''İstintaq orqanlarındakı ədalətsizlik, rüşvət axırımıza çıxır''

''İstintaq orqanlarındakı ədalətsizlik, rüşvət axırımıza çıxır''

22-06-2018 16:15 / Bu xəbər 2505 dəfə oxundu

Keçmiş turşirkətin rəhbəri istintaq orqanlarından şikayətçidir

"Yüksək vəzifələrdə olan tanışlıqlar, ədalətsizlik, korrupsiya insanların axırına çıxır. O insanlardan biri də mənəm. İki ildir ki, istintaq orqanlarının qapılarında sürünürəm”.

Bakı sakini Rəna Hüseynova bir neçə il əvvəl işçilərinin sayı 3-4 nəfərdən ibarət olan kiçik bir səyahət şirkəti qurub. Dediyinə görə, mühasibin olmamasından və işlərin çoxluğundan mühasibata tam nəzarət edə bilməyib.

"Turların təşkili ilə məşğul olan, müştərilərlə iş aparan işçim Nigar Mehdiyeva bu nəzarətsizlikdən istifadə edərək, məni aldadıb. Mövcud olmayan şəxslərin adından saxta turlar yazaraq xeyli pulumu mənimsəyib”, - Rəna Hüseynova deyir.

Rəna Hüseynovanın sözlərinə görə, məsələdən 2016-cı ildə xəbər tutub və işçisi barədə hüquq-mühafizə orqanlarına müraciət edib. Yasamal Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat qurub. Nigar Mehdiyeva növbəti dəfə saxta şəxslərin adlarından ibarət siyahını təqdim edərək, şirkət rəhbərindən 12 min manat alıb ofisdən çıxarkən saxlanılıb:

"Yasamal polisinə apardılar, 1 gün saxladılar, növbəti gün Yasamal Rayon Məhkəməsinə apardılar ki, barəsində həbs-qətimkan tədbiri seçilsin. Ancaq ailə üzvləri elə məhkəmə binasındaca mənə 55 min manat verdilər, söz verdilər ki, mənə dəymiş zərərin qalanını da tezliklə ödəyəcəklər. Mənə dəymiş zərər ümumilikdə 200 min manata yaxın idi. Nigarı elə oradan azad etdilər. Mənsə görəndə ki, Nigar nəinki pulun qalanını qaytarmaq fikrindədir, əksinə, mənə verilən pulu da geri almağa çalışır, şikayətlərimi davam etdirdim”.

Rəna xanımın sözlərinə görə, iş qovluğu nə az – nə çox – düz 8 müstəntiqin əlindən keçib. 2 ilə yaxın davam edən ötür-ötür oyununa bu ilin yanvarında Baş

Prokuror Yanında Korrupsiyayla Mübarizə İdarəsində nöqtə qoyulub:

"Bu iş üzrə Yasamal polisində, Bakı Şəhər Baş Polis İdarəsində, Daxili İşlər Nazirliyində bir neçə müstəntiq dəyişib. Sonra qəflətən Baş Prokurorluq işi götürdü və Korrupsiyayla Mübarizə İdarəsinə verdi. Mən başa düşdüm ki, işi daxili işlər orqanlarında bağlaya bilmirlər, prokurorluqda adamları olduğu üçün belə qərar veriblər. İş qovluğu Baş Prokurorluğun Korrupsiya İdarəsinə veriləndən sonra qarşı tərəfin arxayınçılığı daha da artdı. Və sonra dedikləri kimi də oldu – idarə cinayət işinə xitam verdi. Baxmayaraq ki, xitam qərarı bu il yanvarın 9-da çıxarılıb, bu ilin aprelinədək mən hər dəfə işin gedişatı ilə maraqlananda mənə şifahi və yazılı şəkildə bildirilirdi ki, iş davam edir və məlumat veriləcək. Mən Ombudsmana məktubla müraciət edəndən sonra Ombudsman Aparatından aldığım cavabı görəndə bilmişəm ki, işə 3 aydan çoxdur xitam verilib”.

