Oqtay Əsədov: "Deyəsən, dərmanın dozası çox olub"

Oqtay Əsədov:

30-11-2018 16:43 / Bu xəbər 1464 dəfə oxundu

Dərman vasitələrinin topdan satışına dair tələblərin pozulmasına görə cəzalar müəyyənləşdi

"Deyəsən, dərmanın dozası çox olub, qanun layihəsinin mahiyyəti qalıb bir kənarda, hamı dilin qorunmasından danışır”.

Milli Məclisin iclasında spiker Oqtay Əsədov belə deyib. 

O, "Dərman vasitələri haqqında" qanuna dəyişiklik layihəsinini müzakirəsi zamanı deputat Tahir Kərimlinin sənəddə "effektiv” sözünün "səmərəli” sözü ilə əvəzlənməsi təklifinə münasibət bildirib:

"Birincisi, biz dilimizi qorumalıyıq. Bu, ən vacib məsələdir. Mən və parlament rəhbərliyi də dilin qorunmasının tərəfdarıyıq. Dilin qorunması ilə hər hansı monitorinq qrupunun yaradılmasına ehtiyac yoxdur. Biz özümüz bununla məşğul oluruq. Bu məsələ ilə gələcəkdə də məşğul olmaq lazımdır. Amma xahiş edirəm, gündəliklə bağlı məsələlərə münasibət bildirək”.

Tahir Kərimli çıxışında bildirib ki, dilimizə hörmət etməliyik:

Tahir Kərimli

"Əgər biz özümüz özümüzə hörmət etməsək, heç kim bizə hörmət etməyəcək. Bu dil bizə ata-babalarımızdan qalıb. Biz də bu dilin saflığının qorunması üçün əlimizdən gələni etməliyik. Təklif edirəm ki, parlamentdə dil monitorinq mərkəzi yaradılsın. Qanun layihələri cənab prezidentə təqdim olunmazdan əvvəl həmin mərkəzdə baxılsın”.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev isə deputatın çıxışına cavab olaraq bildirib ki, sənəddə yazılan "effektiv” sözü tibbi bir anlayışdır.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov əlavə edib ki, dərmanlarla bağlı terminləri hər gün Azərbaycan dilinə tərcümə etməyə çalışsalar, işləri çətin olar:

Əhliman Əmiraslanov

"Ona görə də bizi başa düşmək lazımdır. "Effektiv” sözü dərmanın insan orqanizminə necə təsir etməsinə aiddir”.

"Dərman vasitələri” haqqında qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsinə əsasən, Azərbaycanda dərman vasitələrinin topdan satışına dair tələblərin pozulmasına görə cəzalar müəyyənləşib.

Dərman vasitələri haqqında qanunvericiliyin pozulması maddəsinə əlavə olunan bəndlərə əsasən, dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına, eləcə də topdan satışına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək, hüquqi şəxslər 5 000 manatdan 7 000 manatadək məbləğdə cərimə edilir.

Musa Quliyev

Bu xəta inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədildikdə-vəzifəli şəxslər 2 500 manatdan 4 500 manatadək məbləğdə, hüquqi şəxslər 6 000 manatdan 8 000 manatadək məbləğdə cərimə edilir.

İnzibati Xətalar Məcəlləsinin 452-ci (Fiziki şəxslərə dərman vasitələrinin buraxılması qaydalarının pozulması) maddəsində nəzərdə tutulan cəzalar həm də aptek təşkilatlarına dair tələblərin pozulmasına da aid ediləcək.

Maddəyə edilən əlavə bəndlərə əsasən, aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər 500 manatdan 700 manatadək məbləğdə, hüquqi şəxslər 1 000 manatdan 2 000 manatadək məbləğdə cərimə olunur.

Bu xəta inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədildikdə-vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 5 000 manatdan 7 000 manatadək məbləğdə cərimə edilir.

Layihə müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.///Meydan.tv