Heydər Əliyev Fondu Bərdədəki kimsəsiz qadını nəzarətə götürdü

Heydər Əliyev Fondu Bərdədəki kimsəsiz qadını nəzarətə götürdü

14-02-2019 15:52 / Bu xəbər 1160 dəfə oxundu

Nazilə Musayeva əməliyyat olunacaq, sosial müavinət alacaq, işlə təmin olunacaq

Bərdədə yaşayan, həm onkoloji xəstəlikdən, həm də "Hepatit C” virusundan əziyyət çəkən 39 yaşlı Nazilə Musayeva əməliyyat ediləcək. O, hazırda Mərkəzi Neftçilər Xəstəxanasındadır.

N.Musayevanın əməliyyatı və gələcəkdə müalicəsi ilə bağlı bütün xərclər Heydər Əliyev Fondu tərəfindən təmin ediləcək.

Bu barədə "Trend” İnformasiya Agentliyi məlumat verib.

Məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Nazilə Musayevanın müalicəsi üzrə müvafiq tapşırıq verib.

Xəbərdə o da deyilir ki, N.Musayevanın müalicəsi başa çatdıqdan sonra sosial təminatının həll olunması üzrə də müvafiq tapşırıq verilib. Onun əlilliyinin qiymətləndirilməsi aparılacaq, əlillik qrupu təyin olunduqdan sonra aylıq pensiya və ya sosial müavinət ödənişinə başlanılacaq. Öz istəyinə uyğun olaraq məşğulluğunun təminatı üçün də müvafiq tədbirlər görüləcək.

Fevralın 5-də Meydan TV-də Nazilə Musayevanın həyatı ilə bağlı reportaj yayımlanıb. Həmin yazıda N.Musayevanın azyaşlı övladı ilə birlikdə çətin şəraitdə yaşadığı, 3 xəstəlikdən əziyyət çəkdiyi halda, müalicə ala bilməməsindən danışılırdı.

N.Musayeva Bərdədə azyaşlı övladı ilə birgə yaşayır. İşləmir, xəstəliyinə görə müalicə ala bilmirdi. Hətta 9 yaşına çatmış övladını imkansızlıqdan məktəbə də göndərmək imkanı yoxdur. Uzun müddət imkansızlıqdan parklarda gecələmişdi və nəticədə bir neçə xəstəlik qazanmışdı.
Nazilə Musayeva vəziyyəti ilə bağlı dəfələrlə Bərdə Rayon İcra Hakimiyyətinə, Prezident Administrasiyasına, Heydər Əliyev Fonduna, vitse-prezident Mehriban Əliyevaya məktublar yazmışdı. Ancaq kömək edən olmamışdı.

"Qalmışam kimsəsiz, tək. Deyirlər e, alnına tək olmaq yazılıbsa, sənin taleyini heç nə dəyişə bilməz. Valideynlərinin istəmədiyi adamam mən. Atıblar. İndi mən durub analığımdan, atalığımdan necə inciyim ki, niyə məni sevmədiniz? Yaxud həyat yoldaşımdan nə gözləyim? Heç kimdən incimirəm. Tək istəyim var, ya mənə kömək edin, müalicə olunum, ölməyim, uşağıma sahib çıxım, ya da övladıma bir şərait yaradın, ona sahib çıxın,” – Nazilə Musayeva Meydan TV-yə söyləmişdi.