İrəvan Dram Teatrının aktyoru: 80 manat alırdıq, cədvələ 380 dollar yazırdılar

İrəvan Dram Teatrının aktyoru: 80 manat alırdıq, cədvələ 380 dollar yazırdılar

20-03-2019 17:44 / Bu xəbər 1358 dəfə oxundu

''Müxtəlif dövlət orqanlarına İftixar Piriyevin özbaşınalıqları barədə şikayət etsək də, bizi dinləyən yoxdur''

Prezident İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşündən sonra Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrındakı problemlər yenidən gündəmə gəlib.

100 ildən çox yaşı olan teatr hazırda Nərimanov adına kinotetrda yerləşir, bir sıra aktyorlar rəhbərliyin idarəetməsinə etiraz olaraq öz istəkləri ilə teatrdan uzaqlaşıblar.

"Hər qastroldan 380 dollar alsam, evdə oturmaram qastrollara gedərəm də"

Respublikanın əməkdar artisti, Qarabağ müharibəsi veteranı Vaqif Kərimov sualımızı "İrəvan Dram Teatrında nələr baş vermir ki” sualı ilə qarşıladı:

Vaqif Kərimov
Mənbə: google.az

"Daha nələr baş vermir ki? Orda elə şeylər olur ki... Bütün problemlər İftixar Piriyevin qeyri-qanuni hərəkətlərindən qaynaqlanır. Birinci, İftixar Piriyev aktyorları qanunsuz işdən azad edir, etiraz edənləri onların ardınca işdən çıxardr. Məsələn, Ruhiyyə Yəhyayevanı, Əjdər Zeynalovu, cavan aktyor Elçin Hacıyevi. Məgər, Əmək Məcəlləsində yazılıb ki, kimsə raportunda "mən filan aktyorla işləmək istəmirəm” yazandan sonra aktyoru işdən çıxardarlar? Teatrın 74 işçisi var, 22 nəfəri aktyordur, 5 nəfər də texniki işçisidir, qalanları Piriyevin adamlarıdır, amma onları teatrda görmədik, ölü canlardır. Bu məsələləri qaldıranda deyir ki, heç kimdən qorxmur, hara istəyirsiniz, şikayət edin. Baxın, qastrola gedirik, mən imza qoyub 80 manat alıramsa, sonradan maaş cədvəlinə 380 dollar yazılır. Təsəvvür edin ki, hər qastroldan 380 dollar alsam, evdə oturmaram qastrollara gedərəm də. Axı heç vaxt aktyorlar qastrollardan 380, 450 və 580 dollar almayıb, amma cədvələ belə yazılır, ona görə sübut edə bilmirik ki, imzalarımız var. Bununla bağlı prokurorluğa müraciət etmişəm, ordan da şikayətimi Mədəniyyət Nazirliyinə göndəriblər. Nazirliyin Hüquq Şöbəsindən bildiriblər ki, sən faktları düz yazmamısan, 380 dollar yox, 390 dollar olmalıdır və sənin imzan var. Hətta biz Binəqədi və Bakı Apelyasiya məhkəmələrinə qədər getdik, ancaq ciddi dəyişiklik olmadı, çünki arxası kimdirsə, heç nə etmək olmur”.

"Hazırda teatrda peşəkar aktyor qalmayıb, direktoru özünün zəif əsərlərini tamaya qoyur"

Aktyor Əjdər Zeynalov isə hesab edir ki, İrəvan Dram Teatrının problemlərinin kökündə bir adam dayanır-İftixar Piriyev.

Onun sözlərinə görə, teatrda problemlər bugünün söhbəti deyil, 2001-ci ildən başlanıb: "2000-ci ildə qeyri-qanuni yolla teatra direktor təyin edildi. İki il sonra Azərbaycan Akademik Milli Dram Teatrına sərəncamçı direktor oldu, orda mənimsəmələr etdiyinə görə prokurorluq araşdırma apardı, hətta həbs olunmaq təhlükəsi yaranmışdı, İftixar Piriyev iddia edirdi ki, vəsait qastrol səfərlərində xərclənib. Onu müxtəlif adamlara minnət düşməsi xilas etdi. Orada cəmi 7 ay işləyə bildi, çünki qovdular”.

