Eldar Əzizovun səssiz bayramları

Eldar Əzizovun səssiz bayramları

05-01-2019 03:25 / Bu xəbər 3452 dəfə oxundu

Bakı Şəhər İcra Hakimiyyətinin yüz minlərlə manat xərclənən tenderlərində qalib gələn şirkətlərin bir neçəsinin sahibləri Sirvan şəhərinin işsiz sakinləridir. Günəmuzd fəhlə kimi kafedə və tikintidə çalışan bu gənclər onların adına rəsmiləşdirilmiş şirkətlərin nə iş gördüyündən xəbərsizdirlər.

Elşad İbrəhimovun 27 yaşı var. Şirvan şəhərindəki ucuq-sökük fəhlə yataqxanalarından birində, beşinci mərtəbədəki ikiotaqlı mənzildə valideynləri ilə birgə yaşayır. Orta məktəbi bitirəndən sonra iş tapa bilməyib. Elşad deyir ki, 2013-cü ildə narkotik istifadəsinə görə tutulub və bir il məhbəs həyatı keçirib. İndi gah Şirvanda və Hacıqabulda, gah da Bakıda kafe-restoranlarda ofiisant işləməklə birtəhər dolanır. Onunla yaşadığı mənzildə görüşdük. Otağı göstərib istehza ilə gülərək deyir ki, "şirkəti olan adam heç belə şəraitdə yaşayar?” Adına şirkətlərin yaradılmasının tarixçısini isə belə nəql edir:

"Sentyabr ayının, səhv eləmirəmsə, ortaları idi. N.Nərimanov metro stansiyası yaxınlığındakı kafelərdən birində ofisiant işləyirdim. Bir cavan oğlan yaxınlaşdı, dedi ki, sənə pul verəcəyik, adına şirkət açacağıq, şirkətin yiyəsi guya sən olacaqsan. Razılaşdım. Mən tək deyildim, tanışım Şahin Şirinovun adına da şirkətlər yaratdılar. Xətai rayonundakı "ASAN Xidmət”ə getdik, oradan da notariusa. Şirkətlərin möhürləri artıq hazır idi. Kiminsə adına etibarnamə yazdılar, imzaladım. Məzmunu bu idi ki, mənim adımdan nə istəsələr, edə bilərlər. Neçə şirkət yaratdılar, bilmirəm. Heç adları da yadımda deyil. Mənə 100 manat pul verdilər: əvvəlcə əlli manat, sonra yenə o qədər”.       

Fəhlə Elşad İbrəhimov

BŞİH, "Yaşıl Teatr” və "Bayraq Günü”

BŞİH-in nəzdində fəaliyyət göstərən Yaşıl Teatr Bakı Konsert Kompleksinin Tender Komissiyası noyabrın 8-də Dövlət Bayrağı Günü münasibətilə bayram tədbirinin keçirilməsi məqsədilə 299 595 manat 53 qəpik (176,2 min ABŞ dolları) məbləğində müqavilə bağlayıb. Müqavilə iddiaçıların təklifləri açılan gün bağlanıb. Komissiya saat 11:00-da adları açıqlanmayan şirkətlərdən daxil olan təklifləri bir neçə saat ərzində qiymətləndirib, qalibi müəyyənləşdirib və onunla müqavilə bağlayıb. Bu, hətta dövlət satınalmalarında ciddi pozuntularını aşkara çıxaran Hesablama Palatasının hesabatlarında belə rast gəlinməyən hallardandır. Tədbirin bir gün sonra harada keçirildiyi isə məlum deyil. Noyabrın 9-da "Yaşıl Teatr”ın səhnəsində belə bir tədbir olmayıb. Nə rəsmi dövlət xəbər agentliyi, nə də İH-nin informasiya portalında həmin gün BŞİH-in Bakıda Dövlət Bayrağı Günü münasibətilə törənin təşkil olunduğu baradə məlumat verib. Satınalma müqavilələrinin dövlət reyestrində bildirilir ki,  tədbirin təşkil olunması üçün pul Elşad İbrəhimova məxsus "Təchizat Servis-18” MMC-yə (VÖEN: 4501765801) ödənilib. Bu şirkətin yaradılması tenderin  elan olunmasından bir həftə əvvələ təsadüf edir.

