“Pozitiv diskriminasiya” hüquqların məhdudlaşdırılmasıdır – ARAŞDIRMA

“Pozitiv diskriminasiya”  hüquqların məhdudlaşdırılmasıdır – ARAŞDIRMA

10-03-2018 02:28 / Bu xəbər 4968 dəfə oxundu

Qadınların səlahiyyətləndirilməsi, diskriminasiyaya məruz qalmama, bərabərlik hüququ

"Gender bərabərliyi qadın və kişilərin hüquq bərabərliyi və bu hüquqların həyata keçirilməsi üçün bərabər imkanlar və onların cəmiyyətdə bərabər sosial vəziyyəti deməkdir.”

Son olaraq 2018-ci il martın 3-də Azərbaycan Beynəlxalq Əmək Təşkilatının "Kişi və qadın işçilər – ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında” 156 saylı Konvensiyasına qoşulub. Konvensiyanın şərtlərinə görə bütün insanlar irqindən, dinindən və ya cinsindən asılı olmayaraq   öz maddi rifah və mənəvi inkişaflarını azadlıq və ləyaqət, iqtisadi sabitlik və bərabər imkanlar şəraitində həyata keçirmək hüququna malikdirlər.

Azərbaycan Konstitusiyasına görə də ölkədə yaşayan bütün vətəndaşlar cinsinə, dilinə, dininə, irqinə görə bərabər hüquqa malikdir. Azərbaycanda Gender bərabərliyinin vəziyyəti, gender qanununa görə tənzimlənməlidir. Azərbaycanda qadının statusu son bir neçə minillik ərzində çox böyük dəyişikliklərə məruz qalsa da, qadınlar ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz töhfələrini veriblər, müəyyən mənada özlərini inkişaf etdiriblər. 

Hələ 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququ qanunla təsbit edilirdi. Bununla da, Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə kimi tarixə düşdü.

Azərbaycan Respublikası 1995-ci ildə BMT-nin qadınlara qarşı bütün növ ayrı-seçkiliyin ləğv olunması barədə Konvensiyanı, eləcə də insan haqları üzrə əsas beynəlxalq sənədləri qəbul etmiş və onlara qoşulmuşdur.  2006-cı ildə əlavə olaraq Gender Bərabərliyi haqqında yeni qanun qəbul olunub.

Gender qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir. 

Qadınların səlahiyyətləndirilməsi 

Qadınların səlahiyyətləndirilməsi onların  sosial-iqtisadi cəhətdən səlahiyyətləndirilməsi, məşğulluğunun,  qərarqəbuletmədə iştirakının təmin olunması, iqtisadi inkişafı üçün təşəbbüslər verilməsindən ibarətdir. Azərbaycanda qadınların səlahiyyətləndirilməsinin aşağı səviyyədə olmasına mental stereotiplər, din faktorunun böyük təsiri var. Günümüzün reallığı budur ki, mental stereotiplər, dinin qadının üzərinə qoyduğu qadağalar  və  ağır şərtlər Azərbaycan qadınlarının cəmiyyətimizin tam hüquqlu üzvləri kimi ölkənin sosial, iqtisadi və ictimai-siyasi həyatında fəal iştirak edə bilməməsinə səbəb olur.gender equality ile ilgili görsel sonucu

Azərbaycan nəinki qadınların səlahiyyətləndirilməsi, onların idarəçilikdə önə çəkilməsi, qərarların qəbul edilməsində rolu baxımından, hətta təmsil olunquqları qurumlarda kişilərlə bərabər əməkhaqqının ödənilməsi baxımından da digər ölkələrdən yüksək  faizlə geri qalır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarlar verir, başqa məsələlər üzrə sərəncamlar qəbul edir. Bir sözlə dövlətin idarə edilməsində mühüm rol oynayır. Amma bu kabinetdə qadınlar gözə dəymir – 18 nazirin hamısı kişilərdir – gender bərabərliyi 100%  pozulub.

Azərbaycanda 9 komitə var. Komitə üzvlərindən yalnız biri qadındır. İki Adminstrasiya rəhbəri var, hər ikisi kişidir. 6 Xüsusi xidmət orqanı var, 6-sının da rəhbəri  kişidir. Buradan bu  qənaətə gəlmək olar ki, Azərbaycan Respublikasının idarə olunmasında qadınlar ümumiyyətlə iştirak etmir. Təyinatlı alt (müavinlik) vəzifələr istisna olmaqla, hökumətdə yüksək vəzifə tutan məmurların içərisində qadın yoxdur. Nazirlər  dövlət büdcəsi icrasını təmin edir, maliyyə-kredit və pul siyasətinin həyata keçirir, dövlətin iqtisadi proqramlarını həyata keçirir, nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir. Amma bu proseslərin heç birində Azərbaycan qadınları iştirak etmir.

Belə olmamalıdır. Demokratik cəmiyyət qurmuş ölkələrdə bu maneələr dəf edilib, stereotiplər dağıdılıb.

Buxovlardan qurtulmuş, inkişaf etmiş ölkələrdə təmsilçilik, qərarların icrası, dövlətçiliyin idarə olunmasında qadınlar həlledici rol oynayır. Gender bərabərliyinin hətta 100 faiz təmin olunduğu ölkələr var. Məsələn, İsvecrədə Nazirlər Kabinetinin 8 üzvü var. Onlarda 4-ü qadın, 4-ü kişidir.

