Pampıq nağılı - Natiq Cəfərli

Pampıq nağılı - Natiq Cəfərli

28-03-2017 17:36 / Bu xəbər 3055 dəfə oxundu

Natiq Cəfərli,
iqtisadçı ekspert

Bu gün Saatlıda "Pambıqçılıq müşavirəsi” keçirilib, qərara gəldim ki, "pambıq mifini” də dağıdım, bəlkə bu yazı qərarverənlərə də kömək oldu. Görünən odur ki, bu sahəni də araşdırmadan qərarlar verilir.

2005-ci ildə ölkədə 112441 hektarda pampıq əkilmişdi, həmin il 200 min tona yaxın pampıq yığılmışdı. Bu göstəricinin Azərbaycan iqtisadiyyatında ciddi rolu olmadı. Sonradan neft pulları gəldi, pampıq yaddan çıxdı, 2015-ci ildə cəmi 18684 hektar sahədə pambıq əkildi. 

Keçən ildən başlayaraq yenə pampık əkini sahələri artırılır və 2017-ci ildə 200 min ton pampıq yığılması hədəf kimi qarşıya qoyulub. Yəni, biz pampıqçılıqda ən yaxşı halda yenidən 2005-ci ilə qayıdacağıq. Amma bu günə qədər hökumət bir araşdırma aparılıbmı ki, 10 ildə pampəq əkini sahəsi niyə 6 dəfə (!!!) azalıb?! Əgər bu orqanik böyüyən və orqanik gəlirliyi olan sahə, yəni sərfəli olsaydı, niyə insanlar 10 ildə əkin sahəsini 6 dəfə azaltdılar?! 

Keçək əsas mərhələyə - məhsuldarlıq məsələsinə. 2015-ci ildə ölkə üzrə hər hektardan ortalama, 18,8 sentner pampıq yığılıb. Ən pis göstərici Zərdab rayonunda olub – hektardan cəmi 1 sentner. Ən yaxşı göstərici isə Bərdə rayonunda olub – hektardan 28 sentner pampıq yığılıb. Bu gün müşavirə olan Saatlı rayonunda məhsuldarlıq hər hektardan cəmi 15 sentner olub. 

Arayış üçün deyim ki, məhsuldarlıq hər hektardan Özbəkistanda 29 sentner, Qazaxstanda 31 sentner, ABŞ-da 43-45 sentnerdir. Hesablamalara görə ortalama məhsuldarlıq hər hektardan 25 sentner olanda pampıq əkib-becərmək üçün xərclər ödənilir, 25 sentnerdən artıq məhsuldarlıq olanda isə bu sahə ilə məşğul olmaq sərfəli olur. 

Pampıq qiymətlərinə gəldikdə isə dünya bazarlarında 5 növ pampıq satılır, ən baha əla növ pampıqdır ki, əsasən Misir, ABŞ, Hindistan və Çində bu növ pampıq istehsalı olur. Dünya pampıq bazarının 7%-ni təşkil edən Özbəkistan 3,2 mln ton pampıq tədarü edir ki, bunun cəmi 5-8%-i əla növ kimi satəşa çıxarılır. Əla növ pamöığın tonu 1500 dollar civarındadır, 1-ci növ 1300 dollar, 2-ci növ 1100 dollar, 3-cü növ 900, 4-cü növ isə 800 dollardır. Bizim pampıq 3-cü və 4-cü növ kateqoriyasına aiddir. 

Deməli, pampıqçılıqda əsas hədəf əkin sahəsini genişləndirmək deyil, bizdə bu yolu tutdular, otlaq və yem sahələrində pampıq əkdilər - ətin qiyməti qalxdı. Əsas məsələ məhsuldarlıq və keyfiyyətdir! Yəni, biz pampıqdan gəlir götürmək istəyiriksə, hər hektardan, azı, 30 sentner pampıq yığmalıyıq ki, bunun da heç olmasa, 10%-i əla növ, 50%-i 1-ci növ, qalanı isə 2-ci, 3-cü və 4-cü növ növ olsun. Məhz o zaman bu sahənin ölkəmizə xeyri dəyə, qazanc gətirə bilər. İndiki yanaşma və idarəetmə üsulu ilə pampıqçılıq xeyir verməyəcək, əksinə, texnika, kübrə alımı ölkədən valyuta çıxarılmasına səbəb olacaq, insanlara əziyyət və xəstəliklərdən başqa bir xeyri dəyməyəcək.

Bu da hökumətə pulsuz konsaltinq, belə araşdırmaları xaricilərə pul verib yazdırırlar, sonra heç əməl də etmirlər. Pulsuz yazdım, onsuz da əməl etməyəcəklər, heç olmasa xaricilərə yazı-pozuya pul verməsinlər...

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.