Həbsdəki REAL üzvü ona işgəncə verildiyini deyir - MƏTN

Həbsdəki REAL üzvü ona işgəncə verildiyini deyir - MƏTN

22-02-2017 15:03 / Bu xəbər 9510 dəfə oxundu

Respublikaçı Alternativ Təşkilatının (REAL) Sumqayıt məclisinin fəalı Rahim Şaliyev Sumqayıt Şəhər Polis İdarəsində işgəncəyə məruz qalıb. 

Bu barədə Şaliyev vəkili Yalçın İmanovla görüşündə deyib.

Vəkil Yalçın İmanovun Arqument.Az-a verdiyi məlumata görə, fevralın 22-də onunla Sumqayıt şəhər Polis İdarəsinin müvəqqəti saxlanma yerində görüşüb.
 
Şaliyev başına gələnlərlə bağlı izahat yazaraq vəkilə təqdim edib. O deyib ki, fevralın 20-i səhər saat 11 radələrində iki polis əməkdaşı mənzilinə gəlib, Sumqayıt şəhər 4-cü polis bölməsinə gəlməsini istəyiblər:

"İdarəyə hansı səbəbdən çağrıldığımı soruşduqda bilmədiyini dedi. Polisin tələbi ilə razılaşıb 15 dəqiqə sonra onların xidməti maşınına mindim. 4-cü polis bölməsinə getdik. Orada rəis qəbulunda 15-20 dəqiqə gözlədikdən sonra rəis məni qəbul etdi. Lakin üzümə baxmadan əlavə heç bir şey deməyib otaqdan çıxartdı və daha sonra məni Sumqayıt şəhər Polis İdarəsinə apardılar. Orada 3-cü mərtəbəyə qaldırıb, rəis müavinin otağına saldılar. Rəis müavini üzümə baxıb "sən Real partiyasının üzvüsən?"- soruşdu. "Bəli"- deyə cavab verdim. Bura nə vaxtdan üzv olduğumu soruşdu. "2013-cü ildən" deyə bildirdim. "Nə başından böyük qələt etmisən?" - deyə soruşdu. Cavab vermədim. Daha sonra otaqdan çıxartdı. Bir qədər çöldə gözlədim. İçəri bir şəxs daxil oldu və sonra məni təkrar içəri çağırdı. Kabinetin ortasında ayaq üstə durmamı tapşırdı. "Facebook-da nə yazmısan?" - deyə soruşdu. Mən də öz fikirlərimi yazdığımı bildirdim. "Ə küçük, axırıncı dəfə nə yazmısan?" - deyə soruşdu. Mən də öz bloqumda yazdığımı bildirdim. "REAL-da nə qədər üzvünüz var?"- deyə soruşdu. Bilmədiyimi dedim. Daha sonra sən "REAL-da nə işə baxırsan?" - deyə soruşdu və təhqirlər etdi. Mən sadə üzv olduğumu bildirdim. Ardınca məni yanındakı digər adama tapşırıb "bunu yaxşıca başa salın" - deyə əmr etdi. Daha sonra həmin şəxs məni üzbəüz digər otağa apardı. Orda təxminən 5 nəfər idmançı cüssəli adam var idi. Məni içəri salan həmin adam 5 nəfərə tapşırdı ki, bu, çox çaşıb, yaxşı başa salın. Daha sonra 5 nəfər məni döyməyə başladı, təhqirlər etdilər. Onlara bildirdim ki, başımda solda travma var. Ürəyimdə də problem var. Heç olmasa ora vurmasınlar. Amma onlar daha çox travma olan yerdən sillə ilə, ürək və kürək nahiyələrimdən, qollarımdan, qıçlarımdan, qasığımdan vurmağa başladılar. Bu zaman halım pisləşdi. Qışqırmağa və otaqdan qaçmağa çalışdım. Bu zaman onlardan biri qurşağımdan tutub məni yuxarı qaldırdı və yerə çırpdı. Bundan sonra barmaqlarımı sındırmaq istədilər. Sağ əl barmaqlarımdan dördü ciddi zədələndi. Müvazinətimi saxlaya bilməyib yıxıldım və yanımdakıları itələyib barmaqlarımı əllərindən çıxartdım. Daha sonra məni su içməyə apardılar. Krantdan su içdim və bayaqkı otağın yanındakı digər otağa keçirtdilər. Orada əlavə iki nəfər var idi. Daha sonra mənə digər işgəncə verənlərdən ikisi də gəldi. Divanda otuzdurdular. Məndən REAL-ın üzvləri, əməkdaşlıq etdiyim intetnet saytı ilə, "Facebook" və şəxsi bloqumla, qohumlarımla bağlı soruşdular. Bildirdim ki, qohumlarımı tanımıram, əlaqə qurmuram. REAL-da sadə üzvəm və ancaq mühazirələrdə olmuşam. Məni ayağa qaldırıb başıma sillə, çiynimə yumruq vurdular, təhqirlər etdilər. Daha sonra "Facebook"-da paylaşımla bağlı təhqirlər etdilər, parolumu soruşdular. Mən "Facebook" parolunu bilmədiyimi dedim, sillə vurub təkrar soruşdular və təkrar bilmədiyimi dedim. Daha sonra təkrar 4-cü polis bölməsinə apardılar. Orda saxta protokol tərtib etdilər və izahat aldılar ki, guya Sülh küçəsində mən mobil telefonla nalayiq sözlər işlətmişəm, polisin qanuni tələbinə tabe olmamışam. Əslində belə şey olmayıb. Məni evdən polislər gətirib bölməyə".

