Merkel Azərbaycan qazını gözaltı edir

Merkel Azərbaycan qazını gözaltı edir

23-08-2018 11:50 / Bu xəbər 4403 dəfə oxundu

Rusiyadan qaz aldığına görə ABŞ prezidenti Donald Trampın tənqidinə məruz qalan Almaniya kansleri Angela Merkel bu şənbə Azərbaycana qazdan danışmağa gəlir. 

Söhbət Xəzərdən Avropaya qaz nəql edəcək cənub kəmərindən gedir.

"Reuters” agentliyi yazır ki, bu səfər Merkelin alternativ qaz mənbələri tapmağa açıqlığını göstərir, baxmayaraq ki, kansler Şimal Axını-2 kəmərinə sadiqdir. Həmin kəmər Rusiyadan qazı birbaşa Almaniyaya, Baltik dənizindən keçərək daşıyacaq.

"Cənub Dəhlizinin inkişafında böyük marağımız var”, – alman hökumətinin yüksəkçinli rəsmisi agentliyə deyib.

"Bu, Avropa İttifaqının qazı təkcə Rusiyadan deyil, başqa regionlardan almağı hədəfləyən diversifikasiya strategiyasının bir hissəsidir”, – o vurğulayıb.

Şah Dəniz-2 platformaları

Rəsmilərin sözlərinə görə, Merkel Bakıda enerji məsələlərini, Azərbaycandan qazı Türkiyə vasitəsilə Avropaya nəql edəcək infrastrukturun təkmilləşdirilməsini müzakirə edəcək.

Azərbaycan Şah Dəniz yatağından qaz kəmərinin ikinci fazasını işə salmağı planlaşdırır. 2020-ci ildən başlayaraq Şah Dəniz 2-dən ilə 16 milyard kubmetr qaz hasil olunacaq. Bunun 10 milyard kubmetri Avropa, 6 milyard kubmetri Türkiyə və Gürcüstan üçün nəzərdə tutulub.

110 vs. 10 MİLYARD KUBMETR

Daha sonra Türkmənistan, İran və İraqdan da qaz Avropaya daşına bilər. Xəzəryanı ölkələrin dənizdəki nəhəng neft və qaz resurslarını bölməyə prinsipcə razılaşması da bu yöndə irəliləyiş sayılır.

Şimal Axını-2 üçün borular hazırlanır

Di gəl, Gazpromun təşəbbüsü olan Şimal Axını-2 cənub kəmərini kölgədə qoyur. Bu layihə Rusiyanın Avropaya ixrac gücünü 110 milyard kubmetrə qaldıracaq. Alman şirkətləri həmin kəməri dəstəkləyib, çünki mümkün qədər ucuz qaz almaq istəyirlər.

Tramp isə Almaniyaya Birləşmiş Ştatlardan maye təbii qaz almaqdan ötrü təzyiq göstərir. O, ötən ay Almaniyanı Rusiyanın "əsiri” olmaqda suçlayıb, Rusiyadan enerji təchizatından asılı duruma düşdüyünü vurğulayıb. Amma Almaniya bu ittihamı rədd edir. Tramp Şimal Axını-2-ni "dəhşətli” adlandırıb.

Almaniya bu ilin birinci yarısında idxal etdiyi qazın 39 faizini Rusiyadan alıb.

Merkel ötən həftəsonu Berlində rusiyalı həmkarı Vladimir Putinlə enerji məsələsini götür-qoy edib. Kansler Şimal Axını-2-nin tənqidçilərini əmin etməyə çalışır ki, Ukrayna qaz tranziti gəlirlərinin azalmasından əziyyət çəkməyəcək.

Bu gün – avqustun 23-də Merkelin Cənubi Qafqaza səfəri başlayır. O, üçgünlük səfəri zamanı əvvəlcə Gürcüstan və Ermənistanda olacaq. Şənbə günü Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar aparacaq.///azadliq.org