Rəna xanım deyir, istintaqa Nigar Mehdiyevanın düzəltdiyi saxta qəbzlər təqdim olunub. İstintaq orqanı isə hansısa maraqlar üzündən sənəd və sübutları kənara ataraq cinayət işinə xitam verib:

"Qarşı tərəfin yüksək rütbəli məmurlarla yaxın münasibəti var. Hər şeyin arxasında da bu dayanır. Belə olmasaydı, sırf dələduzluq maddəsi ilə başlanan cinayət işinin qovluğunu korrupsiya cinayətlərini araşdıran quruma ötürməzdilər”.

Bu il yanvarın 9-da idarə cinayət işinin icraatına xitam verib. İstintaq orqanı hesab edib ki, 2015-2016-cı illər ərzində Nigar Mehdiyeva tərəfindən aparılan əməliyyatlar nəticəsində dəymiş zərəri müəyyən etmək mümkün olmayıb.

Meydan TV Nigar Mehdiyevanı danışdıra bilməyib. Bu üzdən də onun istintaqa verdiyi ifadələrə istinad edir. İstintaq orqanı onu Cinayət Məcəlləsinin 178.3.2-ci (Etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi üzrə dindirib. Nigar Mehdiyeva həmin maddə üzrə özünü təqsirli hesab edib. İstintaqa verdiyi ifadəsində göstərib ki, 2014-cü ilin oktyabr ayından Rəna Hüseynovaya məxsus turizim şirkətində tur meneceri kimi işə başlayıb. 8 sentyabr 2016-cı il tarixdə səhər saat 10-da ofisə gəlib, bütün günü işdə olub, təxminən saat 17-18 radələrində şirkətib sahibi Rəna Hüseynova ona 9522 manat və 1500 avro verib. Pulu əl çantasına qoyaraq 1 saatdan sonra ofisdən çıxanda Yasamal Rayon Polis İdarəsinin əməkdaşları içəri daxil olub. Özlərini təqdim edərək onu və digər tur meneceri Fəridə Nəbiyevanı polis idarəsinə aparıblar. İdarədə ona məlum olub ki, şirkət rəhbəri onun barəsində şikayət edib. Nigar Mehdiyevanın ifadəsinin davamı şirkətdə işlədiyi müddətdə tur səyahətlərə görə apardığı maliyyə əməliyyatları zamanı etdiyi saxtakarlıqlarla bağlıdır. 

Rəna xanım deyir, keçmiş işçisi əməllərini etiraf etdiyi bir vaxtda iş qovluğu qəfil müstəntiqdən alınaraq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə verilib. Bundan sonra süründürməçilik davam edib. Rəna Hüseynova iddia edir ki, idarədən ona pulun müəyyən hissəsini götürüb şikayətdən əl çəkməsi təklif olunub, o isə razılaşmayıb. Bundan sonra onun öz fəaliyyətini yoxlamaq qərarına gəliblər. Uzun-uzadı yoxlamalardan sonra fəaliyyətində hər hansı əyrilik aşkar olunmadığından, özü demişkən, yaxasına yapışdırmağa maddə tapmayıblar. Əvəzində isə bu ilin aprelində "kifayət qədər sübut olmadığı üçün” cinayət işinə xitam verilməsi qərarı göndərilib.

Rəna Hüseynova başına gələnlərdən ölkə başçısına da yazıb: "... Sizdən gozüyaşli və əlacsız bir vətəndaş kimi kömək istəyirəm. Bu işə müdaxilə edin. Daxili İşlər Nazirliyi işi yekunlaşdırmışdı və artıq bu iş üzrə ittiham aktı tərtib olunmuşdu. Ancaq həmin vaxt təqsirləndirilən şəxsin qohumları əlaqələrindən istifadə edərək artıq ittiham aktı yazılmış bir işin həmin qurumdan alınmasına nail oldular. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində isə işi nəinki ört-basdır etdilər, hətta özümə qarşı çevirdilər. Mən borcun içərisində itib-batıram. Qarşı tərəfsə mənə gülüb keçir. Görün nə qədər özbaşınalıqdır. İşi rahatca bir qurumun əlindən alıb başqa quruma verirlər. Bu, ölkənin istintaq orqanlarının adına ayıbdır sadəcə...”

Baş Prokurorluqdan məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Hüquqşünas Vaqif Alıyev deyir, Rəna Hüseynovanın qərardan şikayət vermək hüququ var. Nəticədə xitam qərarını ləğv etdirə, istintaqın əvvəlki qurumda davam etdirilməsini tələb edə bilər.