Fəhlə Elşad İbrəhimov

Sentyabrın 20-də Elşad Mirfəti oğlu İbrəhimovun təsisçiliyi ilə daha dörd şirkət ("Hermes-R Group”, "Staples Holding”, "Aztex-NN Servis” və "Gibernes MM” MMC-lər) dövlət qeydiyyatına alınıb. Bu şirkətlərin nə işlə məşğul olduğu haqda hələlik ictimaiyyətə açıq məlumat yoxdur.

"Bilik Gününün təşkili orta təhsilli gəncə tapşırılıb"

BŞİH dövlət büdcəsi hesabına maliyyələşdirilən tədbirlərin təşkilini hüquqi şəxs olan "Yaşıl Teatr Bakı Konsert Kompleksi” (VÖEN: 1700779931) vasitəsilə həyata keçirir. Tədbirlərin təşkili üçün şirkət seçimi burada aparılır. Sentyabr və oktyabr aylarında qurumun Tender Komissiyası Bilik Günü və Beynəlxalq Müəllimlər Günü münasibətilə dörd şirkətlə 4 müqavilə bağlayıb. Onlardan üçünün 22 yaşlı, orta təhsilli Şirvan şəhər sakini Sübhan Şadlinskinin adına bu ilin iyul ayının 16-da yaradılmış "Katlos 2020” MMC (VÖEN: 4501727301), "Vertus 2018” MMC (VÖEN: 4501726921) və "Local LLC” MMC (VÖEN: 4501727151) ilə bağlandığı bildirilir. Bu şirkətlərin hesabına toplam 556498 manat (323,3min dollar) pul köçürülüb. Amma tədbirlərin harada keçirildiyi, yarım milyon manatdan artıq pulun nəyə xərcləndiyi bəlli deyil. Sentyabrın 15-də "Yaşıl Teatr”da müğənni Şəbnəm Tovuzlunun fərdi konserti olub. Yaşıl Teatrda çalışanlar deyirlər ki, Beynəlxalq Müəllimlər Günü - oktyabrın 5-də Bakıda bərk yağış yağırdı və teatrın açıq səhnəsində hər hansı tədbir keçirilməyib. Qəribədir ki, "Katlos 2020” MMC ilə 299780 manatlıq (176,3 min dollar) müqavilə Beynəlxalq Müəllimlər Günündən 4 gün sonra bağlanıb. Tender elanında  müəmmalı qalan budur ki, iddaçıların təklifləri əlamətdar günə - 5 oktyabr tarixinə təyin olunmuşdu. Belə olduğu halda bayram tədbiri necə keçirilib, sirr kimi qalır.

15 sentyabr tarixində Yaşıl Teatrda Şəbnəm Tovuzlunun konsertinin afişası

Bakı Şəhər İcra Hakimiyyətinə bu və digər satınalmalarla bağlı göndərilən informasiya sorğusuna cavab verilməyib. Qurumun Ərizələr şöbəsində deyiblər ki, "H452-004” nömrəli elektron müraciət mətbuat xidmətinin rəhbəri İsrafil Kərimova təqdim olunub. İ.Kərimov sənədi şəxsən imzalayaraq qəbul edib. Lakin İsrafil Kərimov onda belə bir sorğunun olmadığını deyir.

S.Şadlinski Bakıda inşaatda çalışır. O da həmyerlisi Elşad kimi aldadıldığını, 50 manat pul qarşılığında beş şirkətin ("Kalibor 77” MMC, "Green SS” MMC və digərləri) yaradılmasına qol qoyduğunu deyir. Onların şirkətlərinin, eləcə də araşdırma gedişində kimliyini müəyyən edə bilmədiyimiz Şahin Şirinovun iştirakı ilə yaradılan beş şirkətin ("Forvard-SS” MMC, "Olimpic HH” MMC, "Kross Good” MMC, "Faraon 200” MMC və "Rudel Marketing” MMC) hüquqi ünvanı Quba rayonunun Alpan kəndidir. Bütün bu şirkətlərin kapitalı 10 manatdır.

