Nadiyə Murad – İŞİD-ə meydan oxuyan qız

Nadiyə Murad – İŞİD-ə meydan oxuyan qız

16-04-2019 20:59 / Bu xəbər 2341 dəfə oxundu

Alya Yaqublu

"Sual:
- Cinsi yetkinlik yaşına çatmamış kölə qızla cinsi əlaqədə olmaq olarmı?

Cavab:
- Cinsi yetkinlik yaşına çatmamış kölə qız cinsi münasibətə hazırdırsa, onunla cinsi əlaqəyə girmək olar.

Sual:
- Əsir qızı satmaq olarmı?

Cavab:
- Əsir və kölə qızları almaq, satmaq və bağışlamaq olar, çünki onlar sadəcə mülkiyyətdirlər”.

İŞİD-in "Əsir almaq və kölə etməklə bağlı suallar və cavablar” adlı təlimat kitabçasından.

***

Nadiyə Murad – iraqlı hüquq müdafiəçisi, Nobel sülh mükafatı laureatı, BMT-nin insan ticarəti qurbanlarıyla iş üzrə xoşməramlı səfiri, İraqdakı insan ticarəti barədə BMT Təhlükəsizlik Şurasına məlumat verən ilk şəxs.

2014-cü ildə İŞİD tərəfindən seks köləliyinə məcbur edilib. Əsirlikdən qaçıb, başına gələnlər haqqında "Sonuncu qız. Mənim əsirlik tarixçəm və İŞİD-ə qarşı mübarizəm” adlı kitab yazıb. "Nadiyənin təşəbbüsü” adlı təşkilat yaradaraq kütləvi zorakılıq qurbanlarına tibbi və psixoloji yardım göstərilməsi istiqamətində fəaliyyətə başlayıb (sülh mükafatına bu fəaliyyətinə görə layiq görülüb), təşkilatın və vəkil Amal Kluninin təkidləri sayəsində BMT İŞİD-in yezid xalqına qarşı cinayətlərinin araşdırılması üçün 2017-ci ildə komissiya yaradıb. Buna görə Nadiyə Murad İŞİD-çilər tərəfindən ciddi təhdidlərə məruz qalıb.

Ötən il o, yezid fəal Abid Şamdinlə nişanlanıb.

****

15 avqust 2014-cü ildə İŞİD silahlıları İraqdakı Sincar şəhərinin Koço kəndinə basqın edib orda kütləvi qırğın törədirlər – islamı qəbul etməyi rədd edən kişiləri və yaşlı qadınları öldürüb 1000-dən çox gənc qadın və qızı, o cümlədən 16 yaşlı Nadiyəni əsir alırlar (3 il sonra kənddə 5 kütləvi məzarlıq aşkar ediləcəkdi). Öldürülənlər arasında Nadiyənin anası, 6 qardaşı, 3 əmisi oğlu, iki dayısı oğlu da vardı.

Yezidləri "kitabsız kafirlər” adlandıran İŞİD-çilər əsir qadınları "şəriətin qəti qaydalarına əsasən” seks kölələyinə cəlb edirdilər. Bu qaydalara əsasən bazarlarda və "Facebook”da əldən-ələ satılan qızlardan biri də Nadiyəydi.

Nadiyə Muradın kitabından:

"İnsanlar deyirlər ki, yezidilik həqiqi din deyil, çünki bizim Bibliya və Quran kimi rəsmi dini kitabımız yoxdur. Yezidlərin bəziləri çərşənbə günü – yəni Tovuz Mələk göylərdən enən gün çimmirlər, ancaq dualar oxuyub istirahət edirlər deyə bizə pinti deyirlər; üzü günəşə dua edirik deyə bizi bütpərəst adlandırırlar. Müsəlmanlar bizim reinkarnasiyaya inamımızı da pis qarşılayırlar, halbuki bu inam itkilərimizlə barışmağımızı asanlaşdırır, icmalarımızdakı birliyi möhkəmləndirir. Yezidlərin bir qismi kahı yemir, Tovuz Mələyin rəngi olduğu üçün göy rəngli paltar geymir – bunlara görə də bizi lağa qoyurlar.

Amma yezidlər əsrlər boyu bu inanclarla yaşayıblar. Biz həmişə öz dinimizlə fəxr etmişik, ona görə başqalarından ayrı düşməyimiz bizi narahat etməyib. Biz daha çox ərazi işğal etməyə çalışmamışıq, hakimiyyət həsrətində olmamışıq. Bizim dinimiz bizdən başqa yerləri tutmağı və öz inancımızı yaymağı tələb etmir”.

****

Nadiyə Murad İŞİD tərəfindən əsir alınanda orta məktəbin sonuncu sinfində oxuyurdu. Həyatını alt-üst edən o hadisə baş verməsəydi, məktəbi bitirib universitetə girəcək, tarix müəlliməsi olacaqdı. Tarix onun və sinif yoldaşlarının "yaralı yeriydi”, çünki "İraqın konstitusiyasında yezidlər haqda heç nə yazılmamışdı, Səddam onlardan özlərinə ərəb deməyi və BƏƏS-ə üzv olmağı tələb edir, kürdlərlə mübarizədə dəstək istəyirdi. Biz ümid edirdik ki, böyüyüb yezidlərə də yer tapılan tarix yaza biləcəyik. Ola bilsin, hətta parlamentə də seçilib xalqımızın hüquqları uğrunda mübarizə aparacağıq”.

Yezidlər əsasən kurmanc dilində (cənubi və cənub-qərbi İran dillərindən biri) danışan etnik xalqdır, tarixi vətəni qədim Assuriyanın paytaxtı Nineviya şəhəri hesab olunur. Vətəndaş müharibəsinə qədər əsasən İraqda (Ain Sifni, Sincar və Dahuk şəhərlərində, təxminən 700 min nəfər); bundan başqa, İran, Suriya, Türkiyə, Ermənistan, Gürcüstan və Rusiyada yaşayan yezidlərin 1-1,5 milyon nəfər olduğu təxmin edilir. Bəzi elmi mülahizələrə görə, etnik yezidlərin sayı daha çoxdur, bir qismi sonradan müsəlmanlaşdırılıb. Avropa ölkələrində də yezidi icmaları var, ən böyüyü Almaniyadadır - ötən əsrin ikinci yarısından etibarən başlamış əmək miqrasiyası nəticəsində hazırda bu ölkədə onların sayının 50 mindən çox olduğu bildirilir.

2014-ün iyununda - İŞİD Mosulu işğal edəndə İraq hakimiyyəti, Kürdüstan hökuməti və Sincardakı kürd məmurlar koçoluları kəndi tərk etməməyə inandırırlar. Digər yerlərdə soydaşlarının öldürüldüyndən xəbərsiz olan yezidlər Hamdaniyə və Mosulda şiələrin çıxıb getməsinə icazə verildiyini eşidib bir az da arxayınlaşırlar və Koçoda qalmaq qərarına gəlirlər.

* * *

3 avqust 2014-cü ildə İŞİD Sincarı işğal edir və yezidlər yaşayan kəndlərə girib qırğınlar törədir. Dağlara qaçmağa fürsət tapanlardan toplanan məlumata görə, həmin gün 3000-ə yaxın yezid öldürülür, gənc qadınlar və qızlar əsir alınır.

14 avqustda Koçoya girən İŞİD-çilər kəndin əhalisinə islamı qəbul etmək üçün 3 gün vaxt verirlər, amma artıq sabahısı gün koçoluların hamısını (1700 nəfər) məktəbə toplayıb onlardakı telefonları, pulları, ziynət əşyalarını yığır və islam dininə keçmək istəyənlərə məktəbdən çıxmağı təklif edirlər. Heç kim yerindən tərpənmir.

İŞİD silahlıları əvvəlcə kişiləri (700 nəfər) kənddən 200 metr kənara aparıb orda güllələyirlər.

