Kiminə mətbuat, kiminə hədiyyə günü...

Kiminə mətbuat, kiminə hədiyyə günü...

22-07-2018 16:01 / Bu xəbər 1728 dəfə oxundu

Hədiyyələri ilə gündəmə gələn Milli Mətbuat günü...
 
Bu gün Milli Mətbuat günüdür. 

Əsası Həsən Bəy Zərdabi tərəfindən 1875-ci ilin 22 iyulunda "Əkinçi qəzeti ilə qoyulmuş milli mətbuatın məqsədi banisinin öz dili ilə desək, cəmiyyətin aynası rolunu oynamaq, informasiya vermək, maarifləndirmək idi. 

Bu gün Zərdabinin həmin məqsədlər üçün ərsəyə gətirdiyi milli mətbuatın yaranmasından 143 il ötür. Amma bu 143 ildə çox şey dəyişdi. Elə sosial şəbəkələrdə Milli Mətbuat günü ilə bağlı paylaşımlara baxanda bunu açıq aydın görmək mümkündür. 

Bir neçə gündür sosial şəbəkələri Milli Mətbuat günü ilə bağlı jurnalistlərə, media qurumlarına görndərilmiş hədiyyələrin fotoları bəzəyir. Hətta bunu jurnalistlərin özləri paylaşır və gözəl sözlərlə təşəkkür və minnətdarlıqlarını bildirirlər. Görünən odur ki, xeyli məmnundurlar. 

Paylaşımlardan aydın oldur ki, jurnalistlərə və media qurumlarına hədiyyə göndərənlər arasında dövlət qurumları ilə yanaşı, holdinqlər, şirkətlər, banklar və s. var. 

Bəs dövlət orqanlarının, şirkətlərin, bankların media qurumlarının media qurumlarına və jurnalistlərə hədiyyələr göndərməsində məqsədləri nə ola bilər? 

Media qurumlarının və jurnalistlərin bu hədiyyələri qəbul etməsi peşə etikasına nə dərəcədə uyğundur? 

Bir çox jurnalistlər bu hədiyyələri "bəh-bəh"lə, sevinclə qəbul etsələr də, peşəkarlar və ekspertlər bunun zərərli hal olduğunu düşünür, peşə prinsisplərinə zidd sayırlar.  

Etik pozuntu

Məsələn, media məsələləri üzrə ekspert Xalid Ağəliyev jurnalistlərin dövlət qurumlarından hədiyyə və mükafat qəbul etməsini etik pozuntu adlandırır. 

Onun sözlərinə görə, media qurumlarının və jurnalistlərin davamlı hədiyyələr alması onu təsir altında tuta biləcək addımdır: "Etik baxımdan normal mediaların qəbul etdikləri ölçülər var. Jurnalistlər hədiyyələri, pulsuz gəzintiləri rədd etməli, jurnalistin doğru-dürüstlüyünü zədələyə biləcək fəaliyyətlərdən, siyasi bağlantılardan, ictimai birliklərə xidmətlərdən kənarda dayanmalıdır.”

"Media qurumlarının etik kodeksi yoxdur”

Jurnalist Seymur Kazımov da o fikirdədir ki, media nümayəndələrinin göndərilən hədiyyələri qəbul etməsi peşə etikasına ziddir: "Hər bir media qurumunun etik kodeksi olmalıdır. Bu etik kodeksdə hansı qiymətə qədər olan hədiyyələrin qəbul olunduğu öz əksini tapmalıdır. Məlumdur ki, Azərbaycan jurnalistikasında bəzi saytlarda ümumiyyətlə belə bir kodeks yoxdur”. 

Qələminə hörmət edən, peşəsini maddi dəyərinin böyük və ya kiçikliyindən asılı olmayaraq hər hansısa bir hədiyyəyə dəyişməyən bütün media qurumlarını və jurnalistləri təbrik edirik. 

Səkinəxanım Məmmədova
Toplum.Tv