"Alpan kəndində bu şirkətləri tanıyan yoxdur"

Vergilər Nazirliyində deyirlər ki, hüquqi şəxsin müəyyən ünvanda qeydə alınması üçün daşınmaz əmlak obyektinin mülkiyyətçisinin notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi və ya bələdiyyə orqanının arayışı tələb olunur. Şirkətin dövlət qeydiyyatına alınması üçün bu sənədlərdən birinin olması zəruridir. Alpan bələdiyyəsinin sədri Hilal Mütəllimov isə sorğumuzun cavabında bildirib ki, Alpan kəndində bu adda şirkətlərin mövcudluğundan xəbərsizdir və heç kəsə kənddən hüquqi qeydiyyat ünvanı kimi istifadə etməkdən ötrü icazə verməyib.

Hüquqşünas: "Cinayət məsuliyyətinə cəlb edilə bilər”

Hüquqşünas Sirac Piriyev deyir ki, şirkətlərdə təsisçi və qanuni təmsilçi (direktor) olmaqla şəxs müəyyən öhdəlik və vəzifə daşıyır və bu, məsuliyyətə də səbəb ola bilər: 

"Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 9 sentyabr 2013-cü il tarixli qərarı var. Həmin qərara görə, "hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs hesab edilir. Həmin şəxs vergi öhdəliklərinin yerinə yetirilməsini digər şəxsin üzərinə qoya bilməz və vergidən yayınma cinayəti törətdikdə CM-in 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər”.

Hüquqşünas Sirac Piriyev 

S.Piriyevin fikrincə, bu şərh hüquqi şəxsin faktiki rəhbərinin cinayət məsuliyyətini əhatə etdiyi üçün rəsmi rəhbər digər məsuliyyət tədbirlərinə (əsasən ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması) məruz qalır. Mövcud qanunvericilik faktiki rəhbər barəsində qüvvəyə minən hökmlə reyestr məlumatlarında dəyişiklik etməyə hüquq vermir. Əməl cinayət tərkibi yaratmırsa, rəsmi rəhbər baş verənlərdən əsasən ölkədən çıxışın müvəqqəti məhdudlaşdırılması ilə bağlı məhkəmə bildirişini alanda məlumatlı olur. Çıxış yolu kimi rəsmi rəhbər tərəfindən faktiki rəhbərə qarşı məhkəmədə iddia qaldırılaraq müvafiq dəyişiklik sənədlərinin təqdim edilməsi vəzifəsinin onun üzərinə qoyulmasını tələb etmək olar. Amma bu halda da qərarın icrasız qalacağı ehtimalı böyükdür.

"Bu səbəbdən mülki qanunvericiliyə yeni norma əlavə edilməsi zəruridir. Belə sui-istifadə hallarında qeydiyyat orqanına reyestr məlumatlarında müvafiq dəyişikliyin edilməsi imkanı yaradılmalıdır”, -Hüquqşünas Sirac Piriyev belə hesab edir.

Hüquqşünas Nicat Gözəlov belə halla üzləşən şəxslərə tövsiyə edir ki, verdiyi etibarnaməni ləğv etdirsin, audit çağırsın və onun nəticələrinə uyğun hərəkət etsinlər.

Bakı şəhəri İH-nin şübhəli tərəfdaşları

Yenidən qayıdaq BŞİH-in satınalmalarına... Qeyd olunanlardan göründüyü kimi, həm Elşadın, həm də Sübhanın adına yaradılan şirkətlər əsasən Bakı şəhər İH ilə "əməkdaşlıq edirlər”. Elə Bakı Şəhər İcra Hakimiyyətinin dövlət vəsaitlərini etibar etdiyi şirkətlərin çevrəsi də məhduddur. Məsələn, bu il Bilik Günü münasibətilə qurumun xərclədiyi daha 199750 manat (117,5 min dollar) "Darved 18” MMC-yə (VÖEN: 3102674481 ) ödənilib. Bu şirkət 2018-ci ilin may ayının 17-də Xırdalan şəhərində təsis olunub. Dövlət reyestr məlumatlarına görə, onun direktoru – Orxan Şair oğlu Mövlamov eyni gündə daha 4 şirkət ("Yukon-K” MMC, "Astok-5” MMC, "Foodr 21” MMC və "Vinsfud” MMC) yaradıb. "Yukon-K” MMC (VÖEN: 3102674631) avqustun 3-də quruma "avadanlıqlar, digər maşın və avadanlıqlar” satılması üzrə 10773 manat (6,3 min dollar) dəyərində müqavilə bağlayıb. İyul ayında onun "Vinsfud” şirkəti (VÖEN: 3102674891) BŞİH-in Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamentinin kotirovkalar sorğusunun qalibi olub (kotirovka – ehtimal olunan qiyməti 50 min manatadək olan satınalma proseduru – red.). Lakin "Vinsfud” MMC "maliyyə durumundakı çətinliklərlə” əlaqədar olaraq kotirovka öhdəliklərinin icrasını təmin edə bilməyib və müqaviləni imzalamaqdan imtina edib. Vergilər Nazirliyinin məlumatına görə, bu şirkətin dövlət büdcəsinə vergilər üzrə 4660 manat borcu var.

