Ekspert: “Azərbaycanda dini dövlət təhlükəsi yoxdur”

Ekspert: “Azərbaycanda dini dövlət təhlükəsi yoxdur”

22-02-2019 12:26 / Bu xəbər 1490 dəfə oxundu

Azərbaycan unitar, dünyəvi dövlətdir, lakin əhalisinin böyük əksəriyyəti müsəlmandır, yəni İslam dininə sitayiş edir. Eyni zamanda ölkədə digər dinlər – xristianlıq, yəhudilik, həmçinin bu dinlərə aid sosial qruplar, ictimai birliklər, qurumlar mövcuddur. 

Son illər isə Azərbaycanda dövlət rəsmiləri və qurumları, həmçinin hökumətə yaxın media quruluşları tez-tez dini radikalizmin artması, ölkədə dini dövlətin qurulmasına və hakimiyyəti zorakı yolla devrilməsinə cəhdlərin edilməsi ilə bağlı məlumatlar yayırlar. 

Dövlət rəsmiləri bu cəhdlərin arxasında əsasən də xarici qüvvələrin dayandığını bəyan edirlər. 

Hicab aksiyaları…

Azərbaycanda bu proses əsasən də 2010-cu ildən gündəmə gəlib. Belə ki, keçmiş təhsil naziri Misir Mərdanov 2010-ci il sentyabr ayında məktəbli qızların hicabla dərsə gəlməsini qadağan edib. 

Bundan sonra, yəni 2010-cu ilin sentyabr ayından etibarən Azərbaycanda, əsasən də paytaxt Bakıda hicabla bağlı bir sıra etiraz aksiyaları keçirilib. 

Bu aksiyalardan sonra Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov və ilahiyyatçı Abgül Süleymanov həbs olunub. 

Hüquq müdafiəçiləri və vəkillərinin dediyinə görə, Mövsüm Səmədov İslam Partiyasının Baş Məclisinin toplantısında insan hüquqları, korrupsiya və rüşvət halları, Qarabağ probleminin həlli, İslama və İslamçılara təzyiq, hicab qadağası, İslamofobiya ilə bağlı hakimiyyətin siyasətini tənqid edib. 

Hadisədən 5 gün sonra - 7 yanvar 2011-ci ildə işdən evə qayıdarkən yol-hərəkət qaydalarını pozması iddiası ilə saxlanılmış və 13 sutka inzibati həbsə məhkum edilib.

20 yanvar 2011-ci il tarixində isə o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb.

Səmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1; 214.2.3 (terrorçuluq);  228.3 (qanunsuz silah saxlama) və 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə) maddələri üzrə ittiham irəli sürülüb və Nəsimi Rayon Məhkəməsi barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. 
Bu maddələrlə ittiham olunan Səmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 oktyabr 2011-ci il tarixli qərarı ilə 12 il azadlıqdan məhrum edilib.

2011-ci ilin avqustunda isə Abgül Süleymanov keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) – maddəsi ilə ittiham irəli sürülüb və 2012-ci ilin avqustunda isə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 11 il müdətində azadlıqdan məhrum olunub.

"Nardaran işi…”

Dini radikalizm adı altında həyata keçirilən əməliyyatlar 2015-ci ildə isə daha geniş vüsət alıb. 

Bu əməliyyatlardan biri də Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və tərəfdaşlarına qarşı keçirilib. 

Belə ki, 2015-ci il noyabrın 26-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis olmaqla, 6 nəfər həlak olub. 

Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və bu qarşıdurmada bir neçə nəfər xəsarət alıb və həyatını itirib. Bir sözlə, Nardaran və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə ümumilikdə 70-dən çox adam həbs olunub. 

Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. 

Üç qrupa ("Nardaran işi – 1”, "Nardaran işi – 2”, "Nardaran işi- 3”) ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Nardaran hadisələri ilə bağlı Taleh Bağırov və tərəfdarları ilə yanaşı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı da "Facebook”da vətəndaşları kütləvi iğtişaşlara çağırış ittihamı ilə saxlanılıb.  

25 yanvar 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nardaran hadisələrinə görə həbs olunan Taleh Bağırov və Abbas Hüseynov 20 il, Fuad Qəhrəmanlı 10 il, Rasim Cəbrayılov 17 il, Zakir Mustafayev, Cabbar Cabbarov 19 il, Cahad Babakişizadə, Şamil Abduləliyev, Aqil İsmayılov, Ramin Yariyevin hər biri 10 il, Abbas Quliyev 14 il 6 ay, İbrahim Xudaverdiyev 14 il 6 ay, Etibar İsmayılov 14 il 6 ay, Bəhruz Əskərov 14 il 6 ay, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev 14 il 6 ay, Abbas Tağızadə 14 il 6 ay azadlıqdan məhrum ediliblər.

Azərbaycanda Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrup və Siyasi Məhbusların Müdafiəsi Mərkəzi, həmçinin siyasi təşkilatlar – Müsavat, AXCP və REAL Partiyaları həsb edilən şəxslərin "siyasi məhbus” olduğunu açıqlayıb. 

Gəncə hadisələri…

2018-ci ilin iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və onun qoruması Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq sui-qəsd edilib.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin iyulun 6-da yaydığı rəsmi məlumatda da deyilir ki, terror aktını Rusiya vətəndaşı Yunis Səfərov törədib: "Onun bu aktı törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub”.

Bundan bir həftə sonra – iyulun 10-da Gəncə Şəhər İcra Hakimiyyətinin binası qarşısında növbəti qanlı hadisələr baş verib. 

Bir qrup şəxsin küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstərməsi nəticəsində Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov qətlə yetiriliblər. 

Rəsmi məlumatda sözügedən qrupun da radikal dini yönümlü şəxslərdən ibarət olduğu bildirilib.

"Gallup İnternational”: "Azərbaycan 12-ci yerdədir”

2017-ci ildə beynəlxalq sosial araşdırmalar təşkilatı "Gallup İnternational” dünya ölkələrində dindarlığın dərəcəsini aydınlaşdırıb. 

Təşkilatın araşdırmalarına görə, Azərbaycanda 34 faiz özünü dindar sayır. 54 faiz dindar olmadığını, ya da ateist olduğunu, 12 faiz cavab verməyə çətinlik çəkdiyini bildirib. Bir sözlə, dünya üzrə, Azərbaycan, dindarlığı ən az olan ölkələrin ilk 20-liyinə daxildir olub(12-ci yeri tutur).

Bu da Azərbaycan hakimiyyətinin rəsmi açıqlamaları ilə ziddiyyət təşkil edir. Belə ki, hakimiyyət nümayəndələri ölkədə dini radikalizmin artığını, şəriət dövlətinin qurulmasına cəhdlər edildiyini davamlı olaraq vurğulayırlar. 

Arqument.Az "Azərbaycanda dini dövlətin qurulmasına zəmin varmı?” sualına ekspertlərdən münasibət öyrənib. 

Hüquqşünas: "Nardaran spesifik məsələdir və onu ayrıca qiymətləndirmək lazımdır”

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, Azərbaycanda dini cərəyanların və meyillərin artması reallıqdır: "Bunun da səbəbi xüsusilə 2013-cü ildən sonra ölkədə vətəndaş cəmiyyətinin mövqeyinin hökumət siyasəti olaraq şüurlu şəkildə sürətlə zəiflədilməsi, bunun nəticəsində də yaradılan boşluqdur. Vətəndaş Cəmiyyətinə basqılar isə sivil qurumların fəaliyyətini dayandırdı və insanların daha çox dinə və dini yönümlü qruplaşmalara meyillənməsinə səbəb oldu. Ona görə də desək ki, Azərbaycanda dinə meyillənmə əvvəlki dövrlərə nisbətən daha azdır, yanılmış olarıq. Əlbəttə, son illər dini meyillər güclənib”. 

"İstər Nardaran, istər Gəncə, istərsə də ayrı-ayrı lokal hadisələrə fərqli konteksdə də baxmaq lazımdır. Gəncə hadisəsi birmənalı olaraq idarəetmədə olan problemlərin vətəndaşda yığılan qəzəbin nəticəsi idi. Burada din faktoru demək olar ki, yox idi. Sonralar hadisələri elə düzüb-qoşdular ki, guya buradakı hadisələr hansısa dini qruplaşmanın planıdır. Amma şəxsən mən bununla razılaşmıram və düşünürəm ki, bu hadisə münfərid bir hadisə idi. Yəni bunu icra hakimiyyətinin davranşlarına qarşı baş verən fərdi bir hadisədən fərqli miqyasda qiymətəndirmək mümkün deyil. Necə ki Gəncədə daha sonra bununla bağlı nə bir kütləvi aksiya, nə də hansısa formada zorakılıq hadisəsi baş verdi”, - ekspert deyib. 
 
