Generallar Bakını niyə seçdilər? - TƏHLİL

Generallar Bakını niyə seçdilər? - TƏHLİL

17-02-2017 17:07 / Bu xəbər 2169 dəfə oxundu

ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimovun Bakıdakı görüşü ölkə mediası ilə yanaşı, xarici KİV-in də diqqətini çəkib. 

Məsələn, "The New York Times" qəzeti yazır ki, görüşü təşkil etmək asan olmayıb, bu haqda müzakirələr aylarla davam edib. Öncə Rusiya amerikalı generalın Moskvaya, ya da Belarus paytaxtına gəlməsini istəyib. Amma Pentaqon görüş üçün Şərqi Avropanı üstün tutduğunu bildirib. Ancaq Ukrayna məsələsindən sonra Avropa Birliyi digər Rusiya rəsmiləri kimi V.Gerasimova da sanksiya qoyduğundan, bu plan da gerçəkləşməyib. Nəhayət, tərəflər neytral şəhər kimi Bakını seçiblər.

Yerli siyasi şərhçilər isə görüş üçün Bakının məkan olaraq seçilməsini təhlil edərkən bildiriblər ki, strateji baxımdan Azərbayacan tərəflərin maraq dairəsindədir. 

Politoloq Nazim Cəfərsoy Toplum.Tv-yə bildirib ki, hər iki tərəf üçün bu tipli görüşlərdə görüşün necə təşkil olunduğu psixoloji cəhətdən əhəmiyyət kəsb edir:"Amerika tərəfi bu görüşün Qərbi Avropa və ya Avropa ölkələrində keçirilməsini təklif etmişdi. Mətbuat orqanlarından birində Macarıstanın adının çəkildiyini də görmüşdüm. "New York Times”ın xəbərinə görə Rusiya tərəfi Moskva ya da Belarusiyada keçirilməsi ilə bağlı təkliflər etmişdi. Amerikanın bu təkliflə razılaşmamasının səbəblərindən biri odur ki, Rusiyanın ali qərargah rəisinin sanksiya çərçivəsində Avropa İttifaqı ölkələrinə buraxılmamasıdır. Onun Ukraniyadakı proseslərlə bağlı məhsuliyət daşıdığı düşünülür. Bakının seçilməsi onu göstərir ki, həm rəsmi Moskva, həm də rəsmi Vaşinqton Bakıya bu baxımdan uyğun namizəd kimi baxırlar. Azərbaycanın tarazlıq siyasətinin qlobal aktyorlar tərəfindən qəbul gördüyünün əhəmiyyətli işarəti sayıla bilər. Tərəflər rəsmi Bakını bu mənada daha taraz, daha neytral, hər ikisinə daha yaxın ola biləcək pozisiyada görür. Bakıda keçirilməsinin Bakı üçün əhəmiyyəti, əməkdaşlıq konteksinin önə çıxacağı bir görüşun olma ehtimalının daha yüksək olacağı görülür. Çünki Amerika-Rusiya münasibətlərinin yeni formatda tənzimlənməsi ilə bağlı müzakirələr var. Hər iki ölkə adminstrasiyası bu cür görüşlərin ölkələrarası münasibətlərin normallaşması istiqamətində kritiq məqamlardan biri olacağını düşünürlər. Bu çərçivədə məsələyə baxdığımız zaman Bakının iki böyük qlobal aktyor olan Amerika və Rusiyanın əməkdaşlıq konteksinin həyata keçirildiyi bir yerə çevrilməsi bizim açımızdan əhəmiyyətlidir". 

"Xatırlarsanız Azərbaycan prezidentinin belə bir açıqlaması var: "Biz Azərbaycanı müxtəlif ölkələrin rəqabət sahəsi deyil də, əməkdaşlıq sahəsi olaraq görməyi arzulayırıq”. Digər bir əhəmiyyətli məqam isə Pentaqondan verilən açıqlamadadır. Orada ifadə edilir ki, iki generalın görüşündə əməkdaşlıq məsələləri, böhranla bağlı məsələlərlə bağlı müzakirələr gündəmə gələcək. Kriz dedikdə ağıla ilk gələn Suriya böhranıdır. Bir başqa əhəmiyyətli məsələ Ukrayna Kırm məsələsi də müzakirə olunacaq böhranların kontekslərindən ola bilsin. Azərbaycan-Ermənistan arasındakı müharibənin yenidən alovlanması riskinin də gələcək böhranlardan biri olacağını istisna etmirəm. Xüsusən qeyd etmək lazımdır ki, görüşün Bakıda keçirilməsi və Azərbaycan prezidentinin Amerikan generalla görüşməsi, Qarabağ məsələsinin həll olunmaması, onun bölgədə yaratdığı təhlükə risklərinin generala ifadə edildiyini düşünürəm”, - deyə politoloq bildirib. 

Deputat Rasim Musabəyov isə görüş yeri olaraq Bakının seçilmiş olmasını belə şərh edib: "Azərbaycan dünyavi dövlətdir, müstəqil siyasət yürüdür. Belə olan halda bütün diqqətlər Azərbaycana yönəldi. Azərbaycanın görüşü yüksək səviyyədə təşkil etməsi, təhlükəsizlik və kommunikasiya baxımından da əlverişli olmasını da vurğulamaq lazımdır. Həm də bir sıra mötəbər idman, mədəni və beynəlxalq tədbirlərin də keçirilməsini oraya əlavə etmək olar. Bu baxımdan da Bakı Cozef Dunford və Valery Gerasimov arasında görüş üçün ən unikal meydan oldu”.

Xatırladaq ki, fevralın 16-da Bakıda Rusiya və ABŞ-ın hərbi liderlərinin görüşü baş tutub. 

ABŞ Silahlı Qüvvələri Birləşmiş Qərargahın strateji planlar və siyasət departamentinin direktoru, general-leytenant Frank McKenzie görüşlə bağlı açıqlama yayıb. 

ABŞ Müdafiə Nazirliyinin saytında dərc olunan açıqlamasında deyilir: "Bu görüşdə hər hansı ciddi qərarlar qəbul olunmayıb. Bu görüş sadəcə tərəflər arasında əlaqə bağlantısının qurulması baxımından vacib olub”. 

Gülzar N. Məmmədli
Toplum.Tv