Müsavat qurultay qərarına hazırlaşır

Müsavat qurultay qərarına hazırlaşır

04-06-2018 18:46 / Bu xəbər 2227 dəfə oxundu

İyunun 9-da Müsavat Partiyası Məclisinin iclası keçiriləcək. 

Başqan müavini, Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Novator.az-a bildirib ki, Məclisdə partiyanın 9-cu qurultayına hazırlıq məsələsinə də baxılacaq, müvafiq təşkilat komitəsi yaradılacaq.

Partiya nizamnaməsinə görə, qurultay Müsavatın ali orqanıdır, 4 ildən bir Məclisin qərarı ilə çağırılır. Nümayəndəlik normasını və qurultayın keçirilmə qaydasını Məclis müəyyən edir.

Qurultayın partiyanın proqramını və nizamnaməsini qəbul etmək, onlarda dəyişiklik və əlavələr etmək, Məclisin rayon (şəhər) təşkilatı sədri olmayan üzvlərini seçmək, partiyanın başqanını və Mərkəzi Nəzarət-Təftiş Komissiyasını seçmək səlahiyyətləri var.

Müsavat Partiyası 1911-ci ildə yaradılıb. Partiyanın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran olub.

Sovet hakimiyyəti illərində mühacirətdə fəaliyyət göstərən partiya 1992-ci ildə Bakıda keçirilən 3-cü qurultayda bərpa olunub, İsa Qəmbər başqan seçilib. Partiyanın 1995, 1997, 2001 və 2006-cı illərdə keçirilən qurultayları İsa Qəmbəri başqan postunda saxlayıb.

Hazırda Müsavat Partiyasının başqanı Arif Hacılıdır. 

O, başqan vəzifəsinə 2014-cü ilin sentyabrında keçirilən 8-ci qurultayda seçilib.