Fransız ola bilmədik, amma fransız qala bildik

Fransız ola bilmədik, amma fransız qala bildik

07-12-2018 19:00 / Bu xəbər 3633 dəfə oxundu

Uğur Fərzəlisoy 

"Fransız qalmaq” deyimini ədəbiyyata və həyatımıza gətirən ingilis yazıçısı Emmushka Orczydir. Küçələrdə qanın dayanmaq bilmədiyi 1789-cu il Fransa inqilabından bəhs edən "Scarlet Pimpernel” romanında yazılır: bir ingilis zadəgan qiyafəsini dəyişərək Parisə gəlir, giyotinin kəskin ağzından fransız zadəganları xilas edərək İngiltərəyə aparır. 

İngilisləri dil fərqinə görə çətin başa düşən fransızlar isə Londonda xeyli çətinliklərlə rastlaşır və qeyri-adi ifadələr qazanırlar. Həmin əsərdən  daha çox isə həmin  ifadələrdən biri məşhurlaşır: "Fransız qalmaq”  

O gündən bəri, hadisəni başa düşməyən  ingilis, alman, azərbaycanlı və milliyyətindən asılı olmayaraq  bütün şəxslərə "söhbətə fransız qaldın” deyilir.

Fransanın illərə söykənən inqilab mədəniyyətinə "fransız qalan” şəxslər isə başlayıblar Azərbaycanı Fransa ilə müqayisə etməyə. Etsinlər, haqsız da deyillər. Hamısı da düzgün vurğulayır, amma ortada bir nüans var; fransızlar nə istəyir, biz nə axtarırıq?

Sarı jiletini əyninə geyinmiş fransız deyir: "Makron gəlsin bu maaşla maşına benzin vursun, görüm necə vurur". 

Bizdə isə situasiya fərqlidir. Bizdə maşın ac deyil, qarın acdır. Hətta yaxın keçmişdə bizdə də benzinin qiyməti qalxdı. Heç vecimizə də olmadı. Çünki maşınlarımızın haqqını tələb edəcək mərhələyə çox var hələ. Biz indi maaşlarımızın dərdindəyik.

Əbülfəz Elçibəy o vaxt deyirdi: "Gedib Fransadan bura xalq gətirəsi deyiləm". Elçibəy haqlı idi. İnqilab etməsi üçün bura 67 milyon fransızı gətirəsi deyilik. İndiki hökumət də sağ olsun, Elçibəyin sözlərinə o qədər sadiq "əməl" etdi ki, ölkəyə nəinki fransız gətirdik, hətta tək-tük ölkəyə biznes qurmaq üçün, ya da turist kimi gələn fransızın da "ayağını qırdıq”. 

Ayağı qırılmış fransız da gələ bilmədiyi üçün başladı bizim ayağı tutan, başı işləyən intellektual adamlarımızı yanına aparmağa. Azad iqtisadiyyatı olmayan və məhkəmə sistemi çökmüş ölkədən də bundan artığını gözləmək olmazdı.

Biz, bəlkə də, Fransa ola bilmərik, heç olmasa, Gürcüstan ola bilərik axı. Adamlar üzünü Fransa tərəfə tutub, qaça-qaça bizdən elə uzaqlaşır ki, tozlarından evdə Aztv-yə də baxmaq olmur. Biz isə Cəlil Məmmədquluzadənin deyimi ilə yerimizdə addımlayırıq. Özümüzü buraxmışıq şərqlilərə məxsus avtoritar sistemlərin ağuşuna.

1995-ci ildə Fransa ilə oyunda 10-0 məğlub olduqdan sonra Heydər Əliyev o vaxtkı Azərbaycan millisinin baş məşqçisi olmuş Ağasəlim Mircavadova zəng edərək deyir: "Ağasəlim, bəs qapıçı aparmamışdınız?" 

İndi nəinki oyuna qapıçı aparılır, Fransa qarşısına heyətsiz çıxırıq. Çünki fransızlar ayağı işləyən hər kəsi öz komandasına apardı.

Fransadakı etirazlardan heç nə anlamayan xalq isə hadisələrə fransız qaldı...