Halbuki, tarixi müqayisə etsək görərik ki, Azərbaycanda qadınlara seçib-seçilmək hüququ hələ əsrin əvvəllərində – 1918-ci ildə, İsveçrədə isə 1971-ci ildə verilib.

Yüz il əvvəlki sıçrayışa rəğmən, sonrakı dövrdə Azərbaycan qadınlarının idarəçilikdə özlərini təsdiq etməsinə, konstitusiyanın onlara verdiyi hüquqları gerçəkləşdirməsinə imkan verilməyib.

İsveçrə qadınları nəinki Azərbaycan,  bir çox inkişaf etmiş Qərb ölkələrindən daha sonra  seçib-seçilmək hüququnu əldə etsə də, bu gün bu sahədə liderliyi özündə saxlayırlar.  1971-ci ildə qadınların həyatında mühim əhəmiyyəti olan İsveçrə referendumu onlara təkcə seçib-seçilmək hüququ yox, həmçinin qadınların siyasi fəaliyyətə atılmasına təkan verib. Referndumdan az sonra İsveçrə Milli Şurasının Məclisinə 10 qadın nümayəndə seçilib. Hətta 2010-cu ildə, Simonetta Sommaruganın Federal Şuraya seçilməsi ilə, hökumətin idarəçiliyində qadınlar kişilərdən daha çox təmsil olundular.  Hal-hazırda isə İsveçrə parlamentində millət vəkillərinin 32 faizi qadınlardır. Bunun özü də dövrlərə görə dəyişən fərqli bir vəziyyətdir.

Statistikaya görə Azərbaycanda qadınlar 2006 –cı ildə bələdiyyə sektorunda 6faizlə təmsil olunurdularsa, hal-hazırda bu göstərici 38 faizə çatıb.

Qadınlar səhiyyə, təhsil sahəsində müsbət yöndə fərqlənərək üstünlük təşkil etsələr də, məktəb direktoru, baş həkim kimi vəzifələrdə çox aşağı faizlə təmsil olunurlar. Araşdırmalara görə, bu sferalarda bərabərlik uyğun olaraq 96% və 95% təşkil edir. İqtisadi (59%) və siyasi (23%) sferalarda bu fərq daha kəskindir.

XX əsrin birinci yarısında Azərbaycanda kişilərin sayı qadınlara nisbətən çox olub. Lakin baş vermiş repressiya və İkinci Dünya müharibəsi illərində kişilərin çoxsaylı tələfatı nəticəsində əsrin ikinci yarısından qadınlar çoxluq təşkil edir. Bununla belə, son 40 ildə  kişi  və qadınlar arasında fərqin nisbətən azalması müşahidə olunur.

Azərbaycan əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edir. Seçicilərin daha çoxu qadınlar olsa da, Azərbaycan Respublikasının Milli Məclisində cəmi 20 qadın vəkil var. İdarəçilikdə və yüsək səlahiyyətli seçkili orqanlarda da qadınların təmsilçiliyi olduqca zəifdir. Parlamentdə təmsil olunan deputatların cəmi 16,1 faizi qadınlardır. Hal-hazırda qadınlar bələdiyyələrdə 38 faizlə təmsil olunur.

2016-cı ildə dövlət qulluğunda inzibati vəzifə tutmuş 30060 nəfərin cəmi 28,6 faizi və ya 8607 nəfəri qadınların payına düşür.

Dünyada gender bərabərsizliyini aradan qaldırmaq üçün bir sıra tədbirlər görülür. Avropa  Şurasının dəstəyi ilə BMT-nin bu istiqamətdə apardığı işlər təqdirəlayiqdir. Son zamanlar bu istiqamətdə Bakıda və regionlarda keçirilən təlimlər, konfranslar müsbət addım hesab olunur. 

Azərbaycan BMT-nin "Qadınlara qarşı bütün növ ayrıseçkiliyin ləğv edilməsi” beynəlxalq konvensiyasına qoşulub.

Beynəlxalq təşkilat qadınlara, hətta onların seçdikləri peşə reproduktiv sağlamlıqlarına ziyan versə belə, seçim hüququnu nəzərdə tutan layihələr təklif edir.

BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsi Azərbaycandan Əmək Məcəlləsində olan (ƏM) qadın əməyinin qadağan edildiyi peşələr və iş yerləri ilə bağlı maddələrin çıxarılmasını tələb edib, amma buna hələlik məhəl qoyulmayıb.

Ekspertlər hesab edir ki, bu, səhv münasibətdir. Bu məhdudiyyətlər qadınların sağlamlığının mühafizəsinə yox,  onların hüquqlarının pozulmasına yönəlib.

Diskriminasiyaya məruz qalmama

Cəmiyyətimizdə qadınların məruz qaldığı diskirminasiyanı bəziləri "pozitiv diskirminasiya” adlandırırlar. Azərbaycan Respublikası  ƏM-nin 241-ci maddəsində (Qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlər) nəzərdə tutulub. Orada aydın surətdə yazılıb ki, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqi qadağandır. 

Əmək Məcəlləsində qadınların hansı sahələrdə işləyə bilməyəcəkləri konkret yazılıb: misal üçün, zərif cinsin nümayəndəsi nə qədər çəkisi olan yükü neçə metr məsafəyə və hündürlüyə daşıya bilər; qadınların yer altında işləmək şərtləri, gecə növbələri və s..