Hüquqşünas deyir ki, Nardaran hadisəsi də illərlə hakimiyyətin yanlış siyasətinin nəticəsi idi: "İnsanları iranmeyilli, xaricə işləyən deyə dışlayırdılar. Bu hadisə həm də bir gözqırma əməliyyatı idi. Onun da başlanmasının səbəbi hökumət oldu. Hadisə aşağıdan yuxarı baş verən bir olay deyildi, şüurlu şəkildə planlaşdırılmış bir  əməliyyat idi. Çünki Nardaranda hökumət çox zəif idi, sekulyar dövlətçilik aspektindən problemlər var idi. Amma hadisənin bu şəkildə şişirdilməsi, xüsusən Taleh Bağırov ilə əlaqələndirilməsi bir ssenari idi. Bu bir reallıqdır ki, Nardaranda illər öncə də dini təmayül həmişə güclü olub, xüsusən də orada İranın təsir gücü həmişə olub. Yəni bunu ölkədəki ümumi bir tendensiyanın tərkib hissəsi kimi qiymətləndirmək doğru olmazdı. Nardaran spesifik məsələdir və onu ayrıca qiymətləndirmək lazımdır”. 

Onun sözlərinə görə, ümumilikdə son illər Azərbaycanda dinə meyillərin artması müşahidə olunur: "Xüsusən də Suriyada baş verənlərlə bağlı xeyli insanın İŞİD-ə qoşulması, Suriyada döyüşməsi faktı ortadadır.. Onların da toplanması və ora getməsinə hansısa gizli qrupların kömək etdyi istisna deyil. Dövlət Təhlükəsizlik Xidmətinin bir sıra gerçək əməliyyatları da bu faktı təsdiqləyir. Oradan dönənlərin sonrakı ifadələri, həyatını itirənlərin xəbərləri göstərdi ki, bu sahədə problemlər var. Təxminən 900-ə qədər insanın Azərbaycandan getdiyi söylənilir. Bu statistikanın da nə qədər doğru olub-olmadığını ayrı məsələdir. Amma özlüyündə bu da ciddi məsələdir. Daxildə vətəndaş cəmiyyətinin, sivil toplum quruluşlarının fəaliyyətinin məhdudlaşdırılması, süni problemlər yaradılması bu problemlərin yaranmasına səbəb oldu. Ona görə də çıxış yolu vətəndaş cəmiyyətinin fəaliyyətinin gücləndirilməsi, gəclərin maarifləndirilməsi yönündə işlər görülməlidir”. 

Əhəd Əhədli: "Dini dünyagörüşü yerinə sekulyarizm təlqin olunmalıdır”

Siyasi şərhçi Əhəd Əhədli isə düşünür ki, Azərbaycanda dini dövlətin yaranmasına zəmin yoxdur: "Statistika da göstərir ki, Azərbaycanda dindarlığın səviyyəsi çox aşağıdır. "Gallup İnternational” adlı araşdırma mərkəzinin tədqiqatına görə Azərbaycan dünyada dinsizliyə görə 12-ci yerdədir. Əhalinin cəmi 34 faizi özünü dindar sayır. Dindar olmaq hələ radikal dindar olmaq demək deyil. Belə çıxır ki, radikal dindarlığın səviyyəsi lap aşağıdır. Amma müstəqilliyin ilk illərinə nəzərən artımın olması da bir reallıqdır. Yəni bu müddət ərzində dini radikalizm cüzi də olsa, artıb. Bunun əsas səbəbi isə digər ölkələrdən dini idealogiyaların bu və ya digər şəkildə cəmiyyət həyatına daxil edilməsidir. Yəni Azərbaycanın özündə yaranan, bir dini radikalizm, dini idealogiyadan danışmaq çətindir. Çünki belə bir ənənəmiz də yoxdur. Azərbaycanda olan dini dünyagörüşlərinin mənbəyi çox vaxt ya Yaxın Şərq, ya İran, ya da Türkiyədir. Amma hələ də cəmiyyətdə aparıcı dünyagörüşü dini dünyagörüşü deyil”. 

