Hakimiyyət yumşalıbmı?

Hakimiyyət yumşalıbmı?

20-02-2019 01:53 / Bu xəbər 1646 dəfə oxundu

Samir Kazımlı

Ölkədə siyasi məhbus problemi ciddi problem olaraq qalmaqdadır. Siyasi məhbusların azadlığa çıxmasına az qalmış onlara qarşı həbsxanada yeni qondarma ittihamların irəli sürülməsi halları yenidən gündəmdədir. Ötən ilin sonunda 4 belə hadisə baş verib. Bundan əlavə siyasi motivli həbslər baş verərkən həmin həbslər kobud qanun pozuntuları ilə müşayiət olunur. 

Saxlanılan şəxs öz vəkili ilə təmin edilmir, həmçinin pis rəftara və işgəncəyə məruz qalırlar. Sonuncu belə hadisə kimi Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmlinin, onun qohumu Vidadi Rüstəmlinin və eyni iş üzrə həbs edilən AXCP üzvləri Aqil Məhərrəmin, Babək Həsənovun, Ruslan Nəsirlinin işini misal göstərmək olar. Siyasi motivli işlərə çıxan, işgəncə faktını açıqlayan vəkillər isə cəzalandırılırlar.

Mehman Hüseynovla bağlı yerli və beynəlxalq ictimaiyyətin reaksiyalarından sonra M.Hüseynova qarşı irəli sürülmüş yeni ittihamın götürülməsi, AXCP sədrinin müşaviri Məmməd İbrahimin və hicab məhbusu Telman Şirəliyevin (onlara da həbsdə ikinci dəfə cinayət işi açılmışdı) azadlığa buraxılmalarının hakimiyyətin yumşalması və ya geri çəkilməsi olub-olmadığına toxunmuram.  Sadəcə onu deyə bilərəm ki, hakimiyyət Mehman Hüseynova və digər üç siyasi məhbusa qarşı yeni ittihamlar irəli sürməklə, qanunsuz hərəkətlərini daha da artırmışdı. 

Yaxın keçmişə diqqət edəndə görünür ki, hakimiyyət bu məsələdə hərdən müvəqqəti olaraq geri çəkilir, amma yenidən fürsət yaranan kimi siyasi repressiyaları artırır. Məsələn, 2012-ci ildə AŞPA-nın həmin vaxt Azərbaycanda siyasi məhbuslarla bağlı  məruzəçisi olan Kristofer Ştrasser siyasi məhbus məsələsini gündəmə gətirəndə, hakimiyyət həmin ilin 22 iyunda – heç bir əlamətdar olmayan gündə 2011-ci ilin 2 aprelindəki aksiyaya görə həbs edilən 9 siyasi məhbusu əfv sərəncamı ilə azadlığa buraxdı. Amma üstündən 7 ay keçəndən sonra yenə yenə siyasi repressiyalara başladı. 

Əvvəl REAL-ın lideri İlqar Məmmədovu, Müsavat başqanının müavini Tofiq Yaqublunu, sonra isə NİDA-çı gəncləri həbs etdi. 2014-cü ildə isə QHT nümayəndələri həbsə atıldı. Başqa siyasi motivli həbslər də oldu. Nəhayət, 2015-ci ilin sonundan başlayaraq ABŞ Helsinki Komissiyasının sədri, konqresmen Kristofer Smitin Azərbaycan hakimiyyətinə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsi gündəmə gəldi. 

Ondan sonra həbsdə olan QHT nümayəndələri və bir neçə digər siyasi məhbus azadlığa buraxıldı. Bundan sonra repressiyalar dayandımı? Yox. Hakimiyyətin əlinə fürsət düşən kimi jurnalist Əfqan Muxtarlı, AXCP sədrinin müavini Gözəl Bayramlı başda olmaqla siyasi motovli həbslər davam etdi.  

Əgər hakimiyyət doğurdan da repressiv siyasətindən əl çəkərək ölkədə insan hüquq və azadlıqları təmin etmək istəyirsə, ilk növbədə siyasi motivli həbslərə, təzyiqlərə son qoymalı, siyasi məhbusları azadlığa buraxmalıdır. Eyni zamanda ölkədə hüquq və azadlıqları pozan şəxsləri, xüsusilə də siyasi motivli işlərdə qanun pozuntularına yol vermiş şəxslər cəzalandırılmalıdır. Sonra digər məsələlərdə islahatlara getməlidir. Hələlik isə ortada nəticə yoxdur. Bu isə o deməkdir ki, hakimiyyət öz repressiv siyasətindən əl çəkməyib və əl çəkmək niyyətində də deyil, sadəcə müəyyən mərhələ üçün kiçik görüntülər yaradır.

Belə olan halda nə baş verəcək? Əgər hakimiyyəti ölkədə insan hüquq və azadlıqları pozduğuna, həmçinin siyasi məhbus problemi ilə bağlı yerli və beynəlxalq səviyyədə sərt reaksiyalarla, addımlarla, ehtiyac yaranarsa sanksiyalarla rastlaşmayacaqsa, fürsət yaranan kimi hakimiyyət repressiv siyasətini artıracaq. Müəyyən mərhələdə - insan haqları ilə bağlı yerli və beynəlxalq səviyyədə hakimiyyətə basqılar artanda hakimiyyət repressiyaları müvəqqəti olaraq azalda bilər, amma fürsət yaranan kimi, əvvəlkindən də sərt repressiyaları həyata keçirə bilər. 

Ona görə də yerli ictimaiyyət və beynəlxalq təşkilatlar Azərbaycandakı insan hüquq və azadlıqları məsələsini davamlı olaraq diqqətdə saxlamalı, müstəqil vətəndaş cəmiyyətinin, medianın, müxalif siyasi təşkilatların sıradan çıxarılmasına göz yummamalıdır. Və ölkədə insan haqlarının qorunmasına, inkişaf etdirməsinə dəstək olmalıdırlar.
 
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.