəcəri o əzəmətdə canlandırır. Xətrinizə dəyməsin, ancaq deyirəm: buna əmin olmaq üçün mütləq və mütləq "Şəhər meri"ni oxumaq və anlamaq lazımdır!  

Aydın Canıyev

Yazdakı fikirlər müəllifin şəxsi mülahizələridir.