Kond adasındakı cəhənnəm

Kond adasındakı cəhənnəm

17-03-2017 18:58 / Bu xəbər 2693 dəfə oxundu

Yadigar Sadıqov

Bolşevik işğalından sonra həbs edilərək islah-əmək düşərgələrinə göndərilən azərbaycanlıların həyatı barədə informasiya əldə etmək çox müşkül məsələdir. Çünki o düşərgələrdəki amansız şərait, məhdud qidalanma, sərt iqlim və ağır fiziki işlər nəticəsində çox az adam sağ qurtula bilib. Qurtulanların isə demək olar ki, hamısı sovet hakimiyyəti dövründə dünyalarını dəyişdiklərindən xatirələrini yazmaq, yazıblarsa da, çap etmək imkanları olmayıb. Lakin xoşbəxtlikdən cüzi istisnalar var.

Məşhur dissident Oleq Volkovun "Zülmətə yuvarlanarkən” adlı xatirələri bu qəbildəndir. O, SLON-da (xüsusi təyinatlı Solovetsk düşərgəsi, rusca: Соловецкий Лагерь Особого Назначения) mövcud olan amansız şəraitdən, qeyri-insani rəftardan ətraflı bəhs edir. Bu qiymətli əsərin kiçik bir hissəsi də müsavatçılar haqqındadır.

"O zaman Butırkada onlar, Solovkiyə göndərilən müsavatçılar 300 nəfər idilər. Türk, sonrakı deyimlə Azərbaycan cəmiyyətinin qaymaqları... Mənə qeyri-məlum və özünəməxsus bir dünya açıldı. Öz müstəqilliyini, ənənəvi görüşlərini və atalarının adətlərini fədakarlıqla müdafiə edən kiçik xalqın dünyası.

Sonralar, Solovkidə müsavatçılarla böyür-böyürə yaşayan zaman onlarda ağsaqqaların necə oğul hörmətilə əhatə olunduqlarını, heç kəsin qardaşlıq süfrəsi arxasında diqqətdən kənar qalmamamasına böyüklərin nəzarət etdiklərini, ibadət üçün məqam axtaranlara necə həssas yanaşdıqlarını müşahidə edirdim. Onlara nəzərən mən rus cəmiyyətinin son 10 ildə nə qədər vəhşiləşdiyini mühakimə edə bilirdim...

Uzun ömrümə nəzər salıram - mən bu sətirləri 1986-cı ildə yazıram - və güclü, fəthçi bir xalqa mənsub olduğuma görə utandığım anları xatırlayıram. Pan Felikslə ünsiyyət zamanı, illər sonra macar tələbəylə görüşərkən də belə dəqiqələr olmuşdu. Lakin müsavatçıların faciəvi epopeyası gözlərim önündə baş verərkən bu hiss daha xüsusi idi” .

Yazılanlar kiməsə adi görünə bilər. Əsasən də bölşevik düşərgələrindəki şərait barədə məlumatsız olanlara. Çünki günün çox hissəsini ağır fiziki işlərlə keçirən, qida rasionu çox məhdud və bəsit olan, daim nəzarətçilərin qəddarlığı ilə üzləşən insanların əksəriyyətində vəhşi instinktlərin baş qaldırması qaçılmazdır.

Daim yorğun, yuxulu, ac olan minlərlə insan. Üstəlik də amansız iqlim. Belə hallarda insanlar azacıq imtiyaz əldə etmək üçün çuğulluğa razı olurlar, bir tikə çörəkdən ötrü başqasını öldürməyə hazır olurlar. Yalnız xüsusi iradə, qana hopmuş aristokratlıq və humanizm belə metamorfozaların qarşısını ala bilər. Hansını ki, Volkovun şahidliyinə görə, 1-i, 2-si yox, bütün məhbus azərbaycanlılar nümayiş etdirirdilər. Buna görə də onun yazdıqlarını qürur hissi duymadan oxumaq mümkün deyil.

Bu yaxınlarda isə internetdə başqa bir maraqlı məlumata rast gəldim. Söhbət Nikolay İqnatyeviç Kiselyov-Qromovun "SSRİ-də ölüm düşərgələri” adlı xatirələrindən gedir. Bu əsərdə Kond adasındakı azərbaycanlılar haqqında məhdud, lakin dəyərli informasiya var.

Kiselyov-Qromov Rusiyada gedən Vətəndaş müharibəsi zamanı ağqvardiyaçı kimi bolşeviklərə qarşı vuruşub. Yaralanaraq müalicə aldığı Novorossiysk şəhəri bolşeviklərin əlinə keçərkən özünü yaralanmış bolşevik kimi qələmə verməyi bacarıb. Bundan sonra sovet idarələrində müxtəlif vəzifələr tutub. O cümlədən, 1927-1930-cu illərdə SLON-un hərbiləşdirilmiş mühafizəsində çalışıb. 1929-cu ildə isə 5 ay müddətinə Kond adasında ezamiyyətdə olub. Müsavatçılarla bağlı xatirələri də bu dövrlə bağlıdır.

Kiselyov-Qromov 1930-cu ildə qeyri-leqal şəkildə Finlandiya sərhədini keçərək mühacirət etməyi bacarıb. Xaricdə olarkən də sözügedən əsərini yazıb. Bu əsər 1936-cı ildə Şanxaydakı rus mətbəəsində çap olunub. Keçmiş SSRİ ərazisində isə onun xatirələri yalnız son dövrdə tanınıb.