Sonra qadınları maşınlara doldurub əhalisi artıq öldürülmüş olan qonşu kəndə aparırlar, yaşlı qadınları (80 nəfər) ayırıb güllələyirlər. 9-25 yaş aralığındakı gənc qızları (150 nəfər) avtobuslara doldurub Mosula – İŞİD-in baş qərargahına aparırlar (Nadiyə Murad "Novaya qazeta”ya müsahibəsində orda digər kəndlərdən gətirilmiş daha 400 qadın olduğunu deyib), 63-nü seçib Mosulda saxlayırlar, qalanlarını Suriyaya göndərirlər. Nadiyənin hər iki bacısı göndərilənlər arasında olur. Özü və 15, 16 və 17 yaşlı üç qardaşı qızı Mosulda qalır.

Bundan sonrasını cinsi istismar cəhənnəmindən keçmiş qızın öz dilindən oxumanızı istəyirəm, çünki İŞİD-çilərin davamlı təcavüzünə məruz qalmağın dəhşətini vasitəli nitqlə çevirmək çətindir.

***

Nadiyə Muradın "Novaya qazeta”ya müsahibəsindən (10 yanvar 2016), bəzi ixtisarlarla:

"Avqustun 18-də ikinci mərtəbəyə - bizim saxlandığımız yerə 100 döyüşçü gəldi və hər biri özünə qız seçməyə başladı. Qızların çoxu qorxudan qışqırırdı, bəzilərini hətta qusma tutmuşdu. Mən və qardaşım qızları bir-birimizi qucaqlayıb yerdə oturmuşduq, biz də qışqırırdıq.

Qara paltarlı, şkaf boyda, beş adam enində biri bizə yaxınlaşıb mənə "Ayağa dur” dedi. Etiraz etdim, ondan qorxduğumu, başqa biriylə getmək istədiyimi dedim. Döyüşçülərdən biri sözümü kəsdi: "Səni kim seçirsə, onunla getməlisən. Sizə yaxınlaşırlar və siz ayağa qalxıb gedirsiz. Bu əmrdir”.

Nəhəng adam məni birinci mərtəbəyə apardı. Orda kimin hansı qızı götürdüyünü qeydə alırdılar. Mənim adımı tapana qədər yanımıza bir adam gəldi - nəhəng olmayan. Heç üzünə də baxmadan yerə çöküb onun ayaqlarını qucaqladım, yekə adamdan qorxduğumu dedim, yalvardım ki, məni o götürsün. Həmin adam razılaşdı və ordakılara ərəbcə "Bunu mən aparacam” dedi.

***

Onun adı Hacı Salmanıydı - səhra komandiri, Mosuldan.

Onun qərargahına getdik. Orda Hacı Salman 6 cangüdənindən birinə tapşırdı ki, mənə Quranı öyrətsin. Dedim ki, mənimlə işi olmasa, islamı qəbul edərəm. Razılaşmadı: "Yox, sən bizim qadınımız olacaqsan, səni buna görə seçmişəm”. Dedim, onda dinimi dəyişməyəcəm. Hacı Salman "Siz yezidlər kafirsiz, dinə gəlməlisiz. Sənin qardaşların, qohumların dinsiziydilər, ona görə də mən onları öldürdüm. Amma sizi İŞİD-in müsəlmanlarına verəcəyik, bundan sonra dinsiz olmayacaqsız. Biz sizi kafirlərdən xilas etdik ki, islamı qəbul edəsiz”.

O gecə Hacı Salmana menstruasiya olduğumu dedim. ....... Səhər gedəndə bu axşam mənimlə mütləq yatacağını bildirdi. Sonra sürücüsü don və kosmetika gətirib onun tapşırığını çatdırdı: çim, bu donu gey və üz-gözünü bəzə. Artıq qaçış yoxuydu. Dediklərini etdim. Bir azdan Hacı Salman gəldi....... və məni zorladı. Onda mən hələ bakirəydim. Axıra qədər qışqırdım, köməyə çağırdım. Qapının ağzında cangüdənləri, sürücüsü, başqa döyüşçülər vardı, amma heç biri mənə kömək etmədi. Heç veclərinə də olmadı.

