"Əziz Orucovu yaxşı durumda görmədim" - Vəkil

03-04-2018 16:21 / Bu xəbər 2381 dəfə oxundu

"Kanal 13" internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun səhhətində problemlər qalmaqdadır. 

Bu barədə jurnalistin həyat yoldaşı Lamiyə Orucova facebook səhifəsində yazıb.

"Bu gün ( 3 aprel)  Əzizlə görüşdüm. Səhhətində ciddi problemlər qalmaqdadır. Ürəyində ağrılar yaranıb, öskürək içində boğulur və deməsinə görə hərarəti düşmür. Hərəkət etməkdə belə çətinlik çəkir. Müalicə alsa da yaxşılaşma hiss etmədiini deyir", - Lamiyə Orucova bildirir. 

L.Orucova Ə.Orucovun müalicə müəssisəsinə köçürülməsi üçün Penitensiar Xidmətə müraciət edəcəklərini qeyd edib. Eyni zamanda Ə.Orucovun işinin Ali Məhkəmədə olduğunu və kasassiya şikayətinə baxılacağını gözlədiklərini vurğulayıb.

Vəkil Cavad Cavadlı Toplum Tv-yə bildirib ki, Əziz Orucovun səhhətində ciddi problemlər yaranıb: "Əzizlə görüşdüm, onu yaxşı durumda görmədim. Ürəyində ağrılar yaranıb, kəskin öskürəyi var və hərarəti düşmür". 

Əziz Orucov 2017-ci il mayın 2-də polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edilib. Bu müddət başa çatdıqdan sonra Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri ilə ittiham olunub. 6 il azadlıqdan məhrum edilib.

Əziz Orucov özünü təqsirli bilmir, jurnalist fəaliyyətinin qarşısını almaq üçün həbs edildiyini bildirib. 

Hüquq-müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıb.