Cümhuriyyət 100

Cümhuriyyət 100

15-05-2018 00:32 / Bu xəbər 1290 dəfə oxundu

Cavidan Cəfərli

Azərbaycan Xalq Cümhuriyyəti islam coğrafiyasının, Rusiya imperiyasının əsarətində olan xalqların azadlıq, istiqlal uğrunda mübarizədə, dövlət quruculuğunda öncülü və örnəyi  idi.  

AXC Şimali Qafqaz hökumətinə 50 milyon  rubl (2.5 milyon ingilis funtu) maliyyə yardımı etmişdi. Nəzərə alsaq ki, AXC-nin büdcəsi 415 milyon ruble (20 milyon ingilis funtu) olub, o zaman bu məbləğ kifayət qədər böyük idi. Həmçinin Denikinlə mübarizədə Azərbaycan höküməti  Nuru paşa vasitəsilə Dağıstana hər vəchlə yardıma etmişdi. Şimali Qafqaz dövləti Dağıstan və Terski ərazilərində təşəkkül etmişdi. 

Tarixən Azərbaycana bağlı, ortaq dəyərlərin daşıyıcısı olan Dərbənd Şimali Qafqazın mərkəzi idi. Çətin şəraitdə yaradılan Qafqaz cümhuriyyəti iqtisadi, strateji baxımdan Azərbaycan üçün həyati  mənafe kəsb edirdi. Dağıstanın rusların əlindən xilası və qonşuluqda müstəqil müttəfiqin olmağı Azərbaycan üçün əmin-amanlıq vəd edirdi. Müsavat Partiyası və AXC-nin bu təşəbbüsü həddən ziyadə faydalı və uzaqgörən idi. 

Düşünürəm ki, bolşevik istilası iki il geciksə idi, Dağıstan ərazisində güclü dövlətlə qarşılaşacaq, Azərbaycan dövlətinin dəstəyi ilə  oradaca boğulacaqdı. Bununla bərabər Gürcüstan respublikası ilə müttəfiqliyə dair sənədlər hazırlanır, konfranslar  və müzakirələr təşkil edilirdi. Azərbaycan tərəfinin istəyi Zaqafaziya dövlətləri arasında iqtisadi-siyasi tərəfdaşlıqların qurulması, xarici təhlükəyə qarşı müttəfiqlik idi. Mənbələrdə Ermənistanın buna qarşı olduğunu və fərqli siyasət yürütdüyünü görmək olar. Təkcə bu iki fakt Müsavat firqəsinin və milli hökümətin xarici siyasətdəki uzaqgörənliyini, səriştəsini aydın şəkildə izah edir. 

AXC-nin daxili siyasəti də çağdaş dünya ilə ayaqlaşan, liberal dəyərlər əsasında formalaşan, hüquq musəviliyini əsas götürən, sosial ədalətlilik prinsiplərinə cavab verən münasibətlər əsasında formalaşırdı. Qısa zaman ərzində təhsil, iqtisadiyyat, torpaq bölgüsü, mülkiyyət hüququ, məhkəmə və ədliyyə sistemi, poçt-teleqraf, ordu quruculuğu, azad mətbuatın təşəkkülü ilə bağlı reformlara start verilmiş, qanun layihələri parlamentə təqdim edilmişdi. Burada bolşeviklərin "Xalq AXC-ni istəmirdi”, "bəy-xan höküməti idi” iddialarının tamamilə əsassız olduğuna dair bir neçə faktı göstərəcəyəm. 

Cümhuriyyətin yaranmasında və sonrakı illərdə idarə edilməsində xidmətləri əvəzsiz olan Müsavat Partiyasının 1917-ci ildə keçirilən qurultayında qəbul etdiyi programda deyilir. Dinindən, dilindən, irqindən və cinsindən asılı olmayaraq hər kəsin seçmək ve seçilmək hüququ vardır. Halbuki, İngiltərədə qadınların seçilmək bir tərəfə, seçmək hüququ 1918-ci ildə tanındı. Parlamentdə 85 deputatdan 28 nəfəri Müsavat, 10 nəfəri sosialit firqəsindən idi. Xalq necə bu höküməti sevmirdi ki, bolşevik istilasından sonra Gəncədə, Şamaxıda, Zaqatalada, Qarabağda və s. regionlarda üsyanlar baş qaldırdı, on minlərlə ( təkcə gəncədə 13 min ) insan bu üsyanlarda həyatını itirdi. AXC dövründə Bakının general-qubernatoru Murad Gəray bəy Tlexas Bolşevik işğalından sonra Əli Bayramovun qatili kimi ittiham edilmişdi. 

