Mustafa Hacıbəyli: Rəsmi qərar olmadan ''Basta'' saytına Azərbaycandan girişi bağladılar

Mustafa Hacıbəyli: Rəsmi qərar olmadan ''Basta'' saytına Azərbaycandan girişi bağladılar

11-07-2018 10:19 / Bu xəbər 522 dəfə oxundu

''Dünəndən 3 dəfə prokurorluğa çağırılmışam''

Bir neçə sayta qarşı Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət işi başlandığı bildirilir.

Bu barədə "Bastainfo.az” saytının baş redaktoru Mustafa Hacıbəyli öz "Facebook” səhifəsində məlumat yayıb. 

İyulun 9 və 10-da Respublika Prokurorluğunda dindirilən jurnalistin sözlərinə görə, yenə də ifadə verməyə çağırılıb: "Dünəndən 3 dəfə prokurorluğa çağırılmışam. Dosye toplayırlar. Deyirlər, yenə çağıracağıq. Heç bir rəsmi qərar olmadan "Basta” saytına Azərbaycandan girişi bağladılar - blokladılar. Sayta yalnız TOR brauzerdən girmək olur”.

Mustafa Hacıbəylinin sözlərinə görə, prokurorluğun "Basta”ya qarşı bütün ittihamları əsassızdır: "Heç vaxt qanunu pozmadıq və qanunsuz çağırış etməmişik. Mənbə göstərmədən və yoxlamadan heç bir yazı dərc etməmişik. Bizə qarşı bu qərarlar və ittihamlar Azərbaycanda söz azadlığının boğulması istiqamətində atılan növbəti addımlardır”.

"Bastainfo” saytının baş redaktoru Mustafa Hacıbəyli iyulun 9-da Binəqədi Rayon Polis İdarəsinə aparılıb. Sonradan onu Bakı Şəhər Prokurorluğuna dəvət ediblər.

Son iki gündə baş redaktor 3 dəfə dindirilib.

İyulun 9-da Baş Prokurorluq məlumat yayaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı edilən sui-qəsdlə əlaqədar bir neçə sayta qarşı da cinayət işi başlanıldığını bildirib. Həmin media qurumları çağırış xarakterli, ictimaiyyəti çaşdıran məlumatlar paylaşmaqda günahlandırılırlar.