"O investisiyaları Azərbaycana qaytarmaq çətin olacaq"

20-02-2017 19:19 / Bu xəbər 2084 dəfə oxundu

Ötən il Türkiyəyə Asiya ölkələrindən ən çox Azərbaycan yatırım edib. 

Türkiyəyə yatırılan 2 milyard dolların 652 milyonu Azərbaycana məxsusdur. 

Bu haqda məlumatı Türkiyənin "Turkaznews”  saytı yayıb. 

Gürcüstan da Azərbaycanın ən çox investisiya yatırdığı ikinci ölkədir. Bu məlumatı Türkiyə-Gürcüstan-Azərbaycan Biznes Forumunda  iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, indiyədək Azərbaycan Gürcüstana 3,4 milyard ABŞ dolları investisiya yatırıb. Beləliklə, 2012-2016-cı illərdə Azərbaycan Gürcüstana ən çox investisiya yatıran ölkə olub. Gürcüstan isə Azərbaycanın qeyri-neft sektoruna 76 mln. ABŞ dolları investisiya yatırıb.

Azərbaycana yatırılan investisiyalarla bağlı ümumi rəqəmlər açıqlanmır.  Yalnız prezident İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib ki, ölkəyə 8 milyard dollar xarici investisiya cəlb edilib: "Baxmayaraq ki, gəlirlərimiz 3-4 dəfə aşağı düşüb, Azərbaycanda yaradılmış gözəl sərmayə iqlimi hesabına biz ölkəmizə 8 milyard dollar xarici investisiya cəlb edə bilmişik. Bu da çox gözəl göstəricidir”.

Bəs azərbaycanlıların qonşu ölkələrə investisiya yatırmasının səbəbi nədir? 
 
Natiq Cəfərli: "Azərbaycan Türkiyə və Gürcüstanda yatırım etməyə məcburdur"
Sualı cavablandıran iqtisadçı Natiq Cəfərli Toplum TV-yə açıqlamasında  deyib ki, Türkiyə və Gürcüstan üzərindən olan infrastrukturlarda Azərbaycanın dövlət olaraq marağı böyükdür: "Azərbaycanın Avropaya çıxışı  Gürcüstan və Türkiyə üzərindəndir. Bu ölkələr üzərindən olan infrastrukturlarda Azərbaycanın dövlət olaraq marağı böyükdür. Son zamanlarda yatırımların artması” Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində görülən işlərlə bağlıdır. Azərbaycan öz üzərinə öhdəliklər götürüb və Avropaya 2019-2020-ci illərdə 10 milyard kub metr qaz göndərməklə bağlı öhdəliyi var. Bir növ, Azərbaycan Türkiyə və Gürcüstanda yatırım etməyə məhkumdur və məcburdur. Çünki Azərbaycanın dünya okeanına  birbaşa çıxışının olmadığına görə, dünyaya, əsasən də,  Avropaya çıxışı Gürcüstanla Türkiyə üzərindəndir. Azərbaycan öz maraqlarından çıxış edərək bu addımları atır. Təbii ki, bu yatırımların hansı formada edilməsi, neqativ proseslərin və korrupsiya əməllərinin olma ehtimalı başqa məsələdir”.
 
Vahid Əhmədov: "Türkiyə və yatırımların edilməsi normaldır" 
Deputat Vahid Əhmədov da hesab edir ki, Azərbaycanın bütün strateji xətləri Türkiyə və Gürcüstandan keçir: "Azərbaycanın bütün strateji xətləri Türkiyə və Gürcüstandan keçir. Avropaya çıxış olaraq, Türkiyə və Gürcüstana yatırımların edilməsi normaldır”.
 
Nemət Əliyev: "Böhrandan çıxmaq üçün Azərbaycanın investisiyalara ehtiyacı var"
Related image
İqtisadçı Nemət Əliyev isə Toplum.TV-yə verdiyi açıqlamasında qeyd edib ki, Azərbaycanda  investorların həm Gürcüstana, həm Türkiyəyə yatırımlarını bu dərəcədə yatırması ölkədə investisiya üçün əlverişli şəraitin olmaması ilə bağlıdır: "Azərbaycanlı investorların Gürcüstana və Türkiyəyə yatırımlar etməsi daxili şəraitlə bağlıdır. Məsələ burasındadır ki, Azərbaycan bu gün investisiya üçün əlverişli bir ölkəyə çevrilməyib. Sahibkarlığın və biznes fəaliyyətinin inkişafı baxımından çox əlverişsiz bir şərait  var. Son illərdə sahibkarlara olan basqılar ölkədə qanunsuzluğun və məmur özbaşınalığının həddindən artıq ayaq açdığının göstəricisidir. Azərbaycanda milli valyutanın sürətli şəkildə üzən məzənnə adı ilə sağa-sola dartışdırılması investorların da burada normal fəaliyyət göstərməsinə mane olur. Ona görə də, investorlar vəsaitlərini xarici ölkələrə daşıyırlar. 2014-cü ildə Azərbaycan iqtisadiyyatına 22,6 milyard dollar investisiya yatırımı həyata keçirilibsə, bu göstərici 2016-cı ilin sonunda 9,3 milyarda düşdü. Bunun səbəbi də Azərbaycanda vəziyyətin çox gərgin olmasıdır. Azərbaycanda əlverişli  investisiya mühiti yaradılmasa, sahibkarların vergi və gömrük orqanları tərəfindən sıxışdırılmasına son qoyulmasa, ölkədə normal və müstəqil məhkəmə sistemi  yaradılmasa, müstəqil qanunverici  orqanı formalaşmasa, bu proses hələ çox davam edəcək və o investisiyaları Azərbaycana qaytarmaq çox çətin olacaq. Bu gün iqtisadi böhrandan çıxmaq üçün Azərbaycanın investisiyalara ehtiyacı var”.

Alya A.