Güzəştli ev almaq istədilər, sistem çökdü

Güzəştli ev almaq istədilər, sistem çökdü

08-05-2018 16:13 / Bu xəbər 3182 dəfə oxundu

"Bildiriş gəlib ki, evi təsdiq edə bilərsiniz, amma təsdiqləmə düyməsi yoxdur”- deyir şikayətçi Ruzalə Ələmdarquliyeva.

Mayın 7-də səhər saatlarında az və orta təminatlı gənc ailələr üçün 260 ev satışa çıxarılıb. 

Elektron hökumət portalında seçim edən şəxslərin çoxu problemlə qarşılaşıb. Evi seçəndə, ya da imzalayanda sistem donub. 5 dəqiqə sonra sistemə qayıdanlar evlərin tutulduğunu görüblər.

Narazı şəxslər Mənzil İnşaatı Dövlət Agentliyinə üz tutublar. Onlar ərizə yazaraq problemlərinin həll olunmasını istəyiblər. 

MİDA-nın Facebook səhifəsində də ev almaq istəyənlər sistemin çökməsindən gileylənib.

Altay Mehrangil Deyəsən evlərin kimə veriləcəyi əvvəlcədən müəyyənləşdirilib və qalan şəxslərin saat 10-da sayta girişinə məhdudiyyət qoyulub. Azərbaycanda indiki şəraitdə ədalətli və şəffaf hansısa seçimin olacağına inanmaq utopiyadan başqa bir şey deyil.

Rauf Abulov Saat 10-dan heş kim sayta girə bilmədi sonra necə oldusa evlərin hamısı satıldı.

MİDA-nın beynəlxalq əlaqələr və strateji planlaşma şöbəsinin rəhbəri Fərman Qurbanlı bildirib ki, 8700 nəfər qeydiyyatdan keçdiyinə görə o qədər şəxsin sayta girişi planlaşdırılıb, amma həmin gün 60 mindən çox insan portala daxil olub. Buna görə də sistem çöküb.

Narazı vətəndaşlar evlərin satışında şəffaflığın təmin olunmadığını düşünürlər.

11 aprel 2016-cı ildə Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaradılıb. Məqsəd gəlirləri az olan gənc ailələrin mənzillə təmin edilməsidir. İlk olaraq Yasamal Yaşayış Kompleksində 1843 mənzil tikilib. Onlardan 260-ı satışa çıxarılıb.