Sabahısı gün Hacı Salman mənə qara paltar geydirib Mosulun islam məhkəməsinə apardı. Orda minlərlə mənim kimi qara geyimli qız vardı, hamısının da yanında bir döyüşçü. Hüseyn adlı qazi başımızın üstündə Quran oxudu, bizi onun sözlərini təkrarlamağa məcbur etdilər və dedilər ki, artıq müsəlmansız. Sonra hər qızın şəklini çəkərək onunla yatan döyüşçünün adı və nömrəsiylə birlikdə divara vurdular. Bunu ona görə edirdilər ki, döyüşçülər məhkəməyə gəlib bəyəndiyi qızı seçsin və zəng vurub onu icarəyə götürsün – ya pulla, ya hansısa əşya qarşılığında. Bizi sata və ya hədiyyə olaraq da verə bilərdilər.

Məhkəmədən qayıdanda Hacı Salman mən dedi ki, qaçmağa çalışma, başına çox pis oyunlar açarıq. Sonrakı bir həftə ərzində onun yanına çoxlu döyüşçü gəldi... Çox ağırıydı, ona görə də nəyin bahasına olursa-olsun, hətta ölmək bahasına olsa belə, ordan qaçmaq qərarına gəldim.

Axşam 8-də birinci mərtəbəyə enib eyvandan həyətə adlamaq istədim, amma cangüdənlərdən biri gördü və tutub otağa gətirdi. Bir azdan Hacı Salman gəldi, əvvəlcə məni döydü, sonra soyunmağımı əmr etdi. Titrəyə-titrəyə soyunub küncə qısıldım. "Sənə demişdim axı, başına oyun açaram” deyib çıxdı, otağa onun 6 cangüdəni girdi.

O səhnələr bu gün də gözümün qabağından getmir. Əvvəlcə üçü məni zorlamağa başladı, dözməyib huşumu itirdim. Sonra nə baş verdiyini, daha neçə nəfərə ötürüldüyümü bilmirəm. Səhər 8-də ayılanda otaqda heç kim yoxuydu.

Sonrakı üç gün ayağa qalxa bilmədim, bədənimdə dəhşətli ağrılar vardı. Hərdən həmin cangüdənlərdən biri yemək gətirib çıxırdı. Ancaq dördüncü gün yerimdən dura bildim. Bir gün sonra Hamdaniyədən iki nəfər İŞİD-çi gəlib dedi ki, səni satın almışıq, bizimlə gedəcəksən.

O şəhərdəki evdə çoxlu paltar gördüm, yezid qadınların aid paltarları. Döyüşçülər dedilər ki, təkcə bir otaqda 11 qadın zorlayıblar.

Orda məni iki həftə saxladılar – hərəsi bir həftə məni zorladı. Sonra başqa iki nəfər gəldi, dörd qız gətirmişdilər, dəyiş-düyüş etməyə. Həmin qızları qoyub məni xidmət etdikləri yerə - blokposta apardılar. 10 gün də orda zorladılar. Bu dəfə məni bir nəfər gəlib götürdü, İŞİD-çi bir sürücü.

Onun yanında 2 gecə 3 gün qaldım. 3-cü gecə dedi ki, mənə təzə paltar almağa gedir: "Sən çimməli və bəzənməlisən. Baxmağa gələcəklər, bəyənsələr, səni onlara satacam”.

O çıxanda gecə saat 11 idi. Evdə ancaq ikimiz olurduq deyə tək qalmışdım. Küçəyə çıxdım. Xilas olacammı, yoxsa yenə tutub qaytaracaqdılar, bilmirdim. Qaçmağa başladım, köhnə evlərin yanında dayanıb birinin qapısını döydüm. Qaranlığıydı, qapını açanın İŞİD döyüşçüsümü, qadınmı, kişimi olduğunu görmədən özümü içəri saldım. Gizlənmək üçün ev lazımıydı mənə, necə olur-olsun, bir sığınacaq.