Könül Alı adlı şəxsin şəkli.

Azərbaycan Beynəlxalq Əmək Təşkilatının "Analığın mühafizəsi haqqında” Konvensiyasına da qoşulub. Bu sənədin qadınların reproduktiv sağlamlığının mühafizəsi haqqında tələbi var. 

Bir sıra beynəlxalq təşkilatlar, eləcə də BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsi Azərbaycandan tələb edir ki, ƏM-də qadınlarla bağlı qadağanlar ləğv edilsin. Lakin qadınların bu maddə ilə müəyyən edilmiş normalardan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi qadağandır. Mövcud normaya görə, qadınlar 15 kq-dan ağır yük götürə bilməzlər. Ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın bir metr yarımdan artıq hündürlüyə qaldırılması; bütün iş günü (iş növbəsi) ərzində müntəzəm olaraq ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın əl ilə qaldırılıb başqa yerə daşınması; 15 kiloqramdan artıq gücün sərf edilməsi qadınların əmək funksiyası normalarına daxildir. Hamilə və 3 yaşınadək uşağı olan qadınların bu maddədə nəzərdə tutulmuş işlərin görülməsinə cəlb olunması qadağandır. Qadın əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb olunması, habelə ezamiyyətlərinin məhdudlaşdırılması ƏM-nin 242-ci maddəsi ilə tənzimlənir. Hamilə və yaş yarımadək uşaqlı qadınların daha yüngül işə keçirilməsi 243-cü, uşağın yedizdirilməsi üçün fasilələr 244-cü, natamam iş vaxtı müəyyən edilən hallar və həkim müayinəsi zamanı əmək haqqının saxlanılması isə 245-ci maddələrdə əksini tapıb. Azərbaycanın ƏM-də olan bu qadağalar həmçinin Rusiya qanunvericiliyində də, mövcuddur. Rusiya ƏM-nin qadınlara aid maddəsində göstərilir ki, qadınların ağır yükdaşımada, poladəritmə sexlərində çalışması qadağan olunur.

Bəzən isə bu qadağalara baxmayaraq qadınlara kişilərə eyni iş imkanları yaradılsa da, qadınlar kişilərlə müqayisədə daha az maaş almalı olurlar. Qadın hüquqlarını Müdafiə təşkilatları, ictimai birlik rəhbərləri, ictimai fəallar zaman-zaman bu mövzunu gündəmə gətirir, qadınlara qarşı ədalət prinsipinin pozulduğunu vurğulayırlar. Müzakirə mövzusu qadınların əmək fəaliyyətinin yetərincə qiymətləndirilməməsi olduğundan,  "gender büdcəsi” termini gündəmə gəlir.

"Gender büdcəsi” termini dünya praktikasında çox aktualdır.  Ümumiyyətlə, qadın və kişilərə bərabər əmək sərfiyyatının qarşılığında eyni məvacib verilməməsi bu siyasətin həyata keçirilməsinə ehtiyac yaradır. 

Bu nüans Azərbaycan qanunvericiliyində də, qeyd olunub. Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirir ki, "gender büdcəsi” gender bərabərliyinin təmin edilməsi üçün istər dövlət, istərsə də özəl sektor tərəfindən ayrılan xüsusi büdcədir: "Azərbaycan Respublikasının büdcə haqqında qanunvericiliyində xüsusi maddə əhatə edilməyib. Onun əhatə edilməsi məqsədəuyğun hesab edilir. Amma  Azərbaycan Respublikasının büdcəsində qadın hüquqlarının təmin edilməsi, gender bərabərliyinin təmin edilməsinə xüsusi maliyyə vəsaiti ayrılır”.

Bəs qadınlar, onlara pozitiv diskirminasiya məqsədi ilə ayrılan  "gender büdcəsi”ndən yararlana bilirlərmi?

Bu sualla keçirdiyimiz sorğunun nəticələrindən aydın oldu ki,  qadınlar bu imkandan nəinki istifadə etmir, ümumiyyətlə "gender büdcəsi” məfhumunun varlığından xəbərsizdirlər.

Bildiyimiz kimi, Azərbaycan  Konstitusiyasında qadınların hüquqları mükəmməl təsnif olunub. "Gender büdcəsi” də yalnız kağız üzərində olan qanunlardan biri olaraq qalmaqdadır. Qadınların əksəriyyəti hüquq və imkanlarını bilmir, bilənlər də adətən haqqlarını tələb etmək istəmədikləri üçün bunun üstündən keçirlər. Təəssüf ki, bu barədə hansısa maarifləndirmə işləri aparılmadığına görə qadınlarımız bu pozitiv imkanlardan yararlana bilmirlər. Dövlət büdcəsindən "gender büdcəsi” maddəsi üzrə  maliyyə vəsaiti ayrılsa da, bu pullar təyinatı üzrə xərclənmir.

Qadınların ölkənin ictimayi-siyasi həyatında fəaliyyət imkanlarını hərəkətə gətimək məqsədi ilə Müsavat Partiyasında qadınlara kvota ayrılıb. Bu, bəzən siyasi rəqabətdə cinslər arasında ədalət prinsipinin pozulması kimi qiymətləndirilsə də, qadınların Azərbaycan kimi avtoritar rejimlərdə ictimai fəaliyyətə cəlb edilməsi baxımından, olduqca effektiv bir mexanizmdir.

