Mətbuat Şurasının qurultayı nə ilə yadda qaldı?

Mətbuat Şurasının qurultayı nə ilə yadda qaldı?

15-03-2018 13:05 / Bu xəbər 2688 dəfə oxundu

Seymur KAZIMOV

2003-cü ilin 15 martında Azərbaycanda Mətbuat Şurası təsis olundu. O vaxt Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi idim, eyni zamanda qəzetlərdən biri ilə əməkdaşlıq edirdim. Redaksiyanın tapşırığı olmadan təsis qurultayının keçirildiyi Opera və Balet Teatrına getmişdim. Tədbir səhər başlandı, gecə başa çatdı. Mətbuat Şurasının yaradılması ciddi, bir az da tarixi hadisə idi və ona böyük ümidlər vardı.

2017-ci ilin martında Mətbuat Şurasının VII qurultayı keçirildi. Normal halda, proses ildən-ilə inkişaf etməlidirsə, biz tərəflərdə saatın əqrəbi əksinə hərəkət edir. Builki tədbir 15 il əvvəlkindən fərqli olaraq daha çox sovet dövrünün qurultaylarını xatırladırdı – gəldilər, oturdular, dedilər, jurnalistikanın əsas qayğılarından danışmadılar, bol foto çəkdirdilər və getdilər. Gərək ki, çıxışlar sürəkli alqışlarla müşayiət olunub. Bir sözlə, VII qurultay ciddi bir şeylə yadda qalmadı. Əslində jurnalistlər cəmiyyətin ən aktiv kəsimidir. Onların tədbiri ölkəni yaxşı mənada silkələməli idi.

Azərbaycan mediasının iqtisadi durumu, jurnalistlərin həbsi, təzyiqlərə məruz qalmaları, məmur özbaşınalığı ilə üzləşmələri, məhkəmə çəkişmələri, media tədrisindəki problemlər, jurnalistika fakültəsinə qəbulla bağlı qabiliyyət imtahanının özünü doğrultmaması, tədris vəsaitinin yetərsizliyi, jurnalistlərin aşağı əmək haqları, son illər media və əlaqədar qanunlara edilmiş mürtəce dəyişikliklər, saytların bloklanması, diffamasiya haqqında qanunun qəbul olunmaması və s. kimi problemlər qurultayda müzakirə edilmədi. Çünki Mətbuat Şurası hesab edir ki, Azərbaycanda medianın ciddi problemi yoxdur, yeganə məsələ media mənsublarının evinin olmaması idi, bu da artıq həllini tapıb.

Qurultayda iki əsas məsələ diqqəti cəlb etdi: internet mediaya dövlət dəstəyinin istənilməsi və Mətbuat Şurası haqqında qanunun qəbul olunması təklifi.

Birincisi, Azərbaycanda "dövləti dəstəyi” adlı müsbət təcrübə yoxdur. Bunu KİVDF və QHT Şurası məsələsində aydın görmək mümkündür. Pul xərclənsə də, ortada inkişafdan çox tənəzzül var. İkincisi, dövləti idarə edən hakimiyyətin yeganə dəstəyi əlverişli media mühiti yaratmaqdan ibarətdir, məsələn, bütün dövlət strukturları media ilə işləyir, azad bazar, müstəqil məhkəmə, rəqabət mühiti var, reklam bazarı mövcuddur, jurnalistin iqtisadi və siyasi asılılığı yoxdur. Qurultayda iştirak edən əksər media mənsubu da dövlət dəstəyi ideyasını dəstəkləyib.

Məruzəçilər jurnalistikanın problemləri bir kənara, onun cəmiyyəti informasiya ilə təmin etməsindən daha çox milli maraqlardan, milli təhlükəsizlikdən, xarici dövlətlərə (!) qarşı mübarizə aparmasının vacibliyindən danışıblar. Qurultay nizamnamə xətrinə, protokol naminə keçirilmiş tədbir tipindən kənara çıxa bilmədi.

İkincisi, Mətbuat Şurası ictimai birlikdir. Onun haqqında ayrıca qanunun olmasına hansı sosial sifariş var?

Qurultayda Mətbuat Şurasının İdarə Heyəti yenidən formalaşdı. Milli Məclisin 5 deputatı bu heyətə üzv seçildi. Mətbuat Şurası mətbuatın özünütənzimləmə qurumudur və bu fəaliyyətdə dövlətin iştirakı olmamalıdır. Əlqərəz, Mətbuat Şurası haqqında qanunun ayaq səsləri eşidilir. Bir tərəfdən deyirlər ki, media inkişaf edir, problem yoxdur, digər tərəfdən də mediadakı problemli hallara qarşı mübarizə aparmaq üçün qanun istəyirlər.

Məşhur filmlərdən birində xüsusi təyinatlı əsgər təkbaşına bütün ordunu məhv edir. İş bitəndən sonra ona dəstək olmaq üçün hərbiçilər gəlir. Düşmənlərdən kimsənin sağ olmadığını görüb, getmək istəyirlər: "Bizlik burada iş yoxdur” deyirlər. Əsgər: "Var, meyitləri toplayın”.

novator.az