Kadırov qalmaqallı videonun qəhrəmanını küçə təmizləməyə göndərdi

Kadırov qalmaqallı videonun qəhrəmanını küçə təmizləməyə göndərdi

15-10-2018 16:12 / Bu xəbər 1300 dəfə oxundu

Məqalə "Kavkazskiy Uzel" saytında dərc olunub.

"Əhməd gücdür” sözləri ilə ictimai nəqliyyatda sərnişinlərə qab atan çeçen, iş axtardığı Moskvadan təcili olaraq Qroznıya gəlib. Çeçenistan paytaxtında gənci dərhal işə qoyublar: Ramzan Kadırovun göstərişi ilə, o, küçələri təmizləyəcək və gül əkəcək.

Oktyabrın 10-da internetdə bir video yayıldı. Görüntülərdə ictimai nəqliyyatda olan bir adam "Əhməd gücdür” sözləri ilə qarşı tərəfdə oturan sərnişinlərə dəmir qab atır. 
Hadisə Çeçenistanın rəhbəri Ramzan Kadırovu qəzəbləndirib və o, qəhrəmandan kamera qaşısında ictimai şəkildə üzr istəməsini və ilk təyyarə ilə valideynlərilə birlikdə onun yanına gəlməsini tələb edib. Çeçenistan başçısının çağırışından təxminən 2 saat yarım sonra Əhməd Kadırov adına "Put” (Yol) teleradio şirkətinin "İnstagram” səhifəsində cavan oğlanın etdiyi hərəkətə görə üzr istədiyi videomürəciəti yayımlanıb. Daha sonra video "Çeçnya seqodna” xəbər agentliyi tərəfindən də nəşr olunub. "Respublika rəhbərliyi və valideynlərim məni çox sərt danladı”, - sol qaşında qançır olduğu görünən videomüraciət müəllifi belə deyib. Çeçenistandan gəlmə birinin sərnişinlərə dəmir qab atdığı video sosial şəbəkə istifadəçilərini hiddətləndirib. Onlar bu cür davranışın cəzalandırılmasını tələb ediblər, lakin Ramzan Kadırovu qanunla hərəkət etməyə çağırıblar. Hüquq müdafiəçiləri Kadırovun çeçen əsilli gəncə reaksiya verməsində reklam müşahidə ediblər. Eyni zamanda, Münaqişələrin Təhlili və Qarşısının Alınması Mərkəzinin direktoru Yekaterina Sokiryanskaya respublika başçısının sözlərində təhdidlər olduğuna nəzər yetirib və bu adamın "Çeçenistana gəldikdə döyüləcəyinə” əmin olduğunu bildirib. "İctimai Yardım” Komitəsinin rəhbəri Svetlana Qannuşkina qeyd edib ki, cavan oğlanla Ramzan Kadırov yox, polis məşğul olmalıdır.

"Dünənki Moskva sərgüzəştlərinin gənc qəhrəmanı təcili olaraq Qroznıya gəldi. Bu, Şali rayonu Avtura kənd sakini Turpal Xasiyevdir”, - Çeçenistan başçısı bu gün öz "Telegram” kanalında yazıb. Onun sözlərinə görə, Turpal Xasiyev, həmçinin atası və qardaşları bu gün Qroznı Dövlət Teleradio Şirkətinin proqramlarından birində iştirak ediblər.
"Turpal Xasiyev studiyada deyib ki, iş tapmaq üçün oktyabrın 7-də Moskvaya yola düşüb. Belə ki, o, iş axtarmaqla özünə əziyyət verməsin deyə onun məşğulluq məsələsi yerindəcə həll olundu. Qrozni şəhərinin SURSAD rəhbəri (magistral yolların təmiri və istismarı üzrə ixtisaslaşmış şöbə) televiziyaya gəldi və onu yeni iş yerinə apardı. Bu andan etibarən Turpal işləyəcək, şəhərin gözəlləşməsi, küçə və meydanların təmizlənməsi, çiçək və şitil əkmək və onları vaxtında sulamaqla məşğul olacaq”, - Kadırov öz müraciətində qeyd edib. O bildirib ki, gənc "Moskvada etdiyi ləyaqətsiz davranışlara görə təəssüflənir" və dəmir qab atdığı sərnişindən "göz yaşları içində üzr istəyir”.

Mən dəfələrlə bildirmişəm və indi də təkrar edirəm, hər bir Çeçenistan sakini cəmiyyətdə davranış qaydalarını xatırlamalıdır. Bunu pozanlara qarşı tədbirlər görüləcək”, - respublika başçısı fikrini belə yekunlaşdırıb.

Çeçenistanda ictimai üzr təcrübəsi geniş yayılıb və bu, yalnız hakimiyyət tənqidçilərinə yox, Çeçenistan hakimiyyətinin xoşuna gəlməyən davranış sahiblərinə də şamil olunur. Tənqidçilərinin üzr istəməyə məcbur edilməsi hadisəsi ilk dəfə 2015-ci ilin dekabr ayında baş verib. Yerli sakin Adəm Dikayev Çeçenistanın başçısı Ramzan Kadırovu tənqid etmişdi. Bir həftə sonra isə Dikayev şalvarını çıxarmış formada video çəkmiş və öz səhvini qəbul etdiyini bildrimişdi. Həmin video sosial şəbəkələrdə yayımlanmışdı.