Müqayisəli təhlil aparsaq görərik ki, qadınların və kişilərin cinsiyyətə görə fərqləndirilməsinə, məsələn, əməkhaqqlarının fərqli hesablanmasına dünyanın başqa ölkələrində də rast gəlinir. Azərbaycanda bu barədə statistik rəqəmləri əldə etmək mümkün olmasa da, inkişaf etmiş ölkələrdə bu, problem deyil.

Cinslər arasında fərq əsrdən əsrə azalmaqdadır. Amma bu inkişafın sürəti o əqdər zəifdir ki, cinslər arasında bərabərliyin təmin olunması üçün hələ uzun bir yol keçiləcək. Bu məsələyə fərqli cəmiyyətlərdə oxşar münasibətlərin olması isə gender bərabərliyinin  bütün ölkələrdə yaxın dövrlərdə 100 faiz təmin olunmasının mümkünsüzlüyünü sübut edir.

Müxtəlif ölkələrdə kişilərlə qadınların illik gəlirləri arasında fərq 75 faizlə, 30 faiz arasında dəyişir. Məsələn, Almaniyada bir qadın, bir kişinin qazancının 70%ni qazanır. Bu, o deməkdir ki, bir kişinin bir ildə aldığını, bir qadın yalnız 15 ayda qazana bilər. ABŞ-da orta yaşlı qadınlar bundan bir qədər artıq alır – kişilərin bir ildə qazandığının  74 faizini.  ABŞ-da yaş faktoru qadın olmaqla bərabər çox önəmlidir. Yaşı 50-dən çox olan qadınlar kişilərin qazancının yalnız 64 faizi qədərinə güvənə bilərlər.

Müqayisəli təhlilimizdə İsveçrədə mövcud olan Gender bərabərliyi qanunauyğunluqlarını əsas götürdüyümüz üçün İsveçrə ilə də, davam edək.

1981-ci ildə İsveçrə konstitusiyasına "Cinslərin bərabərliyi, bərabər işə bərabər əməkhaqqı” qanunu əlavə edildi. 2016-cı ilə qədər İsveçrə Dünya Ekonomik Forumunda iştirak edərkən cəmiyyətin Cinslərin Boşluq Hesabatında dünyanın ən çox Gender bərabərliyinin təmin olunduğu 11 dövləti içərisində və Avropada 6-cı yerdə qərar tutduğu bildirildi.

Bununla bərabər İsveçrənin dövlət statistikasının 2014-cü ilə olan məlumatına görə İsveçrə özəl sektorda çalışan qadınların kişilərdən 19, 5% daha az qazandılar. Təəssüf ki, Azərbaycanda real statistik göstəriciləri əldə etmək mümkün deyil. 

"Pozitiv diskriminasiya”nın dezavantajları nələrdir?

Geriyə diskirminasiya yaradır. Bu, pozitiv diskirminasiyanın əsas özəlliyidir. Bu halda professional bacarıqlar nəzərə alınmadan cinsi ayrımçılıq ön plana çəkilir, qadın qazanmaqdan çox itirir. Daha çox cavabdehlik, enerji tələb olunan vəzifələrdə təmsil olunmağa imkan verilməyən qadın arxayınçılıq hissi yaşayır. Əksər hallarda belə vəziyyətlərdə qadınlarda ruh düşkünlüyü yaranır. Dolayısı ilə reproduktiv sağlamlığı təhlükə altına düşür

Qadınların diskirminasiyaya məruz qalmasının əlehinə olanlar hesab edilər ki, çətin iş, disiplin, birgə uğurlar üçün hər iki cinsə bərabər şərait yaradılıb, əməyi eyni qiymətləndiriləndə nəticə müsbət olar.

Stereotiplər 

Gender məsələlərinin kökündə duran amillərdən biri iqtisadi böhran, psixoloji gərginlikdən yaranan emossional haldırsa, ikinci və çox önəmli səbəb mentalitetə əsaslanan, cəmiyyətdə dərin kök salmış streotiplədir. Bu streotipləri dağıltmaq, qadını qane etməyən cəmiyyətin yenidən qurulması barədə gözlənilən müsbət nəticə reallığa yaxındır. Araşdırmalara görə gender bərabərliyinin təmin olunduğu ölkələr adətən inkişaf etmiş, demokratik cəmiyyət qurmuş ölkələrdir. Avtoritar sistemlərdə  ümumilikdə  insan haqqlarının pozulması faktoru yüksəldikcə, gender bərabərliyi tələbi ikinci plana keçir.

Cəmiyyətin yenidən qurulmasına qeyri-ixtiyari iştirak edən qadın bütün məsuliyyəti ilə hər cür ağır yükün altına girir. Kişilərlə bərabər istehsalatda, sənayedə, kənd təsərrüfatında və əmək sərf olunan digər bütün sahələrdə çalışa bilirsə, qarşı cinsin edə bilmədiyi, işdən sonrakı ev-ailə və məişət qayğılarını da çəkirsə, onun yeni, daha mükəmməl həyat arzulması bəzən həm cəmiyyət, həm də ailə tərəfindən niyə qəbuledilməz olsun?

