Müsavat başqanı 55 yaşını qeyd edir

Müsavat başqanı 55 yaşını qeyd edir

22-01-2017 01:51 / Bu xəbər 2536 dəfə oxundu

Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılının 55 yaşı tamam olur. 

Arqument.Az-ın məlumatına görə, Arif Mustafa oğlu Hacılı 1962-ci il yanvar ayının 22-də Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olub. Orta təhsilini Zaqatala rayonu Yuxarı Tala kənd 1 saylı orta məktəbdə alıb. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 

Xalq Hərəkatına tələbə ikən - 1988-ci ildə Bakıda keçirilən noyabr mitinqləri zamanı qoşulub. 1989-cu ildə Zaqatalada AXC nin yerli təşkilatının yaradıcılarından biri və lideri olub. 1989-cu ilin sentyabr ayında AXC Ali Məclisinin üzvü seçilib. 1989-cu ilin sonu, 1990-cı ilin əvvəllərində AXC-nin parçalanmasının qarşısının alınması, 20 Yanvar hadisələrindən sonra isə bu təşkilatın toparlanması üçün xüsusi fəallıq göstərən Ali Məclis üzvlərindən biri olub. 

1990-cı ildə 204 saylı Zaqatala seçki dairəsindən Azəbaycan Xalq deputatı seçilib. Azərbaycan Parlamentinin ən gənc üzvlərindən biri olub. Parlamentdəki ilk çıxışında Azərbaycanın üçrəngli istiqlal bayrağının parlamentin iclas zalına gətirilməsini, bu bayrağın parlament üzərinə qaldırılmasını tələb edib. Leninin büstünün və sovet bayrağının parlamendən götürülməsini tələb etməsi buradakı kommunist çoxluğun ciddi etirazlarına səbəb olmaqla yanaşı, ölkədə əks-səda doğurub. 

1991-ci ildə SSRİ nin saxlanması naminə keçirilən referendumun əleyhinə səs verən 43 istiqlalçı millət vəkilindən biridir. Bu referenduma qarşı parlamentin binasında başlayan 10 günlük aclıq aksiyasında Əbülfəz Elçibəy və digər 9 millət vəkili ilə birlikdə iştirak edib. 1991-ci ildə yaranan Azərbaycan Ali Soveti Milli Şurasının və Milli Məclisin üzvü olub. Həmin il AXC Ali Məclisinin Rəyasət heyətinin üzvü, sonra isə AXC Ali Məclisinin sədri seçilib. Elçibəyin hakimiyyəti dövründə Azərbaycan Respublikasının Ərazi Hakimiyyət və İdarəetmə Orqanları ilə İş üzrə Dövlət Müşaviri vəzifəsində yerli icra hakimiyyəti strukturlarının işinə rəhbərlik edib. Dövlət Ərzaq komissiyasının sədri kimi ölkənin ərzaq böhranından çıxmasında mühüm rol oynayıb. 

Ağdərə, Füzuli, Qubadlı, Ağdam və digər rayonların ərazilərinin erməni silahlı birləşmərinin hücumlarından müdafiəsinın təşkilində və bəzi döyüş əməliyyatlarında bilavasitə iştirak edib. 4 iyun qiyamının nəticələrinin aradan qaldırılması, prezident Elçibəyin səlahiyyətlərinin qiyam yolu ilə əlindən alınmasına qarşı açıq müqavimətin təşkilnə cəhd edən dövlət xadimlərindən biri olub.

1992-ci ildə Müsavat Partiyasının Bərpa Mərkəzinin üzvü, 1994-cü ildən Müsavat Partiyasının Seçki, Təşkilat məsələləri katibi, sonralar başqan müavini, 2006-cı ildən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri olub. Arif Hacılı partiya quruculuğunda, ana müxalifət olaraq Müsavatın apardığı siyasi mübarizədə, partiyanın iştirak etdiyi seçki kampaniyalarında misilsiz xidmətlərə malikdir. 1998-ci ildən Elçibəyin yaratdığı və sədri olduğu Bütöv Azərbaycan Birliyinin sədr müavini olub. 1998-ci və 2000-ci ilərdə keçirilən kütləvi aksiyaların, mitinq və nümayişlərin əsas təşkilatçılarından biri kimi dəfələrlə saxlanılıb və həbs edilib.