Əksəriyyəti müəmmalı şəkildə təsis olunan bu şirkətlərlə əməkdaşlıq iyulun 16-da Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini icra etməyə başladıqdan sonra yaranıb. 

Dövlət hesabına iri vəsaitlər əldə edən bu şirkətlər vergi öhdəliklərinə əməl etmirlər. Vergilər Nazirliyinin dekabrın 14-nə olan məlumatına görə, "Yukon-K” MMC-nin vergilər üzrə dövlət büdcəsinə 1908 manat, "Vertus 2018” MMC- nin - 3560 manat, "Vinsfud” MMC-nin - 4660 manat, "Local LLC” MMC-nin - 4202 manat, "Green SS” MMC-nin - 4207 manat, "Foodr 21” MMC-nin 8414 manat borcu yaranıb.

BŞİH-in və onun Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamentinin tərəfdaşları arasında Qubanın Alpan kəndində qeydiyyata alınmış daha iki şirkət var. "Ardo-2017” MMC (VÖEN 4501629791) ilə avqustda bərk inventar alınması üçün 44373,9 manatlıq (26,1 min dollar), "Armada Elektrik” MMC (VÖEN: 4501601541) iyulda 45 min manatlıq (26,5 min dollar) suvenirlər alıb. Dekabrın ortasına olan məlumata görə, "Ardo-2017” MMC-nin 4051 manat, "Armada Elektrik” MMC-nin 260 manat vergi borcu var. 

Əlillər üçün nəzərdə tutulan 37411 manat harada xərclənib?

Dekabrın 3-ü Beynəlxalq Əlillər Günüdür. Bu münasibətlə tədbirin təşkili məqsədilə Yaşıl Teatr Bakı Konsert Kompleksi təkliflər sorğusu keçirib və "Lana-69” MMC-nin onun qalibi olduğu elan edilib. Həmin gün səhər saatlarında "Yaşıl Teatr”da olduq. Burada tədbir ab-havası yox idi, afişalar da köhnə konsertlər haqda idi. Kompleksin idarəetmə aparatında məsləhət gördülər ki, şəhər İcra Hakimiyyətinə müraciət edək. Lakin dekabrın 3-də Bakı Şəhər İH-nin humanitar şöbəsində və mətbuat xidmətində Beynəlxalq Əlillər Günü ilə əlaqədar hansısa tədbirin keçirildiyindən xəbərsiz olduqlarını dedilər. Bir neçə gün ərzində təkidli müraciətlərimizə cavab olaraq BŞİH-in mətbuat katibi İsrafil Kərimov həmin gün fiziki qüsurlu uşaq evlərindən birində tədbirin keçirildiyini bildirdi. İ.Kərimov tədbirin paytaxtın məhz hansı uşaq evindəki əlillərin sevindirildiyi sualına cavab verməkdən qətiyyətlə imtina etdi. Bu tədbirə görə ofisi, saytı olmayan "Lana-69” MMC BŞİH-dən 37411 manat (22 min dollar) alıb. 

Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli 

Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli deyir ki, dekabrın 3-də, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İçərişəhərdə təşkil etdiyi Əlillərin əl işlərindən ibarət sərgidə, "Əsa” teatrının tamaşasında, eləcə də "British Council”ın keçirdiyi mərasimdə iştirak edib. Əlil Təşkilatları İttifaqı BŞİH-dən Beynəlxalq Əlillər Gününü qeyd etmək üçün dəvət almayıb.

Hafiz Babalı
Meydan.Tv