Əjdər Zeynalov
Mənbə: google.az

Əjdər Zeynalov deyir ki, müxtəlif dövlət orqanlarına İftixar Piriyevin özbaşınalıqları barədə şikayət etsələr də, onları dinləyən yoxdur:

"İftixar Piriyev aktyorluğu bitirsə də, sənətlə məşğul olmadı, çünki qabiliyyəti çatmadı, ona görə idarəçiliyə keçdi, orda da intriqa, problemlər yaratmaqla rəhbərliyi əlində saxladı. Onda sənətə sevgi olmayıb, yalnız hegemonluq etmək istəyib. İftixar Piriyev müzakirəni, diskussiyanı və tənqidi sevmir, yalnız əmr etməyi bacarır. İftixar Piriyevin fəlakəti ondadır ki, o, peşəkarları sevmir, çünki özü sənətdə önəmli iz qoymadı, kimsə onun yaddaqalan rolunu xatırlaya bilməz. 2002-ci ildən bu problemlər başlayıb, mətbuat da yazır, amma heç bir ölçü götürülmür. 2017-ci ildə teatr sezonu başlayanda, birinci gün işə çıxanda 9 aktyor işdən çıxdı, nazirlikdən yoxlama gəldi, onlar da heyrətləndilər ki, birdən-birə 9 nəfər niyə getməlidir. Ardınca 2 aktyor ərizəsini yazdı. Təsəvvür edin ki, respublikanın xalq artistləri Elmira xanım, Tamilla xanım, Vidadi müəllim, əməkdar artist, Qarabağ müharibəsi veteranı Vaqif Kərimov. Baxın, 66 yaşlı Vaqif Kərimovu pensiya adıyla çıxartdı, 71 yaşlı ondan zəif aktyoru işə götürdü. Hazırda teatrda peşəkar aktyor qalmayıb, direktor özünün zəif əsərlərini tamaya qoyur”.

"Hara getdi o tamaşaçılar?"

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrın aktrisası olmuş Zülfiyyə Eldarqızının sözlərinə görə, teatr sənətinin barometri teatr festivallarıdır. Festivallar teatr bayramıdır, yarış meydanıdır. Tamaşaçı rəğbəti qazanan, yüksək meyarlara cavab verən formada hazırlanmış tamaşalar teatr festivallarına dəvətlər alır:

"Bu mənada sual yaranır, İftixar Piriyevin 20 il rəhbərlik etdiyi İrəvan teatrı hansı ölkədə keçirilən teatr festivalında iştirak edib? Cavab əlbəttə ki, məlumdur, iştirak etməyib. İkinci, teatr kollektiv sənətdir. O kollektiv halında da, demokratik formada idarə edilməlidir.

Teatrlarımızın "tamaşaçı kütləsini” itirməyinin birinci səbəbi teatrı kollektivin iradəsinə deyil, məhz teatr direktorunun iradəsinə tabe etdirilməsi oldu və bu da teatr sənətimizi çətin duruma saldı. Hamımıza məlumdur ki, teatrlarda olan bədii şuralar formal xarakter daşıyır. Bir neçəsini çıxmaq şərti ilə rejissorlarımız "başlarının milçəyini” qovub, heç bir məsuliyyət hiss etmədən əmək haqqı alır, yarıtmaz, zövqsüz, tamaşaçının maraq dairəsini əhatə etməyən tamaşalar hazırlayırlar. Bu, inkaredilməz faktdır. Ümumiyyətlə, teatrlar bir adama, prodüsserə tabe edilir. Yəni bir anın içində prodüsserə çevrilən köhnə direktor hakimi mütləq olur. Gəlin bir anlıq fikirləşək ki, İravan teatrının prodüsseri İftixar Piriyevi seçdilər. O da Baş prodüsserin sifarişi ilə "Üç dəniz əfsanəsi” adlı tamaşa hazırladı. Təsəvvür edək ki, tamaşaya 10 min manat xərc çəkildi. Vəsait ayıran Baş prodüsser tamaşanı qəbul etmədi. Doğrudan da, keçən il dövlət sifarişi yolu ilə hazırlanmış həmin tamaşanı Mədəniyyət Nazirliyinin müvafiq komissiyası qəbul etmədi. İstənilən teatra baş ucalığı gətirməyən belə bir "ilkə” də İrevan teatrı imza atdı. Prodüsser nə qədər əmək haqqı almalıdır ki, bu vəsaiti geri qaytara bilsin? Fərz edək ki, 500 manat. Əmək haqqından tutulmaların 30 faizdən çox olmasını qanunvericilik qadağan edir. Demək prodüsser hər ay 150 manat pul ödəməlidir. 10000:150=66 ay:12=5 il 5 ay. Deməli, bu yarıtmaz prodüsser hələ beş il beş ay da işləməlidir ki, borcunu qaytara bilsin. Özü də dövlətdən aldığı pulla... Və özünə toxunulmazlıq qarantiyası qazanır. Bəla bilirsiniz hardadır? İnsanların təkhakimiyyətliliyə meyilli və onların tamah dişlərinin "Murtuzəlinin qılıncından iti” olmasında”.

