Müsavatın mitinqinə icazə verilmədi - Partiya bəyanat yaydı

Müsavatın mitinqinə icazə verilmədi - Partiya bəyanat yaydı

09-01-2019 17:42 / Bu xəbər 1776 dəfə oxundu

Müsavat Partiyası siyasi məhbuslara təzyiqlərlə bağlı bəyanat yayıb.

Partiyadan Arqument.Az-a verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti heç bir əsaslı səbəb göstərmədən siyasi məhbuslarla bağlı mitinqin keçirilməsini də məqsədəuyğun hesab etməyib: 

"Azərbaycan hakimiyəti tərəfindən şərlənərək iki il müddətinə azadlıqdan məhrum edilən gənc bloger Mehman Hüseynov həbs müddətinin başa çatmasına iki ay qalmış yenidən qondarma ittihamlarla istintaqa cəlb olunub. Bu haqsızlıqlara etiraz edən vicdan məhbusunun həbsxanada aclıq aksiyasına başlaması ölkədə və bütün dünyada böyük əks-səda doğurub. Bir çox yerli və beynəlxalq qurumlar bu məsələyə münasibət bildirərək Azərbaycan hakimiyətindən Mehman Hüseynovun azadlığa buraxılmasını  tələb edir". 

"Müsavat Partiyası Mehman Hüseynovun və bütün siyasi məhbusların azadlığa buraxılması  tələbi ilə Bakı şəhərində mitinq keçirilməsi barədə Bakı Şəhər  İcra Hakimiyyətinə müraciət göndərib. Bakı Şəhər İcra Hakimiyyəti heç bir əsaslı səbəb göstərmədən bu mitinqin keçirilməsini məqsədəuyğun hesab etmədiyini bildirib", - bəyanatda qeyd edilir. 

Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyətinin bu qərarının "Sərbəst Toplaşmaq Azadlığı Haqqında Azərbaycan Respublikası Qanunu" nun tələblərinə zidd olduğunu bəyan edir, həmçinin ölkədə fundamental insan hüquqları, o cümlədən sərbəst toplaşma hüququnun təmin olunması, Mehman Hüseynov barəsində qaldırılan qondarma cinayət işinin xətm edilməsi uğrunda mübarizəsini davam etdirəcəyini deyir. 

"Müsavat Partiyası bir daha hakimiyətdən Mehman Hüseynovun və bütün siyasi məhbusların dərhal azad olunmasını tələb edir", - partiyanın bəyanatında deyilir.

Müsavat Partiyası yanvarın 6-da "Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq" şüarı ilə mitinq keçirmək barədə qərar qəbul etmişdi. Bu barədə partiyanın başqanı Arif Hacılı feysbukda məlumat yaymışdı.

Mehman Hüseynova 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. 

O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. 

Bloger ittihamın yalan və böhtan olduğunu bildirib. 

O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını vəkilləri vasitəsi ilə bəyan edib. Hazırda bloger su içsə də, 11 gündür ki, qida qəbulundan imtina etməkdə davam edir. 

Bloger 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. 

O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Bloger həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.

Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. 

Videolar geniş ictimai müzakirələrə yol açıb. Onun Feysbuk səhifəsinin 350 minə yaxın izləyicisi var.

Bununla yanaşı, rəsmi Bakı bütün fundamental azadlıqların tam təmin edildiyini, fikrinə, siyasi əqidəsinə görə insanların həbs edilmədiyini bildirir.

Beynəlxalq təşklatlar isə Azərbaycanda 10 jurnalist və blogerin həbsdə olduğunu bəyan edir.

Amnesty İnternational ölkədə ondan çox insanı "vicdan məhbusu" elan edib.

Məsud