Gündəmi qadın olan…

Gündəmi qadın olan…

19-04-2019 13:39 / Bu xəbər 1375 dəfə oxundu

Nigar Adil

Hər ölkədə müxtəlif mövzular, insanlar gündəm olmağı bacarır. 

Məsələn, təbiət hadisəsi, uşaq, kişi, qadın, tarixi abidə, fiziki qüsurlu insanlar, heyvanlar və.s. 

Bu cür dəyişik gündəmdə insanın insanlığı, vicdanı inkişaf edir.

Bizdə isə gündəm hər zaman qadınların üzərində qurulur. Yalnız qadınlara aid hansısa xoşagəlməz hadisə baş verəndə günlərlə, həftələrlə mövzu dəyişmir. Qadınlar dəyişə bilər və dəyişir də. Amma müzakirə obyekti və səbəbkar hər zaman olduğu kimi yenə də qadındır.

Son bir ayda gündəmi zəbt edən qadınlar: Müğənni Aysel Əlizadə və "tərəf müqabili" Türkan xanım, məşhur üç qızlar, Elina, Sənay, iti üçün ağlayan qadın və son günlər hələki, gündəmi zəbt etməyi bacarmağa çalışan, amma buna nail olmayan Nazpəzri Dostəliyeva və qardaşıqızı...

Bəlkə də, çoxları diqqət edib. Evində həyat yoldaşı üçün "gündəm" ola bilməyən qadın, sosial şəbəkədə, efirlərdə gündəm olur. Məsələn, müğənni Aysel Əlizadə ilə efirlərdə "mübarizə" aparan Türkan xanım. Həyat yoldaşının diqqətini heç bir sevgisi, məhəbbəti çəkmədi, amma hansısa efirin, sosial şəbəkənin diqqətini çəkib hər kəsə öz reytinqini qazanmağa xeyli yardımçı oldu.

Azərbaycanda qadının məşhur olması üçün ömrünü hansısa fəaliyyətə həsr etməsinə ehtiyac yoxdu. Rəfiqəsi və ya dostunun çəkdiyi 5 saniyəlik bir video, səs yazısı ilə qadın ən vacib siyasi, sosial problemin müzakirə olunduğu gündəmi unutdura bilər. Bəlkə də uzaqgörən atalar "qadın böyük qüvvədir", deyəndə bunu nəzərdə tutublar. Amma yaxşı olardı ki, bu qüvvə cəmiyyəti boş-boş müzakirələrlə məşğul etməsin.

Qadınlar gündəmi necə əllərinə alıb, sosial şəbəkədə bu qədər insanı, yazarları özlərindən yazmağa vadar edirlər? Cəmiyyətin problemi qadınlarlamı qabardır, ya qadınlar istəmədən, bilmədən problemin içində və müzakirələrdə var olurlar? Yoxsa, Azərbaycan qadınının ölkə gündəmini zəbt etmək kimi bir öhdəliyimi var, xəbərimiz yoxdur?

Azərbaycanda ən gözəl əsər yazan, Oskar mükafatına layiq görülmüş hansısa bir filmi çəkən qadın rejissor deyilsə, yenədə o xəbərlər, uğurlar gündəm ola bilməyəcək. Məsələn, biz Fransada uğur qazanan, hekayələri qəbul olunan, çap olunan yazıçımızın uğur xəbərindən bəhs edən yazı, xəbər, ən pis halda belə status yaza bilmiriksə, universitetdə təhsil alan şəhid övladına öz aylıq maaşı ilə təqaüd ayıran insanın bu xoş əməlini gündəm mövzusu edib, təbliğ etmiriksə və ya edə bilmiriksə, deməli günah bir az da özümüzdədir...

Xülasə, hər bir işdə, uğurda, müzakirə obyektində yaşından və statusundan asılı olmayaraq qadın axtaran cəmiyyətin yolu işıqlı ola bilməz...

olaylar.az