Əli Kərimlinin müşaviri azadlığa buraxıldı

Əli Kərimlinin müşaviri azadlığa buraxıldı

13-02-2019 11:28 / Bu xəbər 1331 dəfə oxundu

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşavri Məmməd İbrahim azadlığa buraxılıb.

Bu barədə vəkili Cavad Cavadov məlumat yayıb.

"Bu gün Bakı Apelyasiya Məhkəməsi müdafiə tərəfinin Məmməd İbrahim barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi məhkum edilməsinə dair Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli hökmündən verdiyimiz apelyasiya şikayətinə baxdı. Bizim tələbimiz bəraət olsa da, şikayətimiz qismən təmin olundu və ona təyin olunmuş 05 (beş) ay 22 (iyirmi iki) gün azadlıqdan məhrum etmə cəzası azaldılaraq, faktiki həbsdə yatdığı günlə əvəz olundu və o həbsdən azad olundu. Müdafiə tərəfi olaraq bəraət alınması üçün hüquqi müdafiə addımlarımızı davam etdirəcəyik", - vəkil bildirib.

M.İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs olunmuşdu.

M.Quliyevə fiziki güc tətbiq etməkdəittiham olunan M.İbrahimə CM-nin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Bir müddət sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət veriblər ki, insident zamanı M.İbrahim onları da vurub. Bundan sonra ona verilən ittiham xuliqanlıq maddəsi üzrə daha da ağırlaşdırılıb. 

O, 3 il azadlıqdan məhrum edilib. Həmin cəza sentyabrın 29-da başa çatıb. AXCP Rəyasət Heyətinin üzvünün cəzası başa çatan ərəfədə yeni cinayət işi açılmışdı.

Yeni ittihama görə, həbsdəki siyasətçinin yatağından kəsici alət tapılıb. Sentyabrın 28-də Yasamal Rayon Məhkəməsi onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilmişdi.

M.İbrahim ittihamı rədd edib və bıçaq tiyəsinin onun yatağına həbsdən çıxmasının qarşısını almaq məqsədilə müəssisənin əməkdaşları tərəfindən atıldığını bildirmişdi.

Pərvanə Qurbanlı 
Toplum Tv