Azərbaycanda  Gender məsələləri barədə qanunun 5-ci maddəsinə əsasən cinsi mənsubiyyətə görə ayrı-seçkiliyi əks etdirən işə qəbul haqqında elanlarda kişi və qadınlara fərqli tələblərin irəli sürülməsinə, hər hansı cinsin nümayəndələrinə üstünlük verilməsinə, işaxtaranın ailə vəziyyəti və ya şəxsi həyatı barədə məlumatlar sorğusuna yol verilmir. Bu qanunun da digərləri kimi işləməməsi "Ancaq gənc və gözəl qızlar üçün iş yerləri” tipli elanlar verən müəssisə rəhbərləri cinayət məsuliyyətinə cəlb olunmaması kimi faktlarla isbatını tapır.

Bu nəticəyə gəlmək olar ki, qanunun müddəalarına əməl olunmur, qadınlar seksual qısnamaya məruz qalır, sırf seksual predmet, kölə kimi istifadə edilməsinə cəhd olunur. Qanunlar buna yol verməsə də, bu reallıqla üzləşilir, dövlət qadınların mühafizəsi üçün qəbul edilən qanunları əməli işdə tətbiq edərək qadına sahib çıxmır. 

Pensiya problemi

Yaşı 40-dan çox olan qadınların potensialı işəgötürən tərəfindən dəyərləndirilmir, ixtisar olunaraq daha gənc qadınlarla əvəz olunurlar. Yaşı 40-dan yuxarı işsiz qadınların çoxluq  təşkil etməsi, digər tərəfdən də qadınların pensiyaya çıxmaq qaydalarının  mürəkkəbləşdirilməsi qadınların rifah halını aşağı salır. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtlərində təklif olunan dəyişikliyə əsasən, 60 yaşına çatmış qadınların fərdi hesabına sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il yanvarın 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası almaq hüququ var.  Ötən ilə qədər Azərbaycan qanunvericiliyinə görə qadınların pensiya yaşı 60 idi. Dəyişikliyə görə qadınlar üçün pensiya yaşı 65-ə qaldırıldı. Belə ki, bəzi sahələr istisna olmaqla (təhsil, səhiyyə və aşağı faizlə təmsil olunduqları digər dövlət qulluqları) işəgötürənlər tərəfindən yaş məhdudiyyətinə görə işsiz qalan qadınlar tələb olunan 25 il sığorta stajını toplaya bilməyəcək. Nəticədə Azərbaycanda yaşamın maksimal həddi 60-70 yaş arasında olduğundan əksər qadınlar pensiya da ala bilməyəcək.

İctimai həyatın mühüm cəhətlərindən biri olan Gender probleminin yaranması mənafe toquşmaları, cəmiyyətin özünün inkişaf dinamikası ilə birbaşa bağlıdırsa onu ölkədə baş verən siyasi və iqtisadi məsələlərlə də, əlaqələndirmək lazımdır.

Gender problemini bu prosesləri nəzərə almadan təhlil etmək mümkün deyil. Qadınlar  Azərbaycan əhalisinin yarıdan çoxunu təşkil edir və zərərçəkənlərin də durumunun bu həddə gəlib çıxmasının fundamental və sosial tərəfləri var.

Araşdırmalar göstərir ki, Gender bərabərsizliyini aradan qaldırmaq üçün doğru yol xəritəsi mental streotiplərdən azad olaraq, cəmiyyətdə ictimai və sosial streotiplərinin formalaşmasına təkan verməkdi.

Mentalitetin və din faktorunun Azərbaycanda törətdiyi balans pozğunluğu kişi və qadın münasibətlərində özünü kəskin surətdə büruzə verir və ən kiçik zədələrdə münasibətlərin qırılıb tökülməsinə, cinslər arasında xüsusi bağ təşkil edən dəyərlərin məhv edilməsinə, hətta bir-birinə xətər yetirməyə, qətlinə qədər gətirib çıxardır.

Qadınlara dövlət qayğısının artırılması istiqamətində mühüm addımlar atılmalı, zorakılığa, iqtisadi, psixoloji, fiziki təzyiqə məruz qalmasının, öldürülməsinin qarşısının alınması üçün xüsusi dövlət dəstəyi göstərilməlidir. Qanunlar işlək olmalı, sürətlə vüsət alan Gender probleminin yaranması səbəblərinin aradan qaldırılması üçün tədbirlər görülməlidir.

Bərabərlik hüququ

İnsanlar yaşamın mövcud olduğu gündən ayrı-seçkiliyin bütün formalarına – milli, dini, irqi, cinsi və s. ayrı-seçkiliyə qarşı mübarizə aparıblar. İnsanlar yaşam tarixinin müxtəlif mərhələlərində bərabərliyin bir çox növlərində müsbət nəticə əldə etsələr də, cinslər arasındakı fərqin dərin uçurumu aradan qaldırılmayıb. Yuxarıda qeyd etdiyimiz bir çox inkişaf etmiş ölkələrin bəzilərində, məsələn İsveçrədə gender bərabərliyi tam, bir çoxunda isə qismən təmin olunub.


Bərabərlik hüququ Azərbaycan Konstitusiyasının 25-ci maddəsin­də öz əksini tapıb. Maddədə hamının qanun və məhkəmə qarşısında bərabər olması, kişi və qadınların hüquq bərabərliyi, eləcə də bərabərlik hüququ ilə qarşılıqlı surətdə bağlı olan ayrı-seçkiliyə yol verilməməsi prinsipi əks olunub. Təklif olunan əlavələrdə bərabərlik hüququnun və ayrı-seçkiliyə məruz qalmamaq hüququnun məzmunu genişləndirilir, bu hüquqların mühüm elementləri (təminatları) Konstitusiya səviyyəsində təsbit edilir.