Tlexasın dindirilmə protokolundakı son sözündündən bir çıxarışa baxaq: "Mən kasıb praporşik oğluyam, demək olar ki, yoxsul təbəqədən çıxmışam. İndi mənə elə gəlir ki, burjuaziya rütbəsi olan general-qubernatorluq mənim üçün rüsvayçılıq idi.  Əgər məndən soruşsanız ki, Bakıdakı fəaliyyətim dövründə kimləri özümə düşmən hesab edirdim. Cavab verərdim: ancaq və ancaq Azərbaycanın müstəqilliyinə qəsd etmək istəyən könüllülər mənim qatı düşmənimdir. Мən heç vaxt siyasi partiyaların işinə qoşulmazdım. Mənim məqsədim milli ordu yaratmaq, milli qırğının qarşısını almaq idi”.

Göründüyü kimi, AXC bəy-xan hökuməti deyildi, xalq tərəfindən sevilirdi və davam etsə idi, psevdososialistlərin bizlərə ötürdüyü Azərbaycandan qat-qat yaxşı məmləkət qoyardı. 

M.Ə.Rəsulzadə 1954-cü ildə Türkiyədə çap etdirdiyi Stalin və Stalinizm haqqında seriya məqalələrin birində "Təfsirə möhtac olmayan bir fərq” adlı məqalə xüsusi diqqət tələb edir.

M.Ə.Rəsulzadə bu məqaləsində Sosialist ideologiyası əsasında təşəkkül tapan Sovet Rusiyası ilə azadlıq və müstəqillik prinsiplərinə sadiq qalan Finlandiya arasında bir təsvir verir. Rəsulzadə Məhəmməd Əli və Stalinlə Moskva səfəri zamanı qatar Rostovda dayanada Məhəmməd Əlinin təbii ehtiyacını ödəmək zərurəti yaranır. Rostovlulardan biri marksizmin banisi, bolşevik inqilabın ideoloji simvolu olan Marksın heykəlinin arxasına getməyi məsləhət bilir. Xarkovda da eyni mənzərə ilə qarşılaşırlar. Marksın büstünün əsasının yanları qırmızı ordu nəfərləri tərəfindən pislənmişdi. 

Rəsulzadə yazır ki, bu mənzərə bizə komunist inqilabi ünsürləri ilə ideologiyası arasındakı rabitəni izah edirdi. Finlandiya Sovetlərə qarşı istiqlal mübarizəsi aparmış, bu mübarizə sonucunda hürriyyətini proletariat diktaturasına qəbul etdirmişdi. Finlər istiqlal hərbində şəhid düşənlərə paytaxt Helsinkidə qardaş məzarlarına qranitdən abidə qoymuşdu. Və bu abidə daim ehtiramla yad edilir, minnətdar əllər bu abidələrə hər gün yeni saxsılar gətirirdi. 

M.Ə.Rəsulzadənin bu məqaləsində hansı nəticə hasil olur, ona baxaq. AXC höküməti istibdad altında əzilən bir xalqın istiqlal təmsilçisi idi. Insanlara hüriyyət, millətlərə istiqlal şüarı ilə qurulmuşdu. Bu şüar bütün insanlara  tərəfindən aydın qavranılan əməli tətbiq edilən Müsavat firqəsinin idoloji xətti idi. Bu gün Müsavat məfkurəsi və onun əsasında qurulan AXC o səbəbdən şükranla anılır ki, insanların azadlıq prinsipi əsasında fəaliyyət göstərdi, 100 il əvvəl heç vaxt dəbdən düşməyəcək yeniliklərə imza atdı.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.