R. Şalıyev vəkilə bildirib ki, idarədəki fiziki və mənəvi, psixoloji təzyiqlər altında həmin protokol və izahata imza atmaq məcburiyyətində qalıb:

"Daha sonra məni məhkəməyə gətirdilər. Hakim Ruhiyyə Əsgərovanın göstərişi ilə guya inzibati xətaya yol verməyim barədə təkrar izahat yazdırdılar. Təxminən cəmi 3 dəqiqə çəkən məhkəmənin yekununda 30 sutka müddətinə inzibati həbs olundum və daha sonra polislər mənə bu barədə heç kimə bir kəlmə də olsun deməməyimi xəbərdarlıq edərək təzədən Sumqayıt şəhər Polis İdarəsinə gətirdilər. İdarədə unitazı təmizlətdirdilər. Zorla təmizləyən yerdə şəklimi və videomu çəkdilər. Daha sonra 4-5 nəfərin qadının olduğu otağa apardılar. Üst geyimimi və şalvarımı əynimdən soyundurdular, pijamada əlimə şvabra verdilər və döşəməni təmizlətdirdilər. Polis həmin vaxt qadınlara "gülməyin fahişələr" - deyə bildirdi. Həmin vaxt yenidən şəkil və videomu çəkdilər. Daha sonra rəis müavinin otağına qaldırdılar. Orada rəis müavini mənə "ağlın başına gəldi" - deyə sual verdi. REAL-da nə etdiyim barədə soruşdu. "Facebook"-da paylaşdığım statusları bildirib "qoduq, şişmisən" - deyə təhqir etdilər. Daha sonra başqa otağa apardılar. Orada yenə REAL haqqında, REAL-ın Sumqayıt təşkilatının fəallarını tanıyıb-tanımamağım haqqında, REAL üzvləri - Elkin Xəlilov, Kamil Allahyarov, Elçin Mahmud, Kənan və sair Sumqayıt üzvlərinin harada yaşadıqlarını soruşdular. Başqa üzvlərin olub-olmaması ilə bağlı suala "bilmirəm" dedikdə məni dubinka ilə zorlayacaqlarını bildirib hədələdilər və döyməyə başladılar. Yenə başımda travma olan yerdən vururdular. Sakitləşdikdən sonra dedilər ki, səninlə sonra söhbət edəcəyik. Məndən dindirmələr zamanı çöldə və məhkəmə önündə toplaşanların kimlər olduğunu, nə işlə məşğul olduqlarını soruşdular".

R. Şalıyev deyir ki, hazırda başının çöl hissəsi döyülmələrdən kəskin ağrayır: "Eşitməyimdə problemlər yaranıb. Heç bir inzibati xətaya yol verməmişəm. İctimai-siyasi fəal kimi, yazar kimi, Facebook-dakı statuslara görə həbs olunmuşam".

Qeyd edək ki, Rahim Şalıyev fevralın 20-də həbs edilib.

O, xırda xuliqanlıqda və polisin qanuni tələbinə tabe olmamaqda günahkar bilinərək, 30 sutka müddətində inzibati qaydada həbs edilib.

REAL Rahim Şalıyevin həbsini qınayan bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, bu, siyasi həbsdir və hakimiyyətə başucalığı gətirmir.

Xatırladaq ki, Rahim Şalıyev fevralın 20-də həbs edilib.

O, xırda xuliqanlıqda və polisin qanuni tələbinə tabe olmamaqda günahkar bilinərək, 30 sutka müddətində inzibati qaydada həbs edilib.

REAL partiyası Rahim Şalıyevin həbsini qınayan bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, bu, siyasi həbsdir və hakimiyyətə baş ucalığı gətirmir.
 
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Arqument.Az