Azərbaycanın siyasət tarixində ən güclü seçki kampaniyarından sayılan 2000-ci il parlament seçkiləri və 2003-cü il prezident seçkiləri zamanı təşkil olunan,müstəqil müşahidəçilərin rəyinə görə birində Müsavat Partiyasının, digərində isə Müsavat Partiyasının namizədi olan İsa Qəmbərin qalib gəldiyi seçki kampaniyalarına rəhbərlik edib. Son illərdə Azərbaycanda keçirilən ən kütləvi siyasi aksiya olan 12 oktyabr 2003-cü il tarixli mitinqin təşkilatçılarından biri və aparicisi olub. 16 oktyabr 2003-cü il tarıxdə Prezident seçkilərinin nəticələrinin saxtalaşdirilmasina qarşı keçirilən etiraz aksiyasının əsas təşkilatçılarından biri kimi həbs olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib. 

Arif Hacılı 2005-ci ildə əfv ərizəsi yazmadan Azərbaycan ictimaiyyətinin və beynəlxalq qurumların tələbləri nəzərə alınaraq azadlığa buraxıldıqdan sonra 110 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb, seçkilərdə 10 mindən çox seçicinin səsini toplayaraq bunu bütün məntəqələrdən olan protokollarla təsdiq etməyə nail olsa da, bu dairədə seçkilərin nəticələri ləğv edilib, növbəti dəfə parlamentə buraxılmayıb. 

2009-cu ildə iki dəfədən artıq Prezident seçilməyə qoyulan Konstitusiya qadağasının aradan qaldırılması ilə bağlı keçirilən referendum zamanı buna etiraz məqsədi ilə Müsavat partiyası tərəfindən yaradılmış "Respublikaçılar" referendum qrupunun ümummilli kampaniyasına rəhbərlik edib. Arif Hacılı 2011-ci ildə "Ərəb Baharı" adlanan siyasi fəallıq dönəmində Müsavat Partiyasının təşkil etdiyi 12 mart və İctimai Palatanın təşkil etdiyi 2 aprel mitinqlərinin əsas təşkilatçısı kimi həbs olunaraq yenidən iki il yarım müddətinə azadlıqdan məhrum edilib. Cəza müddətinin əksəriyyətini çəkdikdən sonra yenə də əfv ərizəsi yazmadan yerli və beynəlxalq ictimaiyyətin tələbi ilə azadlıqa buraxılıb.

Arif Hacılı iki dəfə beynəlxalq "Amnesty İnternasional" təşkilatı tərəfindən "Vicdan məhbusu" elan edilib. 2003-cü ildə qeyri-qanuni həbs olunması, 2005-ci ildə deputat mandatının oğurlanması ilə bağlı Azərbaycan hakimiyyətinə qarşı irəli sürdüyü iddialarla əlaqədar iki dəfə Avropa İnsan Haqları Məhkəməsində Əliyev hökumətinə qalib gəlib. Qeyri-qanuni həbs və seçki hüquqlarının pozulmasına dair Azərbaycan hökumətinə qarşı qaldırdığı daha iki iddia Avropa İnsan Haqları Məhkəməsinin icraatındadır. 

2013-cü ildə keçirilən Prezident seçkilərində müxalifətin vahid namizədi Cəmil Həsənlinin seçki qərargahının sədrlərindən biri olub. 

2014-cü ildə Müsavat Partiyasında alternativ qaydada keçirilən başqan seçkilərində qalib gəlib. 

Hazırda Müsavat Partiyasının başqanıdır.

Arqument.Az