"Bu o demək deyil ki, belə bir problemin olması mümkünsüzdür”

"Lakin bu o demək deyil ki, belə bir problemin olması mümkünsüzdür. Əgər vaxtında hökumət və cəmiyyət olaraq, radikalizmin cücərməsinin qarşısını almasaq, sonra çox gec ola bilər. Bunun qarşısını almaq üçün dinin ictimai həyatda geniş yer tutmasına mane olmaqdır. Din hər kəsin şəxsi məsələsi olmalıdır. Bir şəxs öz dini dünyagörüşünə görə kənarlaşdırılmamalıdır. İdentifikasiya dini əsaslara görə yox, milli əsaslara görə olmalıdır. Hamının bu ölkənin vətəndaşı olaraq bərabər olduğu fikri təlqin edilməlidir. Bu fəaliyyət daha çox maarifçi formada aparılmalıdır. Cəmiyyətin varlığına təhlükə törətmədikcə sərt gücdən istifadə edilməməlidir ki, qıcıq yaratmasın.  Hökumətin rolu burada çox böyükdür. Sərt gücdən istifadəyə bəzən ehtiyac duyula bilər, xüsusilə, silahlanmış radikal qruplara qarşı mübarizədə. Çünki bu qruplar cəmiyyətin varlığına təhlükə törədirlər, - ekspert bildirib. 

Onun sözlərinə görə, dini dünyagörüşü yerinə sekulyar, hüquqi dünyagörüşü təlqin edilməlidir: "Bu instutsional olaraq məktəblərdə, universitetlərdə, həm də ailədə həyata keçirilməlidir. Xüsusilə, məktəblərdə və universitetlərdə müasir elmin gəldiyi nəticələri dinə uyğun olmadığına görə müəllimlər tərəfindən tədris edilməməsi şagirdlərin və tələbələrin gələcəkdə formalaşacaq dünyagörüşünə çox ciddi təsiri ola bilər”.

Fazil Mustafa: "Azərbaycanda din İslamın nəzəri mahiyyəti ilə bağlı deyil”

"Azərbaycanda şəriət dövlətinin qurulması ilə bağlı deyilənlər, əslində, ciddi səslənmir”, - bunu Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü, deputat Fazil Mustafa deyib. 

"Amma xarici ölkələrdən olan dini qruplaşmalar kifayət qədər fəallıq göstərə bilirlər. Bu da din siyasəti ilə bağlı bir sıra addımların atılmasının vacibliyini aktuallaşdırır”, - deputat qeyd edir. 

Onun fikrincə, dini zəmində bir sıra lokal, bölgə səviyyəsində ayaqlanmalar olsa da, bu da cəmiyyətdə çox böyük bir təhlükə yaratmayıb: "Hüquq mühafizə orqanları bu tip lokal hadisələrin qarşısını alır. Bu gün ölkədə, sadəcə, sağlam dini dünyagörüşün yayılmasına ehtiyac var. Azərbaycanda din həm də İslamın nəzəri mahiyyəti ilə bağlı deyil, bilavasitə mərasim formasında insanların cəhalətə yuvarlanma vasitəsidir. Heç Sovet dövründə də azərbaycanlılar dini normal yaşamayıblar. Sadəcə, mərasim yaşayıblar, onun da İslam dini ilə heç bir əlaqəsi olmayıb. Biri qılıncı götürüb başını yarıb, mərsiyə deyərək özünü döyüb. Bu, din deyil ki, xürafatdır. Bu baxımdan dini təhlükə deyilən anlayış da xarici qüvvələr tərəfindən yönləndirilən siyasi təzyiq vasitələrindən biridir”.

"Cəmiyyət bu məsələlərdə həssas olmalı, xarici qüvvələrin maraqlarına xidmət edən qruplara imkan verməməlidir. Gənclərə sağlam dini anlayış və alternativ təqdim olunmalı, dünyəvi təhsilə önəm verilməlidir. Dünəvi təhsil güclü olsa, keyfiyyətli olsa, cəmiyyətin əsas problem olan xurafat və cəhalət uğur qazana bilməyəcək”, - deputat bildirib. 

Şəmşad Ağa
Arqument.Az