Reallıq budur ki, Azərbaycan cəmiyyətində din faktoru və dərin kök salmış mental stereotiplər mövcuddur. Statistik rəqəmlər Azərbaycanda qadınların 60 faizinin öz ailələri tərəfindən zorakılığa məruz qaldığını, məhz doğmalarının onların sağlamlıqlarına xətər yetirdiyini göstərir. Əksər hallarda isə zorakılığın baş verməsi faktı gizli saxlanılır. Belə hallar qadınların öz hüququları barədə maarifləndirilməsinin lazımi səviyyədə aparılmasının vacibliyini ortaya qoyur.

Təhsildən yayındırılma, erkən nigahlar qadın zorakılığına yol açan səbəblərdəndir. Qeyd etdiyimiz kimi qadınlara zorakılıq, qəsdlə zərər yetirmə, qətlə yetirmə cinayətləri əsasən məişət zorakılığı zəminində baş verir. Qadınların ailədə tam hüququsuz olması, bu məsələdə onların dövlət dəstəyi almaması, qarşı  cinsin onun hüquqlarını tapdalamasına hüquq-mühafizə sisteminin göz yumması faktları qadınların hüquqlarının pozulmasına rəvac verir. 

2016-cı ildə ölkədə  məişət zorakılğı zəminində 897 cinayət hadisəsi baş verib. Dövlət Statistika Komitəsinin məlumatına görə, məişət zorakılığı ilə bağlı qeydə alınmış hadisələrin 9,6 faizi əvvəllər də cinayət törətmiş şəxslər tərəfindən törədilib. 58 cinayət hadisəsi sərxoş vəziyyətdə törədilib.

Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 4,2 faizi qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 2,5 faizi qəsdən sağlamlığa ağır zərər vurma, 91,5 faizi qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma, 0,7 faizi əzab vermə, 1,1 faizi isə digər cinayətlərə aiddir.

Qəsdən adam öldürmə və adam öldürməyə cəhd cinayətlərində 11.8 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərində 22,2 faiz artım, qəsdən sağlamlığa az ağır zərər vurma cinayətlərində 15.8 faiz, öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə cinayətlərində 75,0 faiz, digər cinayətlərdə isə 53,3 faiz azalma müşahidə olunub.

Qadın cinayətlərinin artması onu göstərir ki, əhalinin sosial, iqtisadi durumu aşağı düşdükcə, ailələrdə psixoloji gərginliklər artır, nəticədə zərər çəkən yenə qadın olur.

Sorğu:

"Gender bərabərliyi” dən danışanda niyə qadınların müdafiəsi başa düşülür?

Bunun da müəyyən səbəbləri var. Cəmiyyətimizdə ən çox hüququları pozulan, şiddətə məruz qalan cins qadınlardır.

"Qadın və kişilər bərabərhüququludur?” sorğumuza münasibət bildirənlərin əksəriyyəti birmənalı olaraq "Yox”, dedi.

Sorğuda iştirak edənlərin yalnız  9 faizi Azərbaycan Konstitusiyasının qadınların hüquqları barədə maddəsini qeyd etsələr də, bu qanunun kağız üzərində olduğunu, reallaşdırılmadığını bildirdilər. Hətta, numayişkaranə "Qadın kişinin köləsidir”,  "2 qoçun başı bir qazanda qaynamaz, peyğəmbərimiz buyurub ki, kişi qadından üstündür”, "Cəmiyyətimizin yazılmamış qanunlarına görə, qadın kişidən bir addım arxada olmalıdır” və sairə bu kimi cavablar verərək məsələni Azərbaycanda hüququ dövlətin olmamamsı, ümumiyyətlə insanların hüququsuz olması ilə, bəziləri İslam dinin qaydalarına görə kişinin qadının başının ağası olmasının vacibliyi ilə, digərləri kök salmış mental streotiplər ilə əlaqələndirdilər.

Sorğu iştirakçılarının 4 faizi qadın və kişilərin bərabərhüququlu yarandığı kimi, bərabər qaydada yaşama haqqları olduğunu bildirdi. Bu, Gender bərabərliyinin cəmiyyətdə qəbul edilməsinin ən aşağı göstəricidir. 

"Gender bərabərliyi” Beynəlxalq təşkilatların mütəmadi qəbul etdikləri konvensiyalarından, Azərbaycanın "Qadınlara qarşı bütün növ ayrı-seçkiliyin ləğv edilməsi” və Qadın hüquqları barədə konvensiyalara qoşulmasına rəğmən, bu konvensiyanın müddəalarına əməl olunmur. Bəzən demokratik düşüncəli insanlar belə, gender bərabərliyinin heç bir zaman mümkün olmayacağı barədə fikirlər bildirirlər. Bu da mədəni inkişaf yolu keçmiş, sivil cəmiyyət arzusunda olan təhsilli insanların da qadın kişi bərabərliyinə birmənalı yanaşmadığını göstərir. Belə ki, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq kişilər hegemonluqlarını əldən vermək istəmir. Elə bu səbəbən də qadınlar öz haqq və hüququları uğrunda aktiv fəaliyyət göstərməli, mübarizə aparmalıdırlar.