Zülfiyyə Eldarqızı
Mənbə: google.az

Z.Eldarqızının sözlərinə görə, nə qədər ki, teatrlarda kütlə psixologiyası, qeyri-sağlam yaradıcı mühit, qeyri-şəffaflıq hökm sürəcək, azad düşüncə olmayacaq, nə qədər ki, teatrın maliyyə xərcləri bir nəfərə-direktora həvalə olunacaq, ciddi dəyişiklik gözlənilmir. Teatrın iqdisadi vəziyyətinin yaxşılaşdırılması məhəbbətlə, zövqlə, tamaşaçı marağına uyğun hazırlanmış yaxşı tamaşadan keçir. İqdisadi cəhətdən inkişaf etmiş ölkəmizdə yaşayan tamaşaçı yaxşı tamaşa üçün istənilən dəyərdə olan bilet almağa qadirdir:

"Bir neçə il bundan qabaq "El-Setera” teatrının rəhbəri Kalyaginin iştirakı ilə S.Vurğun adına Rus Dram Teatrında baş tutmuş tamaşaya biletin qiyməti 60-80 manat idi. Zalda isə boş yer yox idi. Və yaxud, istedadlı rejissor Elvin Mirzəyevin hazırladığı "Min möhtəşəm günəş” tamaşasına dəyəri 20 manat olan bilet alan tamaşaçılar mənim yadımdadır. Hara getdi o tamaşaçılar? Niyə onları itirdiniz? Niyə onları teatrdan küsdürdünüz? Kimdir günahkar? Əlbəttə ki, İftixar Piriyev. Yaradıcı, kövrək, ruhsal insanlar olan aktyorları bir direktor kimi qayğısına qalmaq əvəzinə, şəxsi ambisiyasını hər şeydən üstün tutdu. Tamaşada əsas rolları oynayan aktyorları böhtanlar atıb, işdən çıxartdı və tamaşa da bağlandı".

Z.Eldarqızı teatrın direktoruna da Meydan TV vasitəsilə müraciət edib:

"Bəla burasındadır ki, hamı danışır, hamı yazır, məsləhət verir. İnkişaf yollarından, islahatdan elə adamlar danışır, o dəqiqə hiss olunur ki, bunlar hamısı yalandır, görüntü yaratmaq cəhdidir. Amma, əlində olan imkanlar daxilində teatr sənətinin inkişafına kömək edənlər yoxdur. İşləmək üçün bütün imkanlarınız var. Kim sizə mane olur? Heç kim... Bəs niyə işləmirsiniz? Arzularınızı yox, işinizi göstərin. İtirdiyiniz tamaşaçını teatra qaytarın. Nə qədər ki, əski düşüncə tərzinə malik sinkimilər vəzifədədir, teatr sənətimiz daha pis tənəzzülə uğrayacaq. Siz direktordan çevrilib prodüsser olsanız belə, düşüncəniz dəyişməyəcək”.

İftixar Piriyev
Mənbə: google.az

"Sizə sözüm yoxdur..."

Teatrın direktoru İftixar Piriyev isə haqqında deyilənləri təkzib edib: "Onların dediyinə inanırsınızsa, sizə sözüm yoxdur. Nə istəyirlər danışsınlar, teatr yerindədir və peşəkarlar da çalışır”.