İndi isə Kond adası barədə. 11 kvadrat kilometr ərazisi olan ada Rusiyanın Kareliya vilayətinin ərazisi sayılır və Ağ dənizdə yerləşir. Ötən əsrin 20-30-cu illərində adada SLON-un xüsusi məntəqəsi yerləşirmiş. Buraya ağır işlər nəticəsində şikəst olaraq əmək qabiliyyətini itirən və ya hansısa əməllərinə görə cəzalandırılan dustaqlar göndərilirdi.

Kond adasından geriyə yol olmayıb. Dustaqlar buraya ölmək üçün göndəriliblər. Kiselyov-Qromovun yazdığına görə, 1928-1929-cu ilin qışında Kond adasındakı 4850 məhkumun 4230-u əsasən yoluxucu xəstəliklərdən və digər səbəblərdən həlak olub.

Müsavatçıların Kond adasına göndərilmə səbəbi isə onların Solovkidə ağır fiziki işlərə etiraz olaraq aclıq aksiyası keçirmələri olub. Kiselyov-Qromovun yazdığına görə, gecə vaxtı müsavatçıların yerləşdiyi 7 saylı rotanın yataqxanasına kirşələr yaxınlaşır. Əl-ayaqları bağlanmış müsavatçıları kirşəyə uzadaraq "Ovsyanka” cəza müəssisəsinə aparırlar.

Düşərgədən 1,5 kilometr aralandıqdan sonra "Savadlı olmusunuz... Aclıq etməyi öyrənmisiniz...Biz sizə göstərərik aclıq etməyi” deyərək müsavatçıları əvvəlcə tüfənglərin qundağıyla döyür, sonra da "Ovsyanka”ya qədər 22 kilometrlik yolu piyada getməyə məcbur edirlər.

Kiselyov-Qromov aclıq nəticəsində haldan düşmüş müsavatçıların bir neçəsinin "Ovsyanka”da vəfat etdiyini yazır. Bir qisminin isə (Müəllif əsərin bir yerində onların 12, başqa bir yerində isə 15 nəfər olduğunu göstərir) Kond adasına gedər-gəlməzə göndərirlər.

Kiselyov-Qromov adada ezamiyyətdə olarkən müsavatçılardan biri, ixtisasca həkim olan Cahangir Ağayev barədə nisbətən geniş məlumat verir. O yazır: "Xeyirxah və qayğıkeş Ağayev burada ürəyimi boşalda biləcəyim yeganə adam idi”.

Müəllif təsirli bir hadisə haqqında xatırlayır. Cahangir Ağayevə Gəncədə yaşayan oğlundan məktub gəlir. Oğlu yazır: "Əziz ata, sən əksinqilabçı olduğuna görə mən məktəbə gedə bilmirəm. Atacan, mənə məktub yaz ki, mən sənin oğlun deyiləm. Əslində mən səni çox sevirəm... Lakin bu məktub məktəbə getmək üçün mənə lazımdır”.

Kiselyov-Qromov: "Oxu və məhv et”, - deyərək məktubu Cahangir Ağayevə verir: "Məktubu oxuyarkən doktorun dodaqları titrədi, gözləri yaşardı, əlləri əsdi və hönkürtü ilə çarpayıya yıxıldı”.

Müəllif məktubun ilk olaraq başqasının deyil, onun əlinə keçməsini böyük xoşbəxtlik adlandırır: "Yoxsa məktub Gəncəyə, Dövlət Siyasi İdarəsinə geri qaytarılacaqdı”. Bu zaman da Ağayevin ailəsi repressiyaya uğrayacaqdı.

Kiselyov-Qromov 1929-cu ilin oktyabrında Kond adasını tərk edir. Lakin Ağayevin sonrakı taleyi ilə maraqlanarkən qışda vəfat etdiyini öyrənir. Digər müsavatçıların taleyindən xəbərsiz olsa da, onların da sağ qalmaq şansının olmadığını söyləyir. Çünki Kond adasından sağ qurtulmaq mümkünsüzdü. Beləcə, doktor Ağayev istisna olmaqla, tanımadığımız adsız qəhrəmanlar müstəqil Azərbaycan davasının qurbanı olurlar.

Bolşevik repressiyalarından danışanda 1937-ci il daha çox xatırlanır. Bu il bir simvola çevrilib. Təsadüfi deyil ki, Xəlil Rza "Davam edir 37” yazırdı. Bu adət Stalindən sonrakı sovet dövründən qalıb. Şəxsiyyətə pərəstişin tənqid edildiyi dövrlərdə 1937-ci il dəhşətli bir il kimi xatırlanırdı. 

Əslində isə dəhşətlər daha öncədən başlanmışdı. Bolşevik diktaturasını qəbul etməyən siyasi cərəyanların xeyli sayda tərəfdarları, o cümlədən müsavatçılar daxil milli hərəkatların nümayəndələrinin əksəriyyəti 1937-ci ilə kimi məhv edilmişdilər. Lakin sovet hakimiyyəti hətta Xruşşov mülayimləşməsi, Qorbaçov yenidənqurması dövründə belə o insanlara qarşı terroru pisləmədi.

1937-ci il isə daha çox sovet partiya və dövlət xadimlərinin edamıyla əlamətdar idi. Buna görə də sovet dövründə simvola çevrildi. Həmin il öldürülənlər arasında əvvəllər başqalarını ölümə göndərənlər də kifayət qədər idi. Bu aqibət Solovki cəlladlarından da yan keçmədi. Solovkidə həbs düşərgəsi yaratmağı təklif edən Boqovoy, müxtəlif illərdə düşərgəyə rəhbərlik etmiş Noqtev, Eyxmans, İvançenko, Senkeviç, Buxband və Apeter qulluq etdikləri rejim tərəfindən güllələndilər.

Mənbə: meydan.tv