Qarşı cinsin maraq dairəsini əhatə etməyən, mövcud durum onlara sərf etdiyi üçün hər-hansı dəyişiklik istəməyən kişilər "Gender bərabərliyi”  mövzusunun gündəmə gətirilməsində maraqlı deyillər. Ən pisi Azərbaycan qadınları ictimailəşmək istəmir, öz hüquqularını bilmədiklərindən məişət zorakılığına məruz qalırlar, şiddət görürlər, qətlə yetirilirlər.

Zorakılığın bir neçə növü var:

Psixoloji zorakılıq
Fiziki zorakılıq, şiddət
İqtisadi zorakılıq 

Psixoloji zorakılıq –  ailə içərisində övladlarının gözü qarşısında təhqir olunur, qorxudulur, lağa qoyulur. Etiraz edə bilmir.

Fiziki zorakılıq, şiddət – döyülür, öldürülmə həddinə çatdırılır. Bəzən qatil olma həddinə çatdırılır. Etiraz edə bilmir.

İqtisadi zorakılıq – təhsili olsa belə işləməsinə imkan verilmir, iqtisadi baxımdan kişidən asılı olur. Etiraz edə bilmir.

Araşdırmalar göstərir ki, psixoloji zorakılığa məruz qalmış qadınlar  cəmiyyətə yararlı övlad tərbiyə edə bilmir. Fiziki zorakılıq qadının əzablı həyatına, nəhayət ölümünə səbəb olur. İqtisadi zorakılığa məruz qalmış qadınlar şiddət görsə də, psixoloji təzyiqə məruz qalsa da, iqtisadi asılılıq ucbatından dözməyə, boşanmamağa üstünlük verir. Bununlada qarşı cinsin onun üzərində hegemonluğunu davam etdirməsinə rəvac verir.

Yuxarıda sadaladığımız faktlardan yola çıxaraq bu qənaətə gəlmək olar ki, qadının öz hüquqlarını bilməsi və tələb etməsi üçün maarifləndirmə şərtddir. Ki bu mentalitet və din səbəbiylə aparılmır. Qadın azadlığı mentalitet və dinin düşməni olduğu kimi, din və mentalitet də qadınları hüququsuz cəmiyyətə məhkum edən faktorlardır.

Qadınların səlahiyyətləndirilməsi, diskriminasiyaya məruz qalmama, bərabərlik hüququ barədə ekspertlərimiz nə düşünür?

Mətanət Əzizova ile ilgili görsel sonucu"Qadın Krizis Mərkəzi” nin rəhbəri Mətanət Əzizova bildirir ki, Azərbaycanda kişi və qadın bərabərliyi haqda qanun 2006-cı ildə qəbul edilib. Baxmayaraq ki, artıq 12 il keçib hələ də, bu qanun işlək səviyyədə deyil. Bu gün bu qanun adi kağız parçasıdır. Onun hansı formada, kimlər tərəfindən tətbiq edilməsi bilinmir. Qanun pozulanda hansı cəzalar tətbiq olunacaq, o da bilinmir. Məsələn, qanunda maddə var ki, iş elanlarında işçinin cinsini qeyd etmək qadağandır, amma, praktikada biz görürük ki iş elanlarında nəinki cinsi, yaşı, bəzi hallarda yaraşıqlı olması tələbi də qeyd olunur. Yaxud, iş yerlərində cinsi qısnamaya məruz qalmaq. Təəssüf ki, bu gün işəgötürəni buna görə cəzalandırmaq mümkün deyil və bunun üçün qanunvericilikdə boşluqları aradan qaldırmaq lazımdır.

Əgər ölkədə qanunlar işləmirsə, artıq qadınlara hansısa siyasət tətbiq olunmayacaq. Ona görə qanunvericilik mükəmməl olmalıdır ki, qadınlar hüquqları pozulan zaman qanun vasitəsi ilə öz hüquqlarını müdafiə edə bilsin.

Ona görə də cavablarım bu cür səslənə bilər.

Qadınların səlahiyyətləndirilməsi cəmiyyətdə demək olar ki, yoxdur. İş yerlərinə baxsaq görərik ki, əsas postlarda kişilərdir. Ən yaxşı hallarda qadınlar müavin vəzifəsinə təyin edilə bilər. Qadınlar ən çox təhsil və səhiyyə sahələrində təmsil olunurlar, məhz orada da, rəhbərlikdə kişilər təmsil olunur.
Qadınlar diskirminasiyaya iş yerlərində tez-tez məruz qalırlar. Həm vəzifəyə təyin edilmədə, həm də ixtisar olunmada qadınlar ixtisar olunur. İş yerlərində cinsi qısnama var və qadınlar çox vaxt buna susurlar. Ona görə ki, məhz onları günahlandıracaqlar.
 
"Təmiz Dünya İctimai Birliyi”nin rəhbəri Mehriban  Zeynalova:

Mehriban zeynalova ile ilgili görsel sonucu"Əslində qanunvericilikdə qeyri-bərabərliyi təşviq edən nəsə yoxdur. Sivil cəmiyyətlər üçün köhnəlmiş adətlər, streotiplər qadınları buxovlayır, girov saxlayır, onların inkişafına birbaşa əngəl törədir. Məhz streotiplər – qadınların qərarqəbuletmədə iştirakını, sosial – iqtisadi gücünü, təhsilini, sağlamlığını, sülh danışıqlarında rolunu, ailədə seçimini heçə endirir. Gender bərabərliyinə nail olmağın yolu cəmiyyətdə kişi və qadınları streotiplərdən xilas etməkdir.”

