Müsavatın yürüş-mitinqinə icazə verilmədi

Müsavatın yürüş-mitinqinə icazə verilmədi

05-03-2019 16:49 / Bu xəbər 1559 dəfə oxundu

"Hakimiyyət Müsavatın yürüş-mitinq müraciətinə "yox" dedi". 

Bunu Müsavat Partiyasının başqanı Arif Hacılı feysbukda yazıb.

O bildirib ki, partiya yürüş üçün alternativ məkanlar təqdim etsə də, İcra Hakimiyyəti yenə də yürüşün keçirilməsinə icazə veriməyib: "Biz şəhərin mərkəzindən uzaq, həm də bir neçə məkan göstərməklə hakimiyyətin bəhanəsi kəsmək istədik. Yenə olmadı". 

Arif Hacılı deyib ki, Bakı Şəhər İcra Hakimiyyətinin cavabı qanunsuz və əsassızdır: "Yürüş üçün müraciət etdiyimiz küçələr (Həsən bəy Zərdabi, S.S. Axundov) Bakının mərkəzi küçələri, Dərnəgül metrostansiyası yanındakı meydan və Məhsul stadionu şəhərin mərkəzi meydanları deyil. Ümumiyyətlə isə sərbəst toplaşma azadlığı həm Azərbaycan qanunvericiliyinə, həm də beynəlxalq hüquq normalarına görə başqa hüquqların (istirahət hüququ, nəqliyyatın sıx olduğu küçə) pozulması bəhanəsi ilə məhdudlaşdırıla bilməz".
 
"Sərbəst toplaşma azadlığı söz və ifadə, seçmək və seçilmək azadlıqları kimi prioritet insan haqlarına aiddir. Sərbəst toplaşma azadlığı və digər azadlıqlar uğrunda mübarizəmiz sonadək davam edəcək!", - o bildirib. 

Xatırlatma

Fevralın 25-də Müsavat Partiyası ölkədə "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əməl olunmamasını, hətta məhdud icazəli toplaşma imkanlarının da aradan qaldırılmasını pisləməklə 10 mart, saat 15:00-da yürüş-mitinq təyin etmişdi. 

Bununla bağlı partiya "Siyasi məhbuslara azadlıq”, "Sərbəst toplaşma azadlığı təmin edilsin”, "Aztəminatlı əhalinin kredit borcları dövlət tərəfindən ödənilsin” və digər tələblərlə S.S.Axundov küçəsindən başlamaqla, "Dərnəgül” metrostansiyası yaxınlığındakı meydana qədər yürüş, sonda mitinq keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndərmişdi.