''İcra hakimiyyəti arayış verəndə bilmirdi, yaşadığım yer gecəqondudur?''

''İcra hakimiyyəti arayış verəndə bilmirdi, yaşadığım yer gecəqondudur?''

10-01-2019 17:42 / Bu xəbər 1671 dəfə oxundu

Yaqut Əliyeva: ''Evimi söküblər, heç olmasa nəsə bir yer versinlər ki, orada yaşayaq''

"Məktəbdə informatika müəllimi oğluma deyib ki, bu nədir, səndən his iyi gəlir. Uşaq da utandığından bilməyib neyləsin, ayaqyoluna getmək bəhanəsi ilə icazə alıb və sonra dərsə girməyib. Kefimizdən odun yandırmırıq ki. Bu əzab-əziyyətə heç kim qatlaşmaz ki, biz dözürük. Qaz yox, işıq yox, itin zülmünü çəkirik. Allah da bizdən ümidini üzüb".

Bu sözləri Meydan TV-yə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vaqon Deposu Çeşidləmə stansiyasının yaxınlığında karton və taxtadan tikilmiş uçuq-sökük daxmada üç nəfərdən ibarət ailəsi ilə yaşayan Yaqut Əliyeva deyir.

Yaqut Əliyeva 

Söyləyir ki, 2017-ci il aprelin 28-də həmin ərazidə baş verən yanğın zamanı 11 ailə ilə yanaşı, onların da evi zərər görüb: "Bizim ev qismən, bəzi evlər isə tamamilə yanmışdı. Yardım etmək əvəzinə, 2017-ci il mayın 16-da dəmiryolunun əlliyə yaxın işçisi bura gəldi, başladılar, yanğından salamat qalan evləri buldozerlə sökməyə. Bizə də bildirildi ki, narahat olmayın, yerləşdiriləcəksiniz. Söküb, bizi küçədə qoyub, getdilər. İki ilə yaxındır, əzab-əziyyət içində yaşayırıq. Amma bizi küçədə qoyanların vecinə də deyil".

Şikayətçi söyləyir ki, dəfələrlə Prezident Adminstrasiyasına, Birinci vitse-prezident Mehriba Əliyevaya, Milli Məclisə və Nazirlər Kabinetinə şikayət məktubu yazıblar. Məktublar Binəqədi İcra Hakimiyyətinə yönləndirilib:

"İcradan da bildiriblər ki, qanunsuz tikilidir, gözləyin nəsə olacaq. Əgər qanunsuz idisə vaxtında niyə icazə verirdilər? Bəs iyirmi ildir camaat yaşayırdı, görmürdünüz ki, qanunsuzdur? Dedilər ki, bura mühafizə zolağıdır, tikililər isə gecəqondudur. 2011-ci ildə Binəqədi Rayon İcra Hakimiyyətinə gedib, arayış alanda, bəs niyə məndən soruşmadılar ki, sən ora gecə qonmusan, ya gündüz? Bu sualı o zaman bizə niyə vermədilər? Mən də Azərbaycan vətəndaşıyam. Niyə öz torpağımda mənə yaşamağa bir daxma vermirlər? Baxın ətrafa, sağımız-solumuz hamısı qanunsuz tikililərdir və heç birinin sənədi yoxdur. Bilirsiniz, niyə onlara dəyib-dolaşmırlar? Çünki rüşvət alıblar, susurlar".

Zərərçəkənin sözlərinə görə, 2011-ci ildə həmin ərazidə Sərdar İmanov ad-soyadlı şəxsdən min beş yüz manata birotaqlı ev alıblar. Özləri sonradan mətbəx və hamam inşa ediblər.

"Evi sənədləşdirmək üçün isə həmin ilin mayında Binəqədinin keçmiş icra başçısı Alı Qocayevin qəbulunda olduq. Bizə sənəd də verildi ki, bu ərazidə məskunlaşa bilək", - deyən Yaqut Əliyevanın tələbi, sökülüb-dağıdılan evinin yenidən bərpa olunmasıdır. Deyir ki, ağır şəraitdə yaşamaqdan 10 yaşlı oğlunun səhhətində ciddi problemlər yaranıb:

"Uşağın sol gözü 2 faiz görür. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində qeydiyyatdadır, orada müalicə olunur. Özüm cəhənnəm, balam əldən gedir. Demək olar ki, diri-diri ölür, pis vəziyyətdədir. Yoldaşım Nahid Əliyev ikinci qrup əlildir. 2010-cu ildə ağır avtomobil qəzası keçirib. Qəzada ayağı üç yerdən qırılıb, kəllə-beyin travması alıb. Buna görə dövlət ona 62 manat pul verir. Özüm də yaxınlıqdakı kirayə çadırda işləyirəm. Yas mərasimi olanda 10-15, bəzən 20 manat gündəlik pul alıram. Evimizə ayda 200 manat pul gəlir. Yoxsa, kirayə tutub, insan kimi yaşayardıq. Buna da imkanımız çatmır. Evimi söküblər, heç olmasa nəsə bir yer versinlər ki, orada yaşayaq".

"Biləcəri dəmiryolu stansiyasının rəisi Elçin Məmmədov ev uçurdulanda, dedi ki, sizin heç bir günahınız yoxdur. Sizi mütləq yerləşdirəcəyik", - şikayətçi belə deyir:

"Bizi bu vəziyyətə hökumət qoydu. Dəfələrlə Binəqədi İcra Hakimiyyətinə rəsmi müraciət etmişik. Qəbulda olmuşam, yalvarmışam, baxan yoxdur. Bu gün-sabah deyib, bizi aldadırlar. Sağ olsun, bəzi dindar qardaşlar, bizə işlənmiş generator alıb verdilər. Yoxsa Bakı kimi yerdə şam işığının ümidinə qalmışdıq. Generatoru gec qoşuruq, 1-2 saat televizora baxaq. O da benzin olandan-olana. Əllərimə baxın, görün, nə vəziyyətdədir. Harasa gedəndə, utandığımdan əllərimi gizlədirəm. Gecə-gündüz işləmişəm, dişimlə-dırnağımla ev qurmuşam ki, gəlib onu söksünlər? Buradan uzaqlaşdırılan insanlar yenidən qayıtmaq istəyiblər. Onların əksəriyyəti yüngül həyat tərzi keçirən qadınlar idi. Ona görə də Dəmiryolu İdarəsi tərəfindən onlara yol vermirlər bura gəlib yaşamağa. Bizim məsələdə də günahkar özləridir, evimizi söküblər deyə dəyib-dolaşmırlar".

Biləcəri Dəmiryol Stansiyasının rəisi Elçin Məmmədov Meydan TV-yə bildirib ki, Yaqut Əliyevanın şikayətinə baxılacaq: "Mən Yaqut xanımı tanıyıram, dəvət edib, dinləyərəm. Görək, çətinliyi nədən ibarətdir, nə istəyir. Nəyə ehtiyacı varsa, dəyərləndirməyə çalışacağıq".


Binəqədi Rayon İcra Hakimiyyətindən də məsələnin araşdırılacağı bildirildi.