Ekspertlərimizin də qeyd etdiyi kimi, qanunlar var, ancaq işləmir. Məhz qanunlarda olan bir sıra boşluqlar və mövcud qanunların əməli işdə tətbiq olunmaması bu gün qadınların cəmiyyətdə layiq olduqları yeri tuta biməməsinə səbəb olur.

Gender bərabərliyini təmin etmək üçün qarşıda duran vəzifələr və qanunvericilik.

Ümumbəşəri insan haqları baxımından hər iki cinsdən olanların haqlarının qorunması və möhkəmləndirilməsi, qadın və kişilərin bu haqlardan istifadə etməsi üçün müvafiq tədbirlərin görülməsi.

İdarəçilikdə və qərar qəbul etmək səviyyəsində qadın və kişilərin bərabər iştirakı üçün şəraitin yaradılması, demokratik təmsilçiliyin yaxşılaşdırılması və inkişafı.
Qadın və kişilərin əmək bazarında, biznesdə və maliyyə sferasında bərabər iştirakına şərait yaradılması, hər bir vətəndaşın iqtisadi müstəqilliyinin inkişafı üçün şəraitin yaradılması. 

Təhsil sistemində qadın və kişilərin bərabər iştirakına şərait yaradılması. Qız və oğlanların təhsil alması üçün sosial stereotiplərin möhkəmləndirilməsi və bərabər təhsil almaq imkanlarının saxlanması tədbirlərinin görülməsi. Cəmiyyətdə cinsi bərabərlik ideyalarının yayılması üçün bir mexanizm kimi təhsil sisteminin inkişafı.

Həm qadınlar, həm də kişilər üçün peşə fəaliyyəti ilə ailə həyatının harmonik və səmərəli şəkildə uzlaşdırılmasına kömək etmək. 

Qadınlara qarşı zorakılığın aradan qaldırılması: 

- məişət zorakılığının kökünün kəsilməsi

-Sosial uyğunsuzluqların aradan qaldırılmasının vacibliyinin başa düşülməsinə kömək edilməsi və qadınla kişilərin arasında məsuliyyətin bölünməsi.
Azərbaycan Respublikasının qanunvericiliyi həyatın bütün sahələrində qadın və kişilərin bərabərliyi ideyalarını ifadə edir. 
Bütün bunlar cəmiyyətdə gender qeyri-bərabərliyinin ləğv edilməsi və genderə görə balanslaşdırılmış siyasətin inkişafı üçün əsasdır. 
Azərbaycan Respublikası 1995-ci ildə qadınlara qarşı bütün növ ayrı-seçkiliyin ləğv olunması barədə Konvensiyanı, eləcə də insan haqları üzrə əsas beynəlxalq sənədləri qəbul etmiş və onlara qoşulmuşdur.  

Ümumilikdə kişi və qadının arasındakı cinsilik əsaslı bioloji fərqliliyi ilə qəbul olunsa da, ictimai həyatda yaşam fərqliliyinin müxtəlif məqamları ilə xarakterizə oluna bilər. Gender bərabərliyini qəbul etmək istəyən cəmiyyət qadının cinsini bəhanə gətirməyərək, onun qabliyyət və bacarıqlarını əsas götürməlidir. Əgər bu xüsusiyyətlər qəbul olunmursa, ortaya aqressiv münasibət qoyulursa bu bərabərliyin 2027-2030-cu illərə (ekspertlər bu illərdə gender bərabərliyininbütün dünyada təmin olacağını etimal edirlər) qədər yox, daha sonraya təsadüf edəcəyini göstərir. 

Qarşı cinsin Gender  bərabərliyini tələb edənlərə qarşı çıxması onu sübut edir ki, onlar bilavasitə cəmiyyətdə daha çox qadınların hüquqlarının tapdanması faktını qəbul edir və o, hüquqların məhz kişilər tərəfindən pozulmasını isbat edirlər. Nəzərə almaq lazımdır ki, ümüdverici görsənməyən bu davranışlar təkcə qadınlara yox, ümumilikdə cəmiyyətə yönəldilib. Ailədə sərbəst fikir sahibi olmayan qadın cəmiyyətə faydalı olmamaqla yanaşı, sağlam düşüncəli nəsil də yetişdirə bilməyəcək. Cəmiyyətə sağlam düşüncəli övlad verə bilməyən ana,  psixoloji zorakılığa məruz qalaraq, ilk növbədə öz doğmaları tərəfindən mənən öldürüləcək. 

Könül Alı

Jurnalist araşdırması Avropa Ittifaqı və BMT İnkişaf Proqramı tərəfindən dəstəklənən, "Demokratiya Monitoru İctimai Birliyi”nin ekspertləri tərəfindən həyata keçirilən "Azərbaycanın bölgələrində hüquqi çərçivə və qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsi vasitəsilə gender bərabərliyinin təşviq edilməsi üçün genişləndirilmiş Vətəndaş Cəmiyyəti dəstəyi” Layihəsi çərçivəsində edilmişdir.