Evdə bir qadın, onun əri və uşaqlar vardı. Onlara yezid olduğumu dedim, bşıma gələnləri danışıb yalvardım ki, mənə kömək etsinlər. Kişi dedi ki, bu gecə qal, səhər baxarıq.

Sağ qalan qardaşlarımdan birinin qaçqın düşərgəsində olduğunu bilirdim. Səhər ər-arvaddan ona zəng vurmaq üçün telefon istədim, mənə burdan çıxmağa kömək edin, nə istəsəniz, verərəm dedim. Onlar mənə mobil telefon verdilər, qardaşımla danışdım, bu adamlara pul köçürməsini istədim.

Çox yaxşı insanlarıydı onlar, mənə kömək etmək istəyirdilər, amma çox kasıbıydılar. Qardaşım onlara pul köçürdü, ər-arvad da sözlərini tutub mənə şəxsiyyət vəsiqəsi – qadının vəsiqəsini və qara paltar verib taksi çağırdılar. Qardaşım Kərkükə getməyi tapşırmışdı. Evdən çıxmazdan əvvəl kişi parancalı şəklimi çəkib vayber vasitəsilə qardaşıma göndərdi (qarşılayanda tanıya bilsin deyə), mənimlə birlikdə özünün də yola çıxacağını yazdı. Mənə görə həyatını təhlükəyə atan bu adamın yanında mənim heç üzümə də baxmadılar, sadəcə vəsiqəni yoxladılar.

Yol boyu bütün postlara mənim şəklimin vurulduğunu gördüm. Məhkəmədə, parancasız çəkilmiş şəklimi. Altına "Bu yezid qız qaçıb. Onu görən olsa, qərargaha gətirsin” yazılmışdı. Biz kürd əsgərlərin durduğu Kərkük postuna çatanda qardaşım artıq ordaydı.

* * *

Və Nadiyə Muradın "Sonuncu qız” kitabından:

"Cenevrədəki ilk çıxışımdan heç bir il keçməmiş Nyu-Yorka getdim. BMT məni insan ticarətinin qurbanlarıyla iş üzrə xoşməramlı səfir təyin etmişdi və mən yenə publika qarşısına çıxıb başıma gələnlər barədə danışmalıydım. Artıq bu haqda danışmış olsan belə, o hadisələri xatırlamaq çətindir. Hər dəfə hər şeyi yenidən yaşamış kimi olursan. Dəfələrlə zorlandığım post haqqında danışanda və ya Hacı Salmanın məni örtüyün üstündən qamçıyla necə döydüyünü yadıma salanda sanki yenidən o günlərə qayıdıram və o dəhşəti yenidən hiss edirəm.

Hərçənd çıxış etməyə artıq alışmışam, böyük zallar daha məni qorxutmur. Səmimi şəkildə və şişirtmədən danışdığım hekayəm mənim terrorizmə qarşı ən yaxşı silahımdır, İŞİD döyüşçüləri məhkəmə qarşısına çıxana qədər ondan istifadə edəcəm. Dünya liderləri, xüsusilə də müsəlman ölkələrinin liderləri fəallıq göstərməli və əzilənləri qorumalıdırlar.

Çıxışlarımda mən onlara müraciət edirəm. Hekayəmi bitirib deyirəm ki, hər bir yezid bizə qarşı soyqırıma görə İŞİD üzvlərinin cəzalandırılmasını istəyir. O zallara toplaşanlar dünyadakı bütün müdafiəsiz insanları xilas etmək gücündədirlər. Deyirəm ki, məni zorlayan kişilərin gözünün içinə baxmaq və onlardan cavab tələb etmək istəyirəm.

Amma ən böyük istəyim odur ki, dünyada bu cür həyat hekayəsi olan sonuncu qız mən olum”.

Yazı və foto Meydan.tv-dən götürülüb.