''Gəncədə baş verən hadisə Elmar Vəliyevin kobudluğunun nəticəsidir''

''Gəncədə baş verən hadisə Elmar Vəliyevin kobudluğunun nəticəsidir''

04-07-2018 17:46 / Bu xəbər 3897 dəfə oxundu

"Hakimiyyət ikinci böyük şəhərin əhalisinin özbaşınalıqdan narazı olduğunu görmək istəmir”

"Ölkə rəhbərliyi Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı dünənki sui-qəsdi adi kriminal kimi qələmə verməyə çalışır”.

Bu barədə "Turan” agentliyinin materialında deyilir.

Müəllif xatırladır ki, "ölkənin baş ideoloqu Əli Həsənov bildirib ki, "adi kriminal hadisəsi baş verib” və "narahat olmağa dəyməz”.

Yazı müəllifinin fikrincə, hakimiyyət ölkənin ikinci böyük şəhəri Gəncədə əhalinin şəhər rəhbərinin kobudluğundan, özbaşınalığından narazı olduğunu görmək istəmir, ya da görməzlikdən gəlir.

"Məğrur və ləyaqətli gəncəlilər çoxdandır ki, E.Vəliyevdən narazılıq edirlər. O, insanları açıq şəkildə təhqir edir, onların əmlak hüquqlarını pozur, şərəf və ləyaqətini alçaldır.

Bu cür davranış dövlət başçısının qaydalarına kəskin ziddir. Belə ki, ölkə başçısı dəfələrlə dövlət məmurlarını vətəndaşların hüquqlarına hörmətlə yanaşmağa çağırıb, özlərini kobud və məsuliyyətsiz aparanların cəzalandırılacağını bildirib.

"Niyə İlham Əliyev Elmar Vəliveyin özbaşınalığını, kobudluğunu görmür, niyə onu cəzalandırmır? Yoxsa İlham Əliyev bunları formal olaraq deyir?”, - gəncəlilər şikayət edirlər”, - yazıda qeyd olunub.

Adının açıqlanmasını istəməyən sakinlərdən biri bildirib ki, E.Vəliyevə qarşı sui-qəsdin səbəbi onun vətəndaşlarla kobud davranışı səbəb olub.

"Belə ki, bir müddət öncə yerli sakinlərdən biri öz problemi ilə bağlı ona müraciət edib. E.Vəliyev çığırıb- bağırıb, söyüş söyüb və hamilə qadını otaqdan qovub. E.Vəliyevə və onun mühafizəçisinə atəş açan həmin qadının qardaşıdır. Gəncəlilər hər zaman qürurlu və qorxmaz olublar. Odur ki, E.Vəliyevlə baş verənlər tez ya gec olacaqdı. Əgər hakimiyyət bundan nəticə çıxarmasa, İsmayıllı və Quba hadisələri Gəncədə də təkrarlana bilər”, yazıda bildirilib.

İlham İsmayıl

Məsələ ilə bağlı danışan keçmiş MTN zabiti, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirib ki, hadisənin arxasında xüsusi nəsə axtarmağa ehtiyac yoxdur və Elmar Vəliyevin davranışları bu hadisəyə yol açıb:

"Çıxıb küçədə sorğu keçirsəniz və sual versəniz ki, "Azərbaycanda sui-qəsd edilə biləcək beş icra başçısı kimdir?” sizə birinci Elmar Vəliyevin adını çəkərlər. Elmar Vəliyev söyüşlə danışan, camaatı təhqir edən biridir. Ona qarşı münasibət buna görə yaxşı deyil. Belə hərəkətlərin bir gün cavabı olur. Biri sözlə, biri silahla cavab verir. Elmar Vəliyevə də cavab silahla oldu. Onu etdiyi təhqirlərə görə güllələyiblər. Elmar Vəliyevi etdiyi hərəkətlərə görə ölümlə çox təhdid ediblər. Bu şəxs də onu daha öncə təhdid edib və bu da nəticəsidir”.

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və onun mühafizəçisinə atış açılıb. Hazırda hər ikisi yaralı vəziyyətdə xəstəxanadadırlar.

Daxili İşlər Nazirliyinin, Respublika Prokurorluğunun və Dövlət Təhlükəsizlik Xidmətinin mətbuat xidmətlərinin birgə məlumatında hadisəni törədən 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərovun həbs edildiyi bildirilib.