Oteldə pulu oğurlanan vətəndaş nazirdən kömək istədi - FOTOLAR

Oteldə pulu oğurlanan vətəndaş nazirdən kömək istədi - FOTOLAR

18-01-2018 02:04 / Bu xəbər 6865 dəfə oxundu

Cəlilabad rayon Maşlıq kənd sakini Şahbazov Elvin Balabəy oğlu Arqument.az-a ünvanladığı şikayət məktubunda daxili işlər naziri Ramil Usubovdan kömək istəyib.

Müraciətdə deyilir: 

"Сənab nazir!
Mən Şahbazov Elvin Balabəy oğlu 1992-ci ildə Cəlilabad rayon Maşlıq kəndində anadan olmuşam. Ailəliyəm iki övladım var. Kartof, soğan, qarğıdalı əkib ailəmizi dolandırırıq. Ötən ilin iyul ayında öz kəndlim Namiq Kərimovla "Meyvəli” bazarında qarğıdalı alveri edirdik. Kəndimizdən əkdiyimiz öz məhsulumuzu, həm də kəndlilərimizin məhsulunu alıb "Meyvəli” bazarında satışa çıxarırdıq. Lökbatan qəsəbəsinin ərazisində fəaliyyət göstərən "Binə” ticarət mərkəzinin ərazisində yerləşən "Binə 2” otelində otaq kirayələmişdik.  Gündüz alver edib, gecədə otelin 15-ci otağında qalırdıq. Bazarda Masallı rayon sakini Səfail Şahbazovla tanış olduq. S.Şahbazov taksi fəaliyyəti ilə məşğul idi. Gecə qalmağa yeri olmadığından bizdən xahiş etdi ki, gəlib bizim kirayələdiyimiz 15-ci otaqda qalsın. Biz də etiraz etmədik. 

Cənab nazir!
Səfail Şahbazov bir müddət bizimlə otaqda qalandan sonra bizdən borca pul istədi və mən də pulumun olmadığını, olan pulumun ancaq alver üçün lazım olduğunu bildirib ona pul vermədim. Bir neçə gün sonra səhərə yaxın oyanıb gördüm ki, S.Şahbazov otaqda yoxdur. Tez gedib paltarımın ciblərinə baxdım və gördüm ki, cibimdə olan 1700 manat pul yoxdur. Dərhal çarpayıda yatmış şərikim Namiq Kərimovu da yuxudan oyadıb pulumun oğurlandığını bildirdim. Namiq Kərimov da dedi ki, pulu S.Şahbazov aparıb. On gün S.Şahbazovu axtardım, amma tapa bilmədim. Məsələylə bağlı Qaradağ rayon polis bölməsinə müraciət etdim. Polis S.Şahbazovu tapdı və biz üzləşdik. S.Şahbazov həm mənim, həm də şərikim N.Kərimovun üzünə durub deyir ki, guya biz pulu buna faizlə borc vermişik. Amma əslində belə deyil, o bizim pulumuzu gecə vaxtı cibimdən oğurlayaraq aradan çıxıb. Bu gün S.Şahbazov oğurluq hadisəsi törətməsinə baxmayaraq hələ də azadlıqda gəzir. 

Hörmətli cənab nazir!
Faktla bağlı Qaradağ RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə cinayət işi açılıb. İşin istintaqını polis kapitanı müstəntiq Tural Alıyev aparır. Amma təəsüflər olsun  ki, nə cinayətkar həbs edilir, nə də mənim pulum qaytarılır.   Sizdən xahişim odur ki, cinayətkarın tez bir zamanda məsuliyyətə cəlb olunaraq mənim oğurlanmış 1700 manat pulumun qaytarılması üçün Qaradağ RPİ-nin İŞ-nə müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz. Öncədən sizə özüm və ailəm adından təşəkkür edirəm. 

Redaksiyadan: Məsələylə bağlı müstəntiq Tural Alıyevlə əlaqə saxladıq. Müstəntiq bildirdi ki, baş vermiş oğruluq hadisəsi ilə bağlı araşdırma aparılır və istintaq getdiyi üçün geniş açıqlama verə bilməyəcək.

Vasif Elihuseyn