Ölkədə qara mənzərə yaratmış zehniyyət - Ələsgər Məmmədli yazır

Ölkədə qara mənzərə yaratmış zehniyyət - Ələsgər Məmmədli yazır

20-04-2019 01:06 / Bu xəbər 1516 dəfə oxundu

Ələsgər Məmmədli
Hüquqşünas

2014-cü ildə vətəndaş cəmiyyəti sektorunu çokdürmə prosesinə start veriləndə bəzi media qurumlarını və jurnalistlərini bu prosesdə maşa kimi istifadə edib, onların vasitəsi ilə "sensasion" böhtanlar tirajlayır, illərini ölkədə vətəndaş cəmiyyətinin formalaşması və institutsionallaşmasına xidmət edən, cəmiyyətin müxtəlif təbəqələrini maarifləndirən, bilgiləndirən şəxsləri əsasən ləkələyir, həbsə göndərməyə çalışırdılar. 

Bir çoxu bu mənfur niyyətinə nail oldu. Vətəndaş cəmiyyəti çökdü, günahsız insanlar həbs olundu (sonradan onlar AİHM-də bəraət alsalar da) hesablar donduruldu, ofislər möhürləndi, avadanlıqlar zəbt olundu, yararsız hala salındı, ölkədən getməyə məcbur edildilər və s. 

Onların maşa kimi istifadə olunduğu prosesin sonunda bu gün ölkə QHT sektoru çökmüş vəziyyətədir. Sadəcə, QHT-lərə Dövlət Dəstəyi Şurasının ildə verdiyi 5-6 min manata möhtac qalan, susdurulmuş, sındırılmış, sayı 350 civarında olan və özünə QHT deyən, lakin funksiyası susaraq növbəti qrant elanının gözləməklə keçən "yandaşlar"lardan ibarət invertara çevrilmiş "QHT"-lər mövcuddur. Artıq heç bir sferada institutsionalaşmış, sahəsində ictimai nəzarəti həyata keçirə bilən, monitorinqlər aparıb, sistemli hesabatlarla, təkliflərlə çıxış edə bilən QHT yoxdur. 

Ölkədə praktik mövcud olan QHT-lərin hansısa problemləri həll etmək üçün sistemli cəlb edə bildiyi vəsait 2013-cü ilə nisbətdə 21 dəfə aşağı düşüb. Statistikalara görə 2013-cü ildə ölkə QHT sektoru 89 milyon dollar vəsait vətəndaş cəmiyyəti problemlərinə yönəltmişdir. 

Bu vəsaitlərin də 30 milyon dollaradək olan hissəsi birbaşa xarici mənbədən ölkəyə daxilolmalar idi. Həmin vəsaitlər müəyyən problemlərin həllinə yönəlməklə bərabər, dolaysı ilə ölkə iqtisadiyyatına daxil olurdu. İcra edilən layihələr üzrə əməkhaqqı fondundan vergilər, DSMF ödənişləri büdcəyə, tədbirlərin keçirilməsi üçün kiralanan otellərə, restoranlara ödənişlər də dolaysı ilə elə ölkədə iqtisadiyyata nəzarət edən oliqarxlara gedirdi... 

Bu il sadəcə dövlət büdcəsinin dəstəyinə möhtac qalan QHT sektoru 3,3 milyon dolar həcmində (5 milyon 670 min 86 manat-büdcə qanununda belə yazılıb) vəsaiti dövlət büdcəsindən ala bilir. Xarici mənbələr QHT-lərə bağlanıb. Əvəzində həmin vəsaitlər ermənilərə, gürcülərə, çexlərə, polyaklara gedir...

Bütün bu qara mənzərəni yaradan zehniyyət hələ də dərs çıxarmayıb. Yenə də ənənəvi qaralama kampanyasına start verib. Üstəlik, yenə eyni-əvvəllər istifadə etdiyi "nəsnə" ilə. Həmin media qurumları yenə də eyni ampuladadırlar. Birilərinin maşası roluna girib, böhtan tirajlamağa başlayıblar. Üstəlik, bu qaralama kampanyasınını guya "ABŞ və Böyük Britaniya vergi ödəyicilərinin qayğısına qalmaq" məqsədi ilə gündəmə gətiriblər. 

Özlərinin ödədiyi vergilərin hesabını sormaqdan qorxan bu qorxaqlar, biznes məqsədi ilə ölkəyə gələn vəsaitin də qarşısını almağın yolunu axtarır. Amma unudurlar ki, bu böhtan və qaralama kampanyası əslində yeni tələblər, kampanyalar doğuracaq. Məhz onları danışdıran, onların arxasında duran məmurların özlərinin şəffaf olması tələbi qartopu kimi böyüyəcək. 

14 ildir ki, Korrupsiyaya qarşı mübarizə qanunu gəlirlərinin bəyanının tələb edir bu məmur-siyasətçi ordusundan. Onlar mənimsədiklərinin hesabatını verə bilmədiklərinə görə 14 ildir qanunu qulaqardına vurur, bəyandan yayınırlar. Əslində, buunla əllərinəkilərinin qanuni olmadığını da qəbul etmiş olurlar. 

Bu gün Akif Qurbanov məhz ona böhtan atan, onu qaralamaq istəyən "jurnalistlərə" və onları maşa kimi əlində oynadanlara master klass keçdi. Sənədlərlə, bütün iddiaların nə qədər cəfəng, boş və əsassız olduğunu, bunun planlı bir qaralama cəhdi olduğunu sübut etdi.

Akif bəy, ABŞ və Böyük Britaniya vergi ödəyicilərini rahatladan məlumatları səhifəsində paylaşdı və şərhdə olan canlı çıxışı ilə bunu həm də bütün cəmiyyətə göstərdi. 

Haydi, sıra sizlərdə, siz də qazanclarınızı, əmlaklarınızı, borclarınızı açıqlayın. Azərbaycan vergi ödəyicilərini də siz rahatladın!