"İki azyaşlı uşaq və onkoloji xəstə olan anamla donuruq" - Cəlilabad sakini

10-01-2018 03:05 / Bu xəbər 612 dəfə oxundu

Cəlilabad sakini Əkbərova Xuraman Sərraf qızı "Azəriqaz" İstehsalat Birliyinin Cəlilabad Rayon Qaz İstismar İdarəsindən şikayətçidir. 

O, bu barədə Aqrument.Az-a danışıb. 

Vətəndaş iki uşağı və onkoloji xəstə olan anası ilə soyuq mənzildə yaşadığını, idarənin onların probleminə biganə yanaşdığını deyir: "Cəlilabad rayon Səttarxan küçəsində iki uşağım və ankoloji xəstə olan anamla birlikdə yaşayırıq. Bir neçə gündür ki,  "Azəriqaz" İstehsalat Birliyinin Cəlilabad qaz istismar idarəsinin əməkdaşları evimə gələn qaz xəttimizi kəsərək bizi soyuq ocağa qoyublar. Səbəb isə çox sadədir. Evimə çəkilmiş 333-10-44-00-1000-80 nömrəli sayğac qaynım Abışov Habil Xoçaxan oğlunun adına olduğu üçün başıma bu oyun açılıb. Qaynım Habil Abışovun özünün yaşadığı mənzildə 233-10-43-342-00-000 nömrəli sayğacının "Azəriqaz"a 336 AZN borcu var. Ona görə də "Azəriqaz"ın əməkdaşları qaynımın borcunu ödətdirmək üçün mənim də evimin qaz xəttini kəsiblər". 

"Mən öz qaz borcumu hər ay vaxtı vaxtında ödəyirəm. Bununla bağlı mən Cəlilabad rayon Qaz İstismarı sahəsinin rəisi əvəzi Rafiq Məhərrəmovun da qəbulunda olduq. Rafiq Məhərrəmov isə bizə bildirdi ki, siz qaz xəttinizin kəsilməsinə görə şikayət məktubu yazdığınız üçün xəttinizi birləşdirmək fikrim yoxdu. Yaxşısı budur, məktubunuza təkzib yazaraq səhv etdiyinizi bildirin. Biz isə razılaşmadıq. Çünki səhv bizim yox, qaz idarəsinin işçilərinindir. Sizdən xahişim odur ki, mənim qaz xəttimin birləşdirilməsi üçün əlinizdən gələn köməyi əsirgəməyəsiniz. Havalar soyuyub dörd nəfər evin içində soyuqdan donuruq", - deyə vətəndaş bildirib. 

Məsələ ilə bağlı şidarə rəisi əvəzi Rafiq Məhərrəmovun mobil telefonuna zəng vursaq da, zəngimizə cavab verilmədi. 

Vasif Elihüseyn