Gömrük rəsmisi: "3 avroluq təkəri 50 manata sata bilirsinizsə, rüsumu da ödəyərsiniz"

Gömrük rəsmisi:

19-01-2018 13:14 / Bu xəbər 2553 dəfə oxundu

''Ölkəyə cəmi 3 nəfər işlənmiş təkər gətirib, lakin mitinqə 150-200 nəfər yığışmışdı''

Azərbaycan ötən ildən işlənmiş avtomobil təkərlərinin idxalı üzrə gömrük rüsumunu 3 ABŞ dollarından 10 dollara qaldırıb. 

Bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Səfər Mehdiyev deyib.

Komitə yetkinlisi deyib ki, ümumilikdə, 500-dən çox gömrük tarifləri dəyişdirilib, rüsumların 57 faizi dəyişməyib. Dəyişən tariflərin yalnız 7 faizi artırılıb.

Yanvarın 15-də işlənmiş təkər alveri ilə məşğul olan 200-ə yaxın ticarətçi gömrük rüsumlarının artmasına etiraz ediblər.

Onlar Prezident Administrasiyasının qarşısına yığışaraq tələblərini bildiriblər.

Satıcılar deyiblər ki, illərdir Almaniyadan işlənmiş təkər gətirib burada satıblar. İndi dövlət rüsumunun artırılması onların işini çətinə salıb. 

DGK rəsmisi aksiyaçıların dediklərini doğru saymır: "Ölkəyə cəmi 3 nəfər işlənmiş təkər gətirib, lakin mitinqə 150-200 nəfər yığışmışdı. Bu, uyğun gəlmir. Biz xalqımızın gələcəyini, balalarımızı düşünürük".

DGK sədri Aydın Əliyev isə şikayətçiləri dinlədiklərini qeyd edib: "Qərar noyabrın 17-də dərc edilib və qüvvəyə minib. Həmin vaxtdan 3 nəfərin adına qeydiyyatda olan 6 maşın işlənmiş təkər gətirilib. Etiraz edən 100 nəfərdən sənədlərini və özünü təqdim etmələrini istədik, onlardan cəmi 11-i sənədini təqdim etdi. Qalan 89-u qaçdı. Onlar iddia edirlər ki, 3 avroya təkər alırlar, buna görə niyə 10 dollar rüsum ödəməlidir? Biz də deyirik ki, siz 3 avroluq təkəri burda 50 manata sata bilirsizsə, deməli, bu rüsumu da ödəyə bilərsiniz".

Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr qərarına görə, minik avtomobilləri, avtobus və yük maşınları üçün bərpa edilmiş bir ədəd şinə görə 10 dollar rüsum müəyyən edilib. Əvvəl isə bu qiymət 3 dollar idi.