Müsavat bəyanat yaydı: "Azad Həsənovun həyatı təhlükədədir"

Müsavat bəyanat yaydı:

12-10-2018 15:57 / Bu xəbər 2583 dəfə oxundu

Oktyabrın 11-də Suraxanı rayonunun Hövsan qəsəbəsində saxlanılan Müsavat Partiyasının üzvü Azad Həsənovun harada saxlandığı bilinmir. 

Bu barədə "Basta”ya vəkil Osman Kazımov məlumat verib.

"Suraxanı Polis İdarəsində mənə bildirdilər ki, burada müvəqqəti saxlama təcridxanası təmirdə olduğu üçün gətirilənlər Xəzər Rayon Polis İdarəsindəki təcridxanaya aparılır, ora ilə əlaqə saxlayın. Xəzər polisindən də bildirdilər ki, bizə Azad Həsənov adlı adam gətirilməyib. Onun harada olması ilə bağlı Baş Prokurorluğun və Ombudsman aparatının qaynar xətlərinə müraciət etmişəm. İndiyə qədər onun harada olduğu barədə sorğulara cavab verilməyib. Bu gün həmçinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində oldum. Orada da deyiblər ki, burada belə adam yoxdur. Azad Həsənov faktiki olaraq itkin düşüb, onun həyatı təhlükədədir”, – deyə Osman Kazımov bildirib.

Vəkil deyib ki, əgər Azad Həsənovun barəsində hansısa cinayət işi, yaxud axtarış olsaydı, onu hava limanında saxlayardılar: "Amma o, xaricdən gələrkən hava limanında saxlanmayıb, sərbəst evə gedib və yalnız evinə çatdıqdan bir neçə saat sonra oğurlanıb”.

Fəalın saxlanması ilə bağlı Müsavat Partiyası da bəyanat yayıb.

Bəyanatda deyilir ki, Azərbaycan hakimiyyətinin azad düşüncə sahiblərinə qarşı repressiyası davam edir: Müsavat Partiyası Suraxanı rayon təşkilatının üzvü Azad Həsənov bu represiyanın növbəti hədəfidir.

Siyasi mühacir kimi Litvada yaşayan Azad Həsənov oktyabrın 11-də ölüm ayağında olan xəstə atasına baş çəkmək üçün Bakıya gəldikdən bir neçə saat sonra yaşadığı Hövsan qəsəbəsində özlərini polis kimi təqdim edən mülki geyimli şəxslər tərəfindən tutulub və 662 dövlət nömrə nişanlı qara Hundai avtomobili ilə naməlum ünvana aparılıb.

Azad Həsənovun saxlanmasının səbəbləri barədə onun ailə üzvlərinə heç bir məlumat verilməyib. Bir sutkadan artıq vaxt keçməsinə baxmayaraq, onun ümumiyyətlə harada saxlandığı barədə heç bir məlumat almaq mümkün olmayıb. Azad Həsənov faktiki olaraq itkin düşüb və onun həyatı təhlükədədir.

Müsavat Partiyası hakimiyyətdən qisasçılıq və repressiya siyasətinin dayandırılmasını, hüquq-mühafizə orqanlarından Azad Həsənovun harada olduğu barədə dərhal məlumat verilməsini, əgər həbs edilibsə, azad olunmasını tələb edir.

Müsavat Partiyası bütün hüquq müdafiə təşkilatlarını, o cümlədən Ombudsman aparatını Azad Həsənovun həyatına olan təhlükənin aradan qaldırılması istiqamətində tədbirlər görməyi çağırır”.