İlqar Məmmədov: "Məhkəmədən gözləntimiz yoxdur, tələbimiz var"

İlqar Məmmədov:

31-10-2018 17:13 / Bu xəbər 1817 dəfə oxundu

İlqar Məmmədovun vəkili Ali Məhkəməyə müraciət edib

REAL Partiyasının sədri İlqar Məmmədovun vəkili Şəki Apelyasiya Məhkəməsinin 13 avqust tarixli son qərarından kassasiya şikayətini Ali Məhkəməyə təqdim edib.

Bu barədə vəkil Fuad Ağayev məlumat yayıb.

O bildirib ki, şikayətdə REAL sədrinə tam bəraət verilməsi istənilir. 

İlqar Məmmədov Toplum Tv-nin "məhkəmədən gözləntiniz nədir" sualına cavabında bildirib ki, onların məhkəmədən gözləntisi yoxdur, tələbləri var: "Bizim məhkəmədən heç bir gözləntimiz yoxdur, tələbimiz var. Tələb də odur ki, mən tamamilə bəraət almalıyam". 

Məmmədov deyib ki, bu tələb həm də qarşıdan gələn seçkilərdə iştirakla bağlıdır: "Pozulmuş haqlarım bərpa olunmalıdır. Bütün haqq və hüquqlarımdan sərbəst şəkildə, tam həcmdə istifadə etməkdə israrlıyam. Məhkəmə qanunauyğun qərar versə, bu qərar nəticəsində Azərbaycanda keçiriləcək seçkilərdə iştirak edə biləcəyəm. Hazırda bildiyiniz kimi, biz Avropa Məhkəməsində işi dəfələrlə udmuşuq. Azərbaycan Ali Məhkəməsi də Avropa Məhkəməsinin Azərbaycan üzərindəki yuridiksiyasını tanıyıb. Ona görə də öz qərarlarını Avropa Məhkəməsinin qərarlarına uyğunlaşdırmalıdır. Əgər bunu etməzsə, cavabını da hakimiyyətdən soruşmaq lazımdır”. 

İlqar Məmmədov 2013-cü ildə İsmayıllı iğtişaşlarının təşkili ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Avropa İnsan Haqları Məhkəməsi iki dəfə bunun əsassız olması haqqında qərar qəbul edib.

Azərbaycan Ali Məhkəməsinin plenumu 2018-ci il iyunun 29-da yerli məhkəmələrin əvvəlki qərarlarını ləğv edib və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.

Avqustun 13-də Şəki Apelyasiya Məhkəməsi ReAL Partiyasının lideri İlqar Məmmədova iki il sınaq müddəti ilə şərti cəza kəsməklə, məhkəmə zalından azadlığa buraxılması ilə bağlı qərar qəbul edib.

Gülzar